Logo

Yanvarın 22-si Lev Landaunun doğum günüdür

22.01.2022 10:50 448 baxış
IMG

Dünya şöhrətli fizik, Nobel mükafatı laureatı, bakılı Lev Davidoviç Landaunun anadan olmasından 114 il keçir.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, yanvarın 22-si Lev Landaunun doğum günüdür. O, 1908-ci ildə Bakının Balaxanı qəsəbəsində neft mühəndisi ailəsində dünyaya gəlib. 1916-cı ildə gimnaziyaya qəbul olunub və 12 yaşında buranı əla qiymətlərlə başa vurub. Onun ali məktəbdə oxuması üçün hələ çox gənc olduğunu nəzərə alaraq valideynləri gələcək fizikin iki il Bakı İqtisadiyyat Texnikumunda oxuması barədə qərar qəbul edirlər. 1922-ci ildə 14 yaşlı L.Landau müvəffəqiyyətlə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) qəbul olunur və eyni vaxtda iki fakültədə — fizika-riyaziyyat və kimya fakültələrində təhsil alır. Kimya elmi gənc Landaunu çox maraqlandırıb. Lakin birinci semestrdən sonra o yəqin edir ki, fizika və riyaziyyat daha maraqlı və ürəyincədir. İlk elmi çıxışlarına o, universitetdə başlayıb. Əla oxuması və imtahanlarda olduqca yüksək nəticələr göstərməsi bu gənci universitetdə məşhurlaşdırıb. Məhz Bakıda aldığı təhsil onu gələcək elmi axtarışlarının və nailiyyətlərinin, nəzəri fizikaya gətirdiyi fundamental və klassik yeniliklərin, ümumiyyətlə, fizika elmində yaratdığı yeni üslubun və nəzəri fizika sahəsində yaratdığı böyük məktəbin əsası olub. L.Landau çox gənc olmasına baxmayaraq, nəzəri fizika üzrə gələcək dahi alim kimi keçmiş SSRİ-nin elm mərkəzi sayılan Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yola salınıb. 1924-cü ildə 16 yaşlı oğlan Leninqrad Dövlət Universitetinin (LDU) fizika-riyaziyyat fakültəsinə köçürülüb.

1926-cı ildə L.Landaunun “İkiatomlu molekulların spektrləri nəzəriyyəsi” adlı ilk elmi əsəri çap olunub. Bu elmi işi onu daha da məşhurlaşdırıb. 1927-ci ildə LDU-da təhsilini başa vurub. Leninqrad Fizika-Texnika İnstitutunun aspiranturasında təhsilini davam etdirən gənc 21 yaşında elmlər doktoru dərəcəsini alıb. 1929-cu ildə ilk dəfə Avropaya getmək imkanı əldə edib. Almaniyada qısa müddət qaldıqdan sonra Kopenhagenə yollanıb və burada Nils Borun Nəzəri Fizika İnstitutunda çalışıb. O, həmişə özünü N.Borun tələbəsi hesab edib. Kopenhagendən sonra o, SSRİ-yə qayıdıb. 1932-1937-ci illərdə L.Landau Xarkov Mexanika və Maşınqayırma İnstitutunun nəzəri fizika kafedrasına rəhbərlik edib. 1936-1937-ci illərdə “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini yaradıb, bu problemlərə həsr olunmuş elmi məqalələrlə çıxışlar edib. Həmin dövrdə L.Landau artıq dünyada məşhur nəzəriyyəçi fizik kimi tanınıb. 1937-ci ilin fevralında Moskva Fiziki Problemlər İnstitutuna dəvət olunub və həmin institutda nəzəriyyə şöbəsinə rəhbərlik edib.

Elmi nailiyyətlərindən başqa L.Landau, eyni zamanda, keçmiş SSRİ-də nəzəri fizika elminin aparıcı Landau məktəbinin əsasını qoyub. Onun yaratdığı bu məktəb sovet elminə Lev Pitayevski, Aleksey Abrikosov, Arkadi Levanyuk, Yevgeni Lifşitz, Lev Qorkov, İsak Xalatnikov və Boris Yoffe kimi fiziklər bəxş edib.

1962-ci il yanvarın 7-də L.Landau ciddi avtomobil qəzasına uğrayıb. Bu qəzadan ciddi xəsarət alan alim üç ay komada yatıb. 1962-ci ilin noyabrında ona Nobel mükafatı verilməsi barədə teleqram alıb. Nobel Komitəsinin tarixində ilk dəfə xüsusi hal kimi məşhur fizik L.Landaunun Stokholma gedə bilməməsi nəzərə alınıb və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edib. O, bir daha əvvəlki fəaliyyətinə qayıda bilməyib. Dahi fizik 1968-ci il aprelin 1-də Moskva şəhərində vəfat edib. 

Xəbər lenti