Yanvarın 28-də Bakıdakı Rus Evində bəstəkar və pianoçu Aleksandr Skryabinin anadan olmasının 150 illiyinə həsr edilən konsert keçiriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, proqramda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında musiqi əsərləri səsləndiriləcək.
Qeyd edək ki, Skryabin öz əsərlərinin yaranmasında rəng-musiqi və işıq-musiqi effektlərindən istifadə edən, rənglərin müəyyən tonallıqlara uyğunluq cədvəlini yaradan ilk bəstəkar olub. Skryabinin 1910-cu ildə geniş tərkibdə simfonik orkestr, fortepiano, orqan, xor və işıq üçün yazdığı “Od poeması” (“Prometey”) onun yaradıcılığında əhəmiyyətli yer tutur.