Logo

Nizami Gəncəvinin ruhunu çağırtdırdı, atası onunla işləmək istəmədi...

19.01.2022 10:33 520 baxış
IMG

Tehsil.biz Kulis.az-a istinadən mərhum kino-rejissor Xalq artisti Eldar Quliyev haqqında maraqlı faktları təqdim edir.

Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildə "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. “Biri vardı, biri yoxdu…” adlı ilk qısametrajlı filmini çəkib. 1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib.

VQİK-də oxuyan zaman Eldar Quliyev o dövrün tələbə məzunlarından olan Andrey Tarkovski, Konçalovski, Mixalkovla ünsiyyətdə olur. Onların diplom tamaşalarında iştirak edir.

O vaxtlar Moskvada qalmaq az adama nəsib olurdu. Eldar Quliyevə orada qalıb işləmək təklif olunsa da, razılaşmır, Bakıya gəlir. Sonralar da ona bu təklif olunanda getmir. Onun imtinasına səbəb isə artıq ailə qurması və iki qızının doğulması olur. Eldar Quliyev düşünür ki, qızlarını Moskvada tərbiyə etmək onun üçün çətin olar. Həm də bir azərbaycanlı kimi o, Azərbaycanda yaşayıb yaratmağı, özünü Azərbaycana borclu hesab etdiyini düşünür.

Eldar Quliyev “Nizami” filminin çəkilişi zamanı baş verən mistik hadisə barədə maraqlı fikirlər də səsləndirib. Belə ki, 1982-ci ildə hazır olan filmdə əsas rolun kimin oynayacağını dəqiqləşdirməkdə rejissor Eldar Quliyev çətinlik çəkir. O, yaxın dostu olan müğənni Müslüm Maqomayevi diplomatik jest edərək filmə cəlb edir və onu birtəhər razı salır. Digər tərəfdən isə məşhur aktyor Hamlet Xanızadə də rol üçün sınaqlara dəvət edilir və bəyənilir. O zaman cavan olan rejissor kimi çəkəcəyini bilmir. Bu məqamda filmdə Qivami Mütərəzzi rolunda çıxış edən Xalq artisti Həsən Turabov ona qəribə bir təklif edir: “Biz tərəflərdə ruh çağıran var, bəlkə ondan kömək istəyək. Nizaminin öz ruhu desin ki, filmdə əsas rolda kim çıxış etsin”.

Rejissorun sözlərinə görə, həmin şəxs falçı, görücü olmayıb. Sözün həqiqi mənasında cəmiyyətin tanıdığı məşhur, ziyalı bir şəxs olub. Heç bir falçılıq işi ilə məşğul olmayıb, sadəcə olaraq ruhlarla dialoqa girirmiş. Eldar Quliyev həmin şəxsin dediyi vaxt gecə saat 10-da ora gedirlər. Heç məsələnin nə olduğunu da demirlər. Həmin gün ruh çağıran Nizami ilə danışıb və ondan filmə kimin çəkilməsini fotolar vasitəsilə soruşur. Nizami Gəncəvinin ruhu Müslüm Maqomayevi seçib. Bu Eldar Quliyevdə əminlik yaradıb. Elə sabahısı gün Müslüm Maqomayevlə qəti söhbət edərək, onu filmə çəkib.

1979-cu ildə Bədii Şura “Babək” filmi Həsən Seydibəylinin çəkəcəyini təsdiqləyir. Həsən Seyidbəyli aktyorlar arasında bölgülərə başladığı vaxt qəfildən naməlum səbəblərlə bağlı Həsən Seyidbəyli sənət həyatında ilk dəfə qadağa ilə üzləşir. “Babək” filminin çəkiliş hüququ ondan alınaraq, kinorejissor Eldar Quliyevə tapşırılır. Səbəb kimi çəkiliş ərəfəsində Həsən Seyidbəylinin səhhəti ilə bağlı xəstəxana şəraitində müalicə alması göstərilir. Guya müalicə müddəti uzandıqca sağalacağına gümanı azalan Seyidbəyli gözlənilmədən fikrini dəyişir və filmin quruluşçu rejissoru işindən könüllü olaraq imtina edir. Az sonra 1980-ci ilin yayında isə o dünyasını dəyişir.

Həsən Seyidbəyli ilə “Babək” filmində bəstəkar kimi işləməli olan Tofiq Quliyev isə oğlu ilə işləməkdən imtina edir, bildirir ki, dostu Həsən Seyidbəyliyə xəyanət edə bilməz. Eldar Quliyev bəstəkar Polad Bülbüloğlu ilə işləyir.

Eldar Quliyev bu haqda müsahibələrinin birində belə deyir:

“Xəstə olduğu üçün Həsən Seyidbəyli “Babək” filmini çəkməkdən imtina etdi. Rejissor kimi mənə müraciət olundu. Amma mən etiraz etdim, dedim ki, indiyə qədər tarixi film çəkməmişəm, bunu da çəkə bilmərəm. Təklif bir neçə dəfə təkrarlandı, yenə etirazımı bildirdim. “Azərbaycanfilm” kinostudiyasının o vaxtkı direktoru Cəmil Əlibəyov bir gün mənə dedi ki, vəziyyət pisdir, mən Mərkəzi Komitəyə qərarımı bildirməliyəm, film çəkilməlidir, sən də razılıq vermirsən. Bundan sonra mən filmi çəkməyə razılıq vermək məcburiyyətində qaldım. Həsən Seyidbəylininin topladığı aktyor heyəti, ümumilikdə bütün yaradıcı qrup yerində qaldı. Filmin bəstəkarı, atam Tofiq Quliyevdən başqa... Bir gün evdə oturmuşdum, atam zəng elədi və dedi ki, Eldar, incimə, mən filmdən imtina edirəm. Səbəbini də belə izah etdi ki, Həsən Seyidbəyli ilə uzun illərin dostuyuq, onu tapdalaya və bu filmdə iştirak edə bilmərəm. Mən insan kimi onu anladım və bəstəkar Polad Bülbüloğluyla işləməli oldum”.

Film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmır. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb.

Müslüm Maqomayevlə o qədər yaxın dost olublar ki, Müslüm hər il ad gününü məhz Eldar Quliyevlə keçirmək üçün Bakıya gəlib geri qayıdıb.

Bunlarla yanaşı “Bir cənub şəhərində”, "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib.

Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülmüşdür. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru olub.

Eldar Quliyev heç vaxt teatr səhnəsində tamaşa hazırlamayıb. Həsən Turabov onu nə qədər dəvət etsə də, işləmək istəsə də, qorxduğunu etiraf edərək teatra getməyib.

Ayna Sultanova Eldar Quliyevin ata tərəfdən nənəsinin doğma bacısı olub. Onun nənəsi Ali Məhkəmənin üzvü olub. Bu haqda xatirələrində rejissor deyirdi:

“Ayna Sultanova Ədliyyə Komissarı olanda nənəmə, yəni bacısına deyib ki, mən nazirəm, bir yerdə işləyə bilmərik, sən gərək burdan çıxasan. İki bacı bir sənətdə işləyə bilməz. Yəni vicdanlı idilər də! Düzdür, nənəm işindən oldu, amma məhz bu məsələ onu güllələnməkdən xilas elədi. Onu da deyim ki, nənəm Ayna Sultanovadan bu məsələyə görə incimişdi. Demişdi ki, burdan çıxıramsa, ümumiyyətlə, işləməyəcəyəm. Belə də oldu. İşdən çıxıb evdə oturdu, uşaqları ilə məşğul oldu. Mənim Ayna Sultanovanın oğlu Volodya ilə çox yaxşı münasibətim var idi.

Eldar Quliyev haqqında heç vaxt kitab yazılmayıb. Bu barədə hətta Moskvadan da ona təklif gəlsə də, razılaşmayıb. Bu barədə ona sual verəndə deyib ki, məni tanımaq istəyən hər kəs filmlərimə baxsın.

Atası Tofiq Quliyev onun filmləri haqqında heç vaxt heç nə deməyib. Nə Eldar Quliyevin özünə, nə də başqalarına.

Eldar Quliyev atası haqqında danışanda onun yalnız adını çəkir, Tofiq deyə müraciət edir. Özünün dediyinə görə məktəbdə oxuyanda atası Moskvada oxuyur, həm də işləyir. Eldar Quliyevi nənəsi saxlayır. Atası Bakıya qayıdıb ev alanda isə Eldar Moskvaya oxumağa gedir. Onların yolu öz təbirincə desək, bir gəlmir. Eldar Quliyev atasını da anasını da adı ilə çağırır, nənəsinə isə ana deyir.

Eldar Quliyevin nənəsi dindar olduğundan beş, altı yaşından onu özü ilə yaşadıqları evin yaxınlığında yerləşən Təzə Pir məscidinə aparır. Eldar Quliyev sonralar xarirələrində deyir ki, Məsciddə şaxsey-vaxsey olanda nənəm məni ora aparırdı. İndiyə qədər yadımdadır ki, beş yaşımda Təzə Pirin həyətində sinə vurmuşam. Təzə Pirin həyəti o vaxt indiki kimi deyildi. Orda futbol oynayırdıq. Məsciddə gündə beş dəfə azan oxunanda evimizdə eşidərdik. Ona görə də Allaha həmişə inanan adam olmuşam. Nə vaxtsa Məkkəni və Yerusəlimi ziyarət etmək niyyətində olub.

Eldar Quliyev 18 yanvar 2021-ci ildə infarkt keçirib. Bir müddət müalicə alıb. Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib.

Xəbər lenti