20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun və Sankt-Peterburq üzrə Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin (AMMM) təşkilatçılığı ilə sərgi açılıb.
Tehsil.biz xəbər verir ki, tədbirdə diasporun üzvləri, Sankt-Peterburq hökumətinin rəsmiləri, buradakı orta və ali təhsil müəssisələrində oxuyan azərbaycanlı və rusiyalı tələbələr, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları, baş konsulluğun diplomatları iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə baş konsul Sultan Qasımov, AMMM-in sədri Vaqif Məmişov və digərlərin çıxış ediblər. Baş konsul Sultan Qasımov çıxışında qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın müasir tarixinə ən böyük faciələrdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi kimi daxil olub. 20 Yanvar hadisələri miqyası, xarakteri və mahiyyəti etibarilə görünməmiş cinayət idi. Azərbaycanın ümummilli lideri Heydər Əliyev həmin günlər Moskvada idi. Faciədən bir gün sonra Ulu Öndər ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sərt bəyanatla çıxış edib, hadisələrə siyasi qiymət verilməsini tələb edib. Məhz Heydər Əliyev xalqına sədaqət, mərdlik və mətanət nümayiş etdirərək bu dəhşətli faciə barədə həqiqətləri bütün dünyaya yayıb.
“İndi Azərbaycan Respublikası suveren, müstəqil dövlətdir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq”, - deyə S.Qasımov vurğulayıb.
Sona ehsan süfrəsi açılıb. (AZƏRTAC)