Logo

Dünya Alimlər Kuboku Çempionatının Bakı mərhələsi keçirilir - FOTOLAR

22.01.2022 12:24 138 baxış
IMG

Avropa Azərbaycan Məktəbində Dünya Alimlər Kuboku Çempionatının (World Scholar’s Cup) Bakı mərhələsi keçirilir.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, Avropa-Azərbaycan Məktəbinin icraçı direktoru Françesko Bankini bildirib ki, 3 gün davam edəcək tədbirdə Bakının 10 məktəbindən 500 şagird iştirak edir.

“Məktəbdə Dünya Alimlər Kuboku turnirinin yenidən keçirilməsi əla fürsətdir. Bu, şagirdlərimizin qeyri-standart yanaşmaları sınaqdan keçirdikləri, təhlil etməyi və rasional həll yolları axtarmağı öyrəndikləri, öz aralarında müzakirələr apardıqları və komandada işlədikləri ümumdünya müsabiqəsidir. Şagirdlər burada müxtəlif bacarıqlara sahib olacaqlar və bu günlər ərzində bir-birləri ilə əməkdaşlıq edəcəklər. Biz Avropa Azərbaycan Məktəbində şagirdlərimizin üfüqlərini WSC və digər bu kimi müxtəlif beynəlxalq olimpiadalara cəlb etməklə genişləndirməyə çalışırıq”, - o bildirib.

Qeyd edək ki, iştirakçılar incəsənət, musiqi, tarix, ədəbiyyat, media, sosial elmlər, elm, texnologiya və bu il xüsusi sahə olmaqla, altı akademik fənn üzrə fərdi və komanda debatlarında, yazı və bilik testlərində iştirak edəcəklər. Bakıda yüksək performans göstərən qalib komandalar 2022-ci ilin iyununda Dubayda keçiriləcək Beynəlxalq Mərhələdə və noyabrda Yale Universitetində hər il keçirilən WSC Çempionlar Turnirində iştirak hüququ qazanacaqlar.

Xatırladaq ki, Dünya Alimlər Kuboku 2007-ci ildə təsis edilib. O vaxtdan 70-dən çox ölkədə keçirilən 150 tədbirdə hər il 50.000-dən çox tələbəni əhatə edib. Proqramın missiyası inklüziv zənginləşdirmə sayəsində mənşəyindən və mədəniyyətlərdən asılı olmayaraq bütün gəncləri öyrənməyə, əylənməyə, əməkdaşlıq etməyə və böyüməyə ruhlandırmaqdır. 2020-ci ildə məktəblilər arasında keçirilən WSC Bakı mərhələsinin şəhər üzrə 16 məktəbdən – 404 ibtidai və orta məktəb şagirdi iştirak edib.

Xəbər lenti