Logo

BMU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

19.01.2022 19:13 100 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, öncə BMU-nun rektoru, professor Havar Məmmədov və tədbir iştirakçıları şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərgiyə baxıblar.

Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra 20 Yanvar faciəsinin xronikasını özündə əks etdirən videoçarx nümayiş olunub.

Anım tədbirində çıxış edən rektor Havar Məmmədov Ümumxalq Hüzn Günü kimi qeyd olunan 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik tarixində əhəmiyyətli rol oynadığını vurğulayıb. Rektor bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə törədilən dəhşətli cinayət, günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib. Xalqımızın öz yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya göstərdiyini deyən Havar Məmmədov qeyd edib ki, xalqımızın qan yaddaşına dəhşətli faciə kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda, qəhrəmanlıq tariximizin şanlı səhifələrindəndir.

Bu hadisəyə əsl siyasi-hüquqi qiymətin məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayan rektor Ulu Öndərin faciədən dərhal sonra yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, sovet qoşunlarının Bakıda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədiyini, sovet hakimiyyətinin qanlı siyasətini ifşa edərək törədilən faciəyə görə məsuliyyəti bilavasitə SSRİ rəhbərliyinin daşıdığını bildirib.

Artıq ikinci ildir 20 Yanvar faciəsinin növbəti ildönümünü qalib xalq kimi yeni reallıqda qeyd etdiyimizi söyləyən Havar Məmmədov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində imza atdığı tarixi qələbənin bütün şəhidlərimizin ruhunu şad etdiyini deyib.

Millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov çıxışında 20 Yanvar faciəsini şərtləndirən əsas amillərə toxunaraq, bu sırada xüsusilə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını və SSRİ rəhbərliyinin ermənipərəst siyasətini önə çəkib. O, 1988-ci ilin fevral ayından başlayaraq, 200 mindən artıq soydaşımızın Ermənistandan zor və işgəncə altında qovulması, Azərbaycan sərhədlərinin atəşə tutulması nəticəsində 32 nəfər azərbaycanlının öldürülməsi, 166 nəfərin yaralanması kimi tarixi faktları sadalayıb. Millət vəkili bildirib ki, həmin dövrdə Kreml Ermənistanın qeyri-qanuni və antibəşəri hərəkətlərinə hüquqi qiymət verib, günahkarları cəzalandırmaq əvəzinə, cinayətkarın şirnikləndirilməsi siyasətinə üstünlük verdi. Bu siyasətin və onun nəticələrinin Azərbaycanda ermənipərəst SSRİ rəhbərliyi əleyhinə etimadsızlıq mühiti və ümumxalq etirazı dalğasının formalaşmasını təmin etdiyini deyən E.Nəsirovun sözlərinə görə, o vaxtkı Azərbaycan rəhbərliyi və müxalifəti həmin tarixi şəraitdə ümummilli maraqları şəxsi maraqların fövqünə qoymaq bacarığı nümayiş etdirə bilsəydi, antimilli və təxribatçı addımlar atmasaydı, rəsmi Moskvanın Azərbaycan xalqına qarşı qanlı ssenariləri həyata keçirmək imkanı minimuma enə bilərdi.

Həmin dövrdəki prosesləri ardıcıllıqla vurğulayan E.Nəsirov SSRİ rəhbərliyinin törətdiyi 20 Yanvar faciəsində dünyanın digər fövqəldövləti olan ABŞ-ın üzərinə düşən məsuliyyətlə, eyni zamanda bu bəşəri cinayətə ölkədaxili və beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb.

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdığını fikirlərinə əlavə edən millət vəkili bu bəşəri cinayətə hələ də beynəlxalq aləmdə lazımi siyasi-hüquqi qiymət verilməməsinin, həmçinin faciənin günahkarlarının hələ də beynəlxalq məhkəmə qarşısında mühakimə olunmamasının, layiqli cəzalarını almamasının təəssüf doğurduğunu qeyd edib.

E.Nəsirov 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımları da nəzərə çatdırıb.

Sonda çıxış edən Riyaziyyat və informatika kafedrasının müdiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Hümbət Əliyev 20 Yanvar hadisələri ilə bağlı məqamlara, tarixi faktlara toxunub və Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.

Xəbər lenti