ADPU-nun Quba filialında 2021/2022-ci tədris ilinin yanvarın 5-də başlayan payız imtahan sessiyası uğurla davam edir. Universitetdə bütün imtahanlar əyani formada yazılı şəkildə təşkil olunub.
Tehsil.biz xəbər verir ki, yanvarın 18-dək keçirilən ilk 10 imtahan günündə bakalavriat səviyyəsində 39 qrup üzrə 2777 tələbə, ümumilikdə, 134 imtahanda iştirak edib.
Müvəffəqiyyət göstəricisi 95, keyfiyyət isə 74 faiz olub. Bu zamana qədər 6 nəfər imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub.
Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının fəaliyyəti təmin olunub. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Hər həftənin cümə axşamı keçirilən “Açıq qapı” günündə tələbələri və valideynləri maraqlandıran suallar cavablandırılır.
Universitetdə payız semestrinin imtahan sessiyası yanvarın 31-dək davam edəcək.
Həmçinin, tələbələrin diqqətinə də çatdırılıb ki, imtahanlara üzrlü səbəbdən gəlməyən tələbələrə həmin fənlərdən imtahan vermək üçün 2022-ci il fevralın ayında bir dəfə şərait yaradılacaq. Tələbələr imtahanda iştirak etmədiklərinin səbəblərini əks etdirən sənədləri (həkimdən arayış, idman və bilik yarışlarında iştirakı təsdiq edən sənəd və s.) dekanlığa təqdim etməlidirlər.
Eyni zamanda, 2021/2022-сi tədris ilinin payız semestrinin imtahan sessiyasında qeyri-kafi qiymət almış tələbələr üçün həmin fənn üzrə 25% ödəməklə təkrar imtahana bir dəfə şərait yaradılacaq (tələbənin seçiminə əsasən yalnız 2 fənn üçün). Əvvəlki imtahan sessiyalarından qeyri-kafi qiymət almış tələbələr də bu imkandan istifadə edə bilərlər.