Logo

Nazir müavini dərslikdə təhrifə yol verilməsinə MÜNASİBƏT BİLDİRDİ

21.01.2022 19:40 779 baxış
IMG

“2021-ci ildə Təhsil Nazirliyinin xətti ilə 70-ə yaxın orta məktəb yenidən tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən hər il müəyyən sayda məktəb tikilir və ya təmir edilir”.

Bu sözləri Gəncə şəhəri və Samux rayonunda yeni məktəblərin açılışında iştirak edən Təhsil Nazirinin müavini Muxtar Məmmədov jurnalistlərə açıqlamasında bildirib. Nazir müavini əlavə edib ki, təhsilin infrastrukturunun yenilənməsi ölkə rəhbərinin diqqətindədir və ilbəil dövlət büdcəsindən məktəblərin yenilənməsi üçün vəsait ayrılır: “Gəncə şəhərində Məhəmməd Hadi adına 10 nömrəli və Samux rayon Həsənbəy Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbinin açılışları oldu. Hər iki məktəb cənab Prezidentin müvafiq sərəncamları əsasında tikilib, təhvil verilib. Gəncədə 760 nəfərlik, Samux rayon Çabanabdallı kənd tam orta məktəbi isə 624 şagirdlik müasir standartlara uyğun məktəblərdir”.

Nazir müavini son vaxtlar dərsliklərdə təhriflərə yol verilməsi ilə bağlı məsələyə də münasibət bildirib: “Dərsliklər müvafiq qanunvericiliyə əsasən nəşriyyata müraciət olunaraq çap olunur. Hazırda "Rus dili" dərsliyi ilə bağlı məsələ nəşriyyat tərəfindən araşdırılır, müvafiq olaraq bununla bağlı göstəriş veriləcək. Dərsliklərdə olan bu tip problemlər növbəti çaplarda aradan qaldırılacaq. Dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır. Sözügedən dərsliklərin istifadə müddəti 2022/2023-cü tədris ilində bitəcək”.

Nazir müavini dərsliklərdə təhriflərə yol verilməsi məsələsinə xüsusi nəzarət olunacağını da bildirib.

Xatırladaq ki, hər iki məktəb 1936-cı ildə inşa edilib. O, dövrdən günümüzədək tədris müəssisələrində ancaq cari təmir işləri aparıldığından yeni məktəb binalarına ehtiyac yaranıb.

Fuad Nazimoğlu, Mehdi Məmmədov

Xəbər lenti