Logo

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 125 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

21.01.2022 10:44 646 baxış
IMG

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, Əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin 125 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda professor-müəllim heyəti, həkim-müdavimlər və rezidentlər iştirak edib.

Konfransda institutun rektoru, professor Nazim Qasımov qeyd edib ki, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Əliyev Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhər səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən bilik və bacarığını, istedad və enerjisini səhiyyənin güclənməsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə və elmin inkişafına yönəldib. Rektor onun 1959-cu ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etdiyini və ömrünün sonuna qədər həmin vəzifədə işlədiyini bildirib. Qeyd olunub ki, onun rəhbərliyi dövründə yeni-yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadrların hazırlığı yaxşılaşdırılıb, kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanıb, tibb sahəsində yüksək kateqoriyalı alimlər yetişdirilib. Tibb müəssisələrində çalışan həkimlər ixtisasartırma kurslarına cəlb olunub, həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin edilib. Təhsil müəssisələri respublikamızda əhəmiyyətli bir elmi-tibbi mərkəzə çevrilib.

Professorun elmi fəaliyyətindən bəhs edən rektor bildirib ki, Əziz Əliyevin 87 elmi əsərinin 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə həsr olunub. O, bu sahədəki fəaliyyətinə görə SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülüb. 1962-ci il sentyabrın 27-dən institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Məmmədkərim oğlu Əliyevin adı verilib. Onun əsasını qoyduğu ənənələr bu gün də davam etdirilir. İnstitutda elmi-pedaqoji və müalicə ilə məşğul olan kadrların yetişdirilməsi daim diqqət mərkəzindədir və bu sahədə uğurlar ilbəil artır.

Konfrans institutun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasından Cavid Əhmədbəyli, Nevrologiya və klinik neyrofiziologiya kafedrasından Aygün Quliyeva, Terapiya kafedrasından Sevil İsmayılova və Aygün Əliyeva, Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasından Fəridə Ələsgərova, Nevrologiya və klinik neyrofiziologiya kafedrasından Fatimə Əliyeva, Pediatriya kafedrasından Vəfa Nəcəfova, Ümumi və plastik cərrahiyyə kafedrasından İsmayıl Əsgərov təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış ediblər və mövzular ətrafında diskussiyalar aparılıb.

Xəbər lenti