Logo

Şəhid şairin bacısı: “Müəllimlər ona “barmaq oğrusu” deyirdi” - Müsahibə

21.01.2022 09:20 745 baxış
IMG

Kulis.az şəhid şair Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə ilə müsahibəni təqdim edir.

- Könül xanım, evdə neçə uşaq olmusunuz?

- Evdə 3 uşaq olmuşuq – iki qardaş və mən. Ülvi evin böyüyüdür, mən kiçiyi.

- Aranızda neçə yaş fərq olub?

- Ülvi məndən 5 yaş böyükdür.

- Qardaş-bacı kimi münasibətiniz necə olub?

- Ümumiyyətlə, ailədə hər uşaqdan, xüsusilə Ülvidən atdığı hər addımı, etdiyi hər əməli düşünərək etməyi tələb edər, ondan məhz yetkin bir şəxsin hərəkətini və mülahizəsini gözləyərdilər. Bizim evin prinsipinə görə, böyük uşaq tərbiyə olunmalı, kiçiklər ondan nümunə götürməli idi. Elə də olurdu, Ülviyə nümunə kimi baxırdıq. Onun kiçik bacı-qardaşına münasibətində də bu özünü göstərirdi. Çalışırdı hər işimizdən, fikrimizdən xəbərdar olsun, problemlərimizi həll eləsin, öz fikrini bildirsin. Sonralar bu obraz məndə çox böyüdü və mən orta məktəbin səkkizinci sinfində oxuyanda “Mənim idealım” adlı inşa yazanda Lermontovun Peçorinini və Ülvini təhlil eləmişdim. Hətta, müəllim təəccüblənmişdi və Ülvini tanımaq istədiyini demişdi. Sonra həmin inşanı məktubla Ülviyə göndərmişdim. O vaxt Ülvi əsgəri xidmətdə idi və biz gedib poçtdan ona zəng vurardıq. Ailəmizdə hamı növbə ilə danışırdı. Növbə mənə çatanda həmin inşanı müzakirə eləməyə başladıq. Ülvi hansı insanların ideal ola biləcəyini mənə ətraflı izah elədi, yanlış məqamlarımı dedi. Az qala hər cümləmi təhlil elədik o telefonda, o qısa vaxtda.

- Ülvi evdə necə uşaq idi? Şıltaq, nadinc yoxsa...

- Bizim evdə hamı sakit olub. Bəzən bizə kimsə gələndə evdəki sakitliyə təəccüblənib soruşardı ki, bəs uşaqlar hanı? Biləndə ki, evdəyik, daha çox təəccüblənirdilər. Ən sevimli məşğuliyyətimiz ya xəyallarımızı, planlarımızı paylaşmaq, ya da musiqi alətlərində nə isə ifa etmək olurdu. Həmin anlar bütün həyətimizdə şənlik qurulurdu, ətrafda hər kəs qoşulurdu. Qonşu uşaqlarla oynamağa yalnız mən və ortancıl qardaşım Şövqi çıxardıq. Ülvi qətiyyən çıxmazdı, qonşular onun üzünü ancaq dərsdən gələndə görərdilər.

Gallery

- Onun şeir yazmağını nə vaxt bildiniz?

- Mən özümü anlayandan onu şeir yazan görmüşəm. Sonralar bildim ki, 5-6 yaşından yazırmış. Bizim evdə hər şey ortaq olurdu, gizli heç nə qalmırdı. Ülvi yazdığı şeirləri də tez-tez atamla müzakirə edirdi, hamımız da maraqla dinləyərdik. Otağının qapısını bərk-bərk bağlayıb heç kimi qoymayanda bilirdik ki, şeir yazır. Birinci anama oxuyardı, o da bəh-bəhlə dinləyəndən sonra axşam atama oxuyardı. Ancaq sonrakı şeirlərindən belə başa düşdüm ki, heç də hər şeyi bizə oxumurmuş, anasını narahat edə biləcək, yaxud valideynlər tərəfindən həyəcanla qarşılana biləcək şeirlər sonradan ortaya çıxdı - o Bakıya, ali məktəbə qəbul olub gedəndən sonra. Onu da deyim ki, Ülvi Bakıya gedəndən sonra ortaya çıxan qalın dəftərlər, qalaq-qalaq vərəqlər evdə hamını heyrətə salmışdı. Hətta anam zarafat eləmişdi ki, mən də elə bilirəm, uşaq otağa girib dərs oxuyur. Atam da onlara toxunmamağı, toplayıb saxlamağı tapşırdı. Anam elə də elədi.

- Qardaşınızın hansı şeirlərini əzbər bilirsiniz?

- Mənim şeir əzbərləmək qabiliyyətim yoxdur, ancaq yeri gələndə misralar, hətta bütöv bəndlər yadıma düşür. “Mən qorxmuram uzaq yola çıxmaqdan”, “Atama oğul deyiləm”, “Daş altında bitən çiçək” ən çox yadıma düşən şeirlərdi. Sonralar mən Ülvinin şeirlərini təhlil edərək “Gəncliyin fəlsəfəsi”ni yazdım və nəticədə demək olar ki, bütün yaradıcılığı hopdu beynimə. Oradan Ülvinin cəsarətinin mənbəyi də, sevgisinin ülviliyi də, axtarışlarının dərinliyi də, hamısı məlum oldu. Ülvinin şeirlərindən yola çıxıb başqa gənc şairləri, gənc yaşda tarixdə öz izini qoya bilmiş şəxsiyyətlərin həyatını və yaradıcılığını araşdırdım, ən son keçən il tədqiqatlarımı “Ülvi gəncliyin sirləri” adlı kitabda toplayıb, nəşr elətdirdim, oldu Ülvinin 50 illiyik yubileyinə hədiyyəm. Demək istəyirəm ki, bu şeirlər sadəcə əzbər öyrənmək, pafosla söyləmək üçün deyil, onları dərk eləmək lazımdır.

Maraqlı bir hadisəni də danışım. Biz “Azərbaycan” jurnalına 1978-ci ildən abunə idik və onları toplayırdıq. Bəzi əsərləri ilk oradan oxuyurduq. Sonralar həmin jurnalları saf-çürük edəndə birinin arxa səhifəsində Ülvinin belə bir şeirinə rast gəldim. Heç bir kitabında çap olunmasa da, bu il Türkiyədə nəşr olunan kitabına verdim.

​​​​​

Gallery

Ürəyim dərdlidir, halım pərişan
Dayanmır gözümün yaşı bu axşam
Pəncərəm önündə titrəyən ay şam,
De, məni anırmı heç o vəfasız.

Yol çəkir gözlərim, – kimi gözləyir?!
Yolları qaranlıq gecə gizləyir,
Bu dərdə, sitəmə ürək dözməyir,
O yoxdu! O gedib! Qalmışam yalqız,
De, məni anırmı, heç o vəfasız.

İndi özgəsinin sığal yeridi,
Mənim oxşadığım o qulac saçlar
İndi özgəsinin öpüş yeridi,
Sevdiyim o gözlər, o çatma qaşlar.

Pəncərəm önündə titrəyən ay şam,
Keçmiş günahlartək, keçmiş səhvlərtək,
De, məni anırmı heç o vəfasız.
Yadına salırmı heç o vəfasız.

...Yox, yox, yox! Aldatma mənim sevgimi,
Daha xatırlamaz bir də o məni.
O məni sevmədi...
Sevsin özgəni –
Bilim ki, sevdiyim sevmək bacarır.

- Ən çox hansı şairləri sevirdi?

- Bizim evimizdə böyük kitabxanamız var idi və dünya ədəbiyyatının bütün şedevrləri toplanmışdı orda. Hansı müəllifi oxuyurdusa, onun şəklini çəkib otağında divardan asırdı. O divarda Lev Tolstoy, Dostoyevski, Bayron, Lermontov, Puşkin, Səməd Vurğun, Nizami, Füzuli, Sabir, Çingiz Aytmatov var idi. Hamısı yadımda qalmayıb. Orta məktəbdə idealı Etel Lilian Voyniçin Ovodu olsa da, konkret bir şairə aludə olub, yalnız onun yaradıcılığı ilə kifayətlənmirdi. Millətini sevən, millətinin dəyərlərini çatdıran hər şair əziziydi, maraqlıydı ona. Ümumiyyətlə oxuduğu kitabları sonra təhlil edirdi, əsas ideyasını açırdı və bizdə də maraq yaranırdı, oxuyurduq. O vaxt Ovodun cəsarətini necə rəğbətlə, şövqlə təsvir etmişdisə, yaşımdan çox böyük olsa da, əsəri həmən oxumuşdum. Eləcə də digər müəlliflər.

- Ədəbi mühitdə dostları kimlər idi?

- Ülvi hələ orta məktəbdə oxuyanda atam onu yaşadığımız Daşkəsən rayonunda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinə aparmışdı və onu üzvlüyə qəbul eləmişdilər. Həmin məclisdə şeirlərini oxuyurdu, yerli “Daşkəsən” qəzetində çap edilirdi. Daha sonra Xarici Dillər İnstitutunda oxuyanda şeirlərini institutun “Bilik” qəzetində nəşr etdirməyə başladı. Sonra hərbi xidmətə yollandı. Orada Azərbaycan həqiqətlərini çatdırmaq üçün “Xətai” cəmiyyəti yaratdı, oradan tələbə dostlarına məktublar yazdı, şeirlərini, məqalələrini, düşüncələrini yolladı. Hərbi xidmətdən qayıdanda artıq ölkədə mitinqlər başlamışdı və bütün düşüncə sahiblərinin fəaliyyəti o tərəfə yönəlmişdi. Ülvi də o cümlədən. Demək istədiyim budur ki, Ülvi olduğu hər yerdə öz mühitini yarada bilirdi. Öz şeirləri, fikirləri ilə kiçik bir cəmiyyət formalaşdırırdı və onun düz mərkəzində olurdu. İllər sonra mən onun o vaxtlar oturub-durduğu şəxsləri tanıyıram. Bəziləri cəmiyyətdə özünü tapıb, sabit bir şəxsiyyət kimi formalaşa bilib, sabit və sağlam əqidəli şəxslərdir, bəziləri isə, hələ də axtarışdadır.

- Ailəniz onun şeir yazmağına necə baxırdı?

- Mənim atam da şair təbiətli insan idi, şeir yazırdı, anamın gözəl musiqi duyumu var, xalı ustasıdır. Yəni yaradıcılığın nə olduğunu bizim evdə bilib, dəyərləndiriblər həmişə. Ülvinin də şeir yazması yalnız alqışlanıb, düzgün istiqamətdə inkişaf etməsi üçün müzakirələr edilib, yollar göstərilib, başqa şairlərin yaradıcılığından nümunələr gətirməklə yeni ədəbi üslublara həvəsləndirilib. Yəni nəinki mane olmurdular, əksinə, onun şairlik istedadını cilalayırdılar. Uşaqların ən böyüyü olduğuna və ona heç vaxt körpə kimi baxmadıqlarına görə, Ülvinin yazdığı ən kiçik şeir də, misra da ailədə həmişə ciddi qarşılanar, ciddi təhlil edilirdi.

Gallery

- Ülvi həm də musiqi təhsili almışdı. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacarırdı...

- Mənim hər iki qardaşım musiqi təhsili alıb. Gördüyü hər ifanı birdəfəyə, qüsursuz çaldığına görə müəllimi Ülviyə “barmaq oğrusu” deyirdi. Evimizdə tar, qarmon, piano, saz varıydı. Axşamlar kiçik konsertlər təşkil edərdik, bəzən pəncərəmiz açıq olanda qonşular da tamaşaçılarımız olardılar. Ülvi qədim, unudulmaqda olan xalq mahnılarına xüsusi maraq göstərirdi və bu işdə anam ona çox kömək edirdi. O, astadan zümzümə edər, Ülvi də qarmonda öyrənərdi. Məsələn, “Yaylığı” mahnısını o vaxt tanımışam. Sonralar eyni detalları, anamın zümzümə eləməsi, xalı toxuması Ülvinin şeirlərində, hekayələrində əks olundu və onları oxuyanda həmin tanış mənzərə təkrar canlanır gözümün qabağında. Ülvinin şeirlərini oxuyanda daxili musiqi hiss olunur. Həm də bu, doğma, milli musiqidir. Gah coşub daşan, qəhrəman ruhlu, gah da həzin, sevgi dolu. Qardaşlarımdan fərqli olaraq mən rus dilində təhsil alırdım və evdəki mühit elə idi ki, mən milli ruhdan bir an olsun aralı düşmədim.

- Sazda hansı havaları ifa edə bilirdi?

- Elə hava yoxuydu ki, ifa edə bilməsin. İlk dəfə eşitsə də, həmən çala bilirdi. Daha çox “Dilqəmi”ni, “Orta sarıtel”i, “Yanıq Kərəmi”ni, “Göyçə gülü”nü çalardı. Öz otağından hansı hisslərlə, duyğularla çıxardısa, ona uyğun da musiqi seçib ifa edərdi. Bəzən bir-iki not vurub soruşardı, hansı hava gəlir? Həmin havaların tarixi, ifaçıları haqqında söhbətlər olurdu. Yəni sadəcə ifa olunmurdu o hava, həm də yaşanırdı.

- Xarici Dillər İnstitutunda oxuyurdu. Ərəb, fars, latın, ingilis, rus dillərini bilirdi. Dillərə marağı hardan idi?

- Ülvinin dillərə marağı həmişə olub. Düşünürəm ki, bu, evimizdəki kitabxana ilə bağlıdır. O vaxtlar 100 cildlik “Dünya ədəbiyyatı kitabxanası” və “Dünya uşaq ədəbiyyatı” seriyaları çap olunurdu və biz onlara abunə idik. Təsəvvür edin, dağın başında Daşkəsən şəhərinə dünya ədəbiyyatının yenicə tərcümə edilmiş seçilmiş şedevr əsərləri gəlirdi. Bir dəfə Firdovsinin “Şahnamə”sini müzakirə edirdik, o vaxt kitabı təzəcə almışdıq. Atam həvəslə danışırdı ki, deyilənə görə, əsərin orijinal dilində döyüş səhnələri elə təsvir edilib, elə samitlərdən istifadə edilib ki, ucadan oxuyanda qılıncların səsini duymaq olur. O vaxt bu məlumat hamımızı heyran qoymuşdu. Təbii ki, bədii ədəbiyyatı da orijinaldan oxumaq həvəsi yaradırdı. Ülvinin mütaliəsi məktəb çərçivəsini çox aşmışdı, həm yaşından çox böyük əsərləri oxuyub təhlil edir, həm də həmin əsərlərin yazıldığı dilə maraq göstərirdi. Elə oxuduqlarından da ilhamlanaraq ingilis və rus dillərində olan dünya ədəbiyyatından bəzi nümunələri tərcümə edirdi. Sonralar öyrəndiyi dillərin sayını daha da artırdı.

Gallery

- Sizinlə sirlərini bölüşürdü?

- Ülvinin bir sirr yoldaşı var idi – anam. Mən ondan 5 yaş kiçik idim və sirlərini bölüşəcək biri deyildim. Əksinə, mən ona nə isə danışır, ondan məsləhət alardım. Fərqi yoxdu, harada olur-olsun, ya məktubla, ya telefonla, ya şəxsən, mütləq ona bütün beynimdəkiləri söyləməli idim, ürəyimi ona boşaltmalı idim. O da dinləyib, bir aydınlıq gətirərdi. Bildiyiniz nümunəvi böyük qardaş.

- Ülvi Bünyadzadə 20 Yanvar hadisələrində şəhid oldu. O günləri necə xatırlayırsızınız?

- Hamı necə, mən də elə. Qap-qara günlər idi. Bir də qaranlıqda qırmızı qərənfillər var idi. Bundan başqa heç nə.

- Özü də imtahan günü şəhid düşür...

- Ülvi uşaqlıqdan məsuliyyətə öyrənmişdi. Həmişə deyirdi, mənə oxumağa, yazmağa bir künc verin, başqa heç nə istəmirəm. Mitinqlərin ön sıralarında durmasına, ən aktivlərdən olmasına baxmayaraq, Ülvi dərslərini də oxuyurdu və həmin semestr imtahanlarını vaxtından əvvəl vermək istəyirdi. İmtahanlarını verməliydi, bu daxili bir məsuliyyət idi və verdi.

Gallery

- Şəhid olma xəbərini sizə kim çatdırdı?

- Əmim atama demişdi yaralıdır. Biz Bakıya o adla gəldik. Burada isə demək lazım gəlmədi, hər şeyi özümüz gördük.

- Son görüşünüz yadınızdadır?

- Həmin hadisələrdən 4 ay qabaq babam rəhmətə getmişdi, Gəncədə. Ülvi Bakıdan ora gəlmişdi, mən də ordaydım.

- Ülvinin son illər yaşadığı küçəyə "Ülvi Bünyadzadə küçəsi" adı verilib. O küçəyə tez-tez gedirsiz?

- Ancaq işim olanda. Xüsusi getmirəm.

- Məzarını tez-tez ziyarət edirsiz?

- Xeyr, mən maddi formaya əhəmiyyət verən deyiləm. Mənə lazım olan ürəyimdə, beynimdə, yaddaşımdadırsa, memorial lövhə, quru mərmər mənim üçün soyuq daşdı sadəcə.

Xəbər lenti