Logo

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifələrindən biridir

20.01.2022 09:38 539 baxış
IMG

Bu gün 20 Yanvar hadisələrinin 32-ci ildönümüdür. 20 Yanvar xalqımızın hüzn günü olmaqla yanaşı, şərəf günü, qəhrəmanlıq tarixinin növbəti səhifəsidir. 20 Yanvar faciəsindən sonra xalqımız milli birlik nümayiş etdirildi, müstəqil dövlətimiz uğrunda mübarizə gücləndi və nəticədə dövlət müstəqilliyi bərpa edildi.

Tarix bizə Azərbaycan xalqının qəhrəmanlığı barədə minlərlə faktlar verir və nəticələri barədə sübutlar göstərir. Bu sübutlar işğalçılara qarşı xalqın iradəsinə, ideologiyasına, ictimai inkişafın qanunauyğunluqlarına əsaslanır. Yadelli işğalına baş əyməyərək müstəqil dövlət qurmaq uğrunda mübarizəmiz hər zaman uğurla nəticələnib. İşğal, etnik təmizləmə və soyqırıma qarşı Azərbaycan xalqının 200 illik mübarizəsi cəsarətlə, qürurla aparılmışdır. Mübarizənin əsas gücü - genetik yaddaş - tarixi yaddaşdır. Biz XX əsrin sonunda baş verən hadisələrə nəzər saldıqda məhz həmin genetik yaddaşın nə qədər təsirli yer tutduğunu görürük. XX əsrin sonunda isə fərqli bir vəziyyətlə üzləşmişdik: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz, qərəzli münasibəti. İmperiyanın belə münasibətinin tarixi və sosial-siyasi kökləri var idi. Azərbaycan Qafqazda yeganə türk-müsəlman dövləti idi. Azərbaycanlılara qarşı soyqırım, deportasiya, Azərbaycan ərazisinin zorla qoparılıb Ermənistana verilməsi siyasətinin əsası da bunlarla bağlı idi. Xalq ermənilərin ərazi iddiaları ilə əlaqədar öz torpağına, namusuna sahib çıxırdı və müstəqilliyi uğrunda mübarizəyə qalxmışdı. SSRİ rəhbərliyi sistemin dağılmasının qarşısını almaq üçün müttəfiq respublikalarda tətbiq edilən cəza tədbirlərini burada da tətbiq etməyə qərar verir. Lakin bu qərar azərbaycanlıların bu dəfəki mübarizəsinin qarşısını ala bilmədi. Tək qaldığımız, çarəsiz olduğumuz həmin illərdə belə milli birliyimizi qoruduq.

Həmin dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, Ermənistanda və Azərbaycanda baş verən hadisələrin xarici mətbuatda obyektiv əks olunmasına ciddi maneələr var idi. Bu səbəbdən də, baş verənlər barədə dünyada ictimai fikri həqiqətlər deyil, ermənilərin təqdim etdiyi məlumatlar formalaşdırırdı. Faciə baş verən gecə qırğına etiraz edən Bakı buxtasındakı “Sabit Orucov” gəmisi “SOS!” siqnalı ilə bütün dünyaya faciə barədə ilk məlumat verir. Lakin Azərbaycanda baş verənlər haqqında dünya mediasına ilk ciddi və təfərrüatlı məlumat yanvarın 21-də verildi və dünya dövlətləri qırğından xəbər tutdu. Həmin gün görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək orada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış edir, faciənin SSRİ və Azərbaycan rəhbərlərinin səhv qərarı, günahı üzündən baş verdiyini açıq bildirir. Çətin şəraitdə yaşamasına baxmayaraq, bu cəsarətli addımı ilə xalqla birlikdə olduğunu göstərir, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Ulu öndərin 20 Yanvar faciəsi ilə əlaqədar bu çıxışın böyük tarixi əhəmiyyəti oldu.

Bu çıxışdan sonra - yanvarın 22-də Azərbaycan SSR Ali Soveti faciə ilə bağlı deputat komissiyasının yaradılması barədə qərar qəbul etmiş, Bakıda və bütün Azərbaycanda dinc əhaliyə qarşı görünməmiş cinayət törədilməsi ilə əlaqədar SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, Sovet İttifaqının xalqlarına, dünyanın bütün dövlətlərinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına müraciət qəbul etmişdir. Lakin bu komissiya öz işini yarımçıq dayandırmışdır.

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin sayəsində 1994-cü il mart ayının 29-da verilmiş, Milli məclisdə "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edilmişdir. Qərarda faciənin ciyanətkarları göstərilmişdir. Bu cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı cinayət kimi qiymətləndirilmişdir.

Bununla bərabər, Azərbaycanın istiqlalı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün 1998-ci il martın 31-də “20 Yanvar şəhidi” fəxri adı təsis edilmiş, həmin il oktyabrın 9-da Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə kompleksinin, 2010-cu il yanvarın 2-də 20 yanvar dairəsində "20 Yanvar abidə-kompleksi"nin açılışı olmuşdur.

İllər keçir və biz 20 Yanvar faciəsinə fərqli yanaşmağa başlayırıq. Tarix göstərdi ki, Bakıya Sovet qoşunlarının yeridilməsi təmamilə fərqli nəticələndi. Belə ki, bu hərbi əməliyyat xalqın milli azadlıq hərəkatını boğmaq məqsədi daşısa da, tariximizin növbəti qəhrəmanlıq məktəbi oldu. Xalqın şüurunda birmənalı olaraq müstəqillik fikrini möhkəmləndirdi. Ermənilərin ərazi iddialarına və SSRİ-nin mərkəzi hakimiyyətinin qərəzli mövqeyinə etiraz olaraq başlayan milli mübarizə hərəkatı müstəqilliyimizin bərpasına, həmin imperiyanın isə çökməsinə təkan verdi.

Xalqın azadlıq mübarizəsi güclü dövlətin qurulması prosesini sürətləndirdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın ərazi bütövlüyünün qorunması, Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi uğrunda ciddi mübarizə başlayır. Soyqırımı, etnik təmizləmə, terrora qarşı aparılan mübarizə 2020-ci ilin payızında zəfərlə başa çatır. 44 günlük Vətən müharibəsi Azərbaycan Milli Ordusu və onun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etməsi məhz Ulu öndər Heydər Əliyevin Qarabağ siyasətinin məntiqi davamı və nəticəsi idi.

Gələcək bütün nəsillərimizin şəhidlərin ruhu qarşısında borcu vardır. Bu borc hər birimizdən - böyükdən kiçiyə hər bir azərbaycanlıdan Azərbaycan Respublikasının müstəqilliyini qorumağı və onu inkişaf etdirməyi tələb edir. Bu 30 ildə biz əmin olduq ki, müstəqilliyi qazanmaq da, qorumaq da asan deyil. Və biz torpağımıza, dövlətimizə sahib çıxmalıyıq. Bunu bizdən müstəqil dövlətimizin uğrunda mübarizə aparan milli şüurumuz, tarixi köklərimiz və bu yolda canlarından keçən şəhidlərimiz tələb edir.

Bu gün bir daha Azərbaycanın azadlığı uğrunda mübarizə aparan, canından keçən hər bir kəsi hörmətlə yad edirik. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin!

Səidə Quliyeva,

BDU-nun Tarix fakültəsinin dosenti

Xəbər lenti