Logo

DİM sədri təhsil ictimaiyyətinin bir qrup nümayəndəsi və ekspertlərlə görüşüb

21.01.2022 18:54 461 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təhsil ictimaiyyətinin bir qrup nümayəndəsi və ekspertlərlə görüş keçirib.

Tehsil.biz xəbər verir ki, görüşdən əvvəl iştirakçılar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Qonaqlara milli qiymətləndirmə sisteminin yaradılması və keçdiyi inkişaf yolu barəsində məlumat verilib.

Görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in hazırki fəaliyyəti, qarşıda duran əsas məsələlər, tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin bəzi statistik göstəriciləri – bölgələr üzrə məzunların orta ballarının paylanması, onların qəbul kampaniyasında iştirakı üzrə müxtəlif diaqramlar, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin buraxılış imtahanlarında topladıqlara ballara görə paylanması və s. haqqında məlumat verib.

M.Abbaszadə bildirib ki, “25 ildən artıqdır Azərbaycanda keçirilən imtahanların nəticələri təhlil edilir və iştirakçıların göstəriciləri daimi olaraq izlənilir. Biz ümumi tendensiyanı qabaqcadan görə bilirik. Hazırda Dövlət İmtahan Mərkəzinin məlumat bazasında imtahan nəticələri, inkişafın ümumi dinamikası, aparılan çoxsaylı statistik təhlillərlə bağlı elmi materiallar formalaşıb və bunlardan təlim-tədris prosesinin qurulmasında, əmək bazarının təhlilində geniş istifadə edilə bilər”. M.Abbaszadə, həmçinin “Yeniliklərin yayılması nəzəriyyəsi”, təhsil sistemində innovasiyaların paylanılmasında insanların rolu, istedadın təbiəti haqqında təqdimatla çıxış edib.

Görüşdə, həmçinin Dövlət İmtahan Mərkəzinin sektor müdiri Aydın Qasımov “Azərbaycanda buraxılış və qəbul imtahanlarında yazı işlərinin qiymətləndirilməsi texnologiyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda respublikada keçirilən buraxılış və qəbul imtahanlarında şagirdlərin yerinə yetirdikləri yazı işlərinin qiymətləndirilmə texnologiyası, bu texnologiyanın xüsusiyyətləri, yazı işlərinin yoxlama prosesinin təşkili, qapalı tapşırıqlar və yazı işi tapşırıqlarının bilik və bacarıqları ölçmə baxımından müqayisəsi, imtahan nəticələrinin elanı, apelyasiya prosesi haqqında məlumat verilib.

İclas DİM-in əməkdaşları və ekspertlər arasında müzakirələrin aparılması ilə yekunlaşıb.

Xəbər lenti