Logo

Bu mövzu magistratura imtahanından çıxarıldı

11.12.2020 12:36 1630 baxış
IMG

Microsoft şirkəti 22 oktyabr 2009-cu ildə istifadəyə verdiyi Windows 7 əməliyyat sistemi üçün onillik məhsul dəstəyi göstərmək öhdəliyi götürmüşdü. Onillik dövr başa çatmışdır və beləliklə də, şirkət yeni təcrübə və texnologiyaların təminatına fokuslanmaq üçün Windows 7-nin dəstəklənməsini dayandırmışdır. Microsoft şirkəti 14 yanvar 2020-ci il tarixindən rəsmi olaraq Windows 7 əməliyyat sistemi üçün dəstəyin dayandırıldığını elan etmişdir. Həmin tarixdən sonra kompüterlərdə Windows 7 əməliyyat sistemi işləsə də, proqram təminatı və təhlükəsizlik təminatında yeniləmələr olmadığı üçün bu, virus və zərərli proqramlarla yoluxma riski yaratmaqdadır. Bu isə o deməkdir ki, köhnə proqram təminatı ilə işləyən kompüterlər viruslara qarşı həssas olacaq.

 

 

Bu səbəbdən də Microsoft şirkəti Windows 10 əməliyyat sisteminə keçməyi qətiyyətlə tövsiyə edir. Maraqlısı ondadır ki, bununla yanaşı, şirkət istifadəçilərə öz kompüterlərini yeniləməyi, Windows 10-un bütün üstünlüklərini yeni cihazlarda sınamağı da məsləhət görür.

 

 

Microsoftun tövsiyəsinə görə, proqram təminatını və təhlükəsizlik sistemini yeniləmədən viruslardan və zərərli proqramlardan qorunmaq çətin olduğu üçün ən düzgün yol məhz Windows 10‑a keçməkdir.

 

 

Tehsil.biz-in məlumatına görə bu tövsiyəni və yaranmış reallığı nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə informatika üzrə qəbul imtahanı proqramında dəyişiklik edərək Windows 10 əməliyyat sisteminə keçid etməyi qərara almışdır.

 

Hələlik dəyişiklik yalnız əməliyyat sistemini əhatə edir. Növbəti illərdə qəbul proqramının digər hissələrinin və ofis paketinin də yenilənməsi nəzərdə tutulur.

 

 

Dövlət İmtahan Mərkəzi proqramda olunmuş dəyişiklikləri nəzərə alaraq, yaxın vaxtlarda magistraturaya və işə qəbul imtahanlarına hazırlaşanlara elmi-metodiki kömək göstərmək məqsədilə hazırlanmış “İnformatika” vəsaitinin yenilənmiş nəşrini istifadəçilərə təqdim edəcək. Magistraturaya informatika üzrə yenilənmiş qəbul proqramı 2021-ci ilin əvvəllərində “Magistr” jurnalının 1-ci sayında bakalavrlara təqdim olunacaq.

Xəbər lenti