Bakı Dövlət Universitetində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının 3-cü həftəsi uğurla davam edir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin IV kurs tələbəsi Raul Əskərov: “Fikrimcə, bu il məşğələlərin və imtahanlarin ənənəvi şəkildə təşkil edilməsi olduqca sevindiricidir. Tədrisin hibrid formada həyata keçiriməsi, uzun müddət sonra universitetdə ənənəvi tədrisi davam etdirməyimiz imtahanlara daha effektiv və məsuliyyətli şəkildə hazırlaşmağımıza səbəb oldu. İmtahanlar şəffaf və mövcud qaydalara uyğun şəkildə təşkil olunur. Bundan sonra da tədrisin ənənəvi şəkildə davam etməsinə ümid edirəm və bütün tələbə yoldaşlarıma müvəffəqiyyətlər arzulayıram”.
Ekologiya və torpaqşünaslıq fakültəsinin III kurs tələbəsi Əsmər İmanova: “Dünyanı cənginə alan COVID-19 pandemiyası təhsil sahəsində bır sıra çətinliklər yaratdı. 3 semestr tədris məsafədən təşkil edildikdən sonra bu semestr tədrisin hibrid formada həyata keçirilməsi, biz tələbələrdə böyük sevinc hissi oyatdı. Tələbəlik illərinin unudulmaz xatirələrində imtahanlar xüsusu yer tutur. Bütün çətinliklərə baxmayaraq demək istəyirəm ki, ənənəvi üsulla tədris və imtahan sessiyasının təşkili daha keyfiyyətlidir. Payız semestrinin imtahan sessiyası müvəffəqiyyətlə davam edir. İmtahan tarixləri arasında kifayət qədər müddətin olması tələbələrin yaxşı hazırlaşmasına imkan yaradır. Ən əsası odur ki, imtahanlar şəffaf keçirilir, qiymətlərimiz operativ şəkildə elan edilir. Bütün tələbələrə uğurlar arzu edirəm!”
Sosial elmlər və psixologiya fakültəsinin IV kurs tələbəsi Rza Bağırov: “Bildiyimiz kimi, pamdemiyaya görə 3 semestr təhsil distant formada həyata keçirildi. Artıq ənənəvi təhsilimizə geri döndük. İmtahan prosesi karantin qaydarına uyğun şəkildə təşkil olunur. İmtahanlarımıza ciddi hazırlaşaraq uğur əldə edirik. Balların operativ şəkildə elan olunmasına görə professor-müəllim heyətinə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar arzu edirəm!”
Coğrafiya fakültəsinin III kurs tələbəsi Mədinə Quluzadə: “Ənənəvi imtahan ilə 1-ci kursun ilk semestrində tanış olduq, daha sonra tədris distant şəkildə həyata keçiridi. Əlbəttə ki, distant təhsilin həm müsbət, həm də mənfi tərəfləri var, mənfi tərəfi isə illərlə xəyalında olduğumuz Universitetidən uzaq qalmağımız idi. Bu sessiya bizim ənənəvi qaydada keçirdiyimiz 2-ci imtahan sessiyasıdır. Professor-müəllim heyəti sayəsində imtahanlara müfəssəl şəkildə hazırlanmışıq. Şifahi imtahanlara gəldikdə isə bu tərz imtahan bizi qorxutmur, kamera arxasında olsaq belə, biz artıq şifahi imtahanlarla 1-ci kursdan tanışıq. Məhz bu səbəbdən şifahi imtahanlardan da uğurla keçəcəyimizə əminik. Bu sessiyada hər kəsə uğurlar diləyirəm.”
Biologiya fakultəsinin IV kurs tələbəsi Vüsal Məmmədrəhimov: “Uzun aradan sonra nəhayət ənənəvi tədris bərpa olundu. İimthan sessiyası ənənəvi formada həyata keçirilir. Bu səbəbdən imtahanların ənənəvi formada keçirilməsi hər bir tələbədə olduğu kimi məndə də həyacan hissi yaratdı. 4-cü kurs olduğum üçün əvvəllər ənənəvi formada sessiya imtahanlarını verdiyim halda yenidən bu həyəcanı yaşayıram. Nə qədər həyacanlı olsaq da, bu xatirələr tələbəlik illərimizin unudulmaz anlarına çevrilir. Hər bir tələbəyə imtahanlarda uğurlar arzu edirəm.”
Müsahibəni hazırladı:
Nərminə Əsədova
Gülabə Məmmədzadə