Logo

Universitetlərimizi necə xilas edək? -İlham Əhmədov

23.01.2022 14:13 364 baxış
IMG

UNEC-in rektoru, professor Ədalət Muradov öz Feysbuk səhifəsinində “UNİVERSİTETLƏRDƏ SOVET MİRASI – TƏHSİL”  adlı kiçik həcmli seriya   yazılar verir. Bu yazılarda  UNEC-də, eləcə də digər universitetlərdə illər ərzində diqqətdən kənarda qalan, lakin həlli aktual olan problemlərə qısa baxış  verilir. 

 “UNİVERSİTETLƏRDƏ SOVET MİRASI – TƏHSİL”  seriyalı   qeydlərdə həqiqətən də ali təhsil  sisteminin  idarəedilməsində çox məsələlərin sovet dönəmindən qalma üsullarla aparıldığı  haqlı olaraq qeyd edilir. Əslində bu bizim TN-nin müstəqil dövlətin strateji  qurumu kimi öz vəzifəsini hələ də tam dərk etmədiyini, öz işini 40 il əvvəlin tələbləri ilə, o vaxt Moskvanın   müttəfiq respublikalar üçün hazırlayıb təqdim etdiyi üsullarla aparır. İttifaq tərkibində olarkən bu üsullar qənaətbəxş  idi,  lakin  müstəqil dövlət olaraq indi bu üsullar   heç cür  qənaətbəxş hesab edilə bilməz.   Təhsil Nazirliyi 2013-cü ilə qədər sovet dönəmindəki nazirliyin işini – köhnə  və uyğun olmasa da müəyyən qədər  imitasiya edirdi,   fəaliyyət imitasiyası yaradırdı.  Lakin  2013-cü ildən sonra isə məlum deyil,  TN  ali təhsil  sahəsində nə ilə məşğuldur. Aparılan işlər də əsasən  orta məktəblə əlaqədardır, ali təhsil problemləri isə tam diqqətdən kənarda qalıb. 

Qayıdaq “UNİVERSİTETLƏRDƏ SOVET MİRASI – TƏHSİL”  seriyalı   qeydlərə.   Prof. Ədalət Muradov  21.01.2022  tarixdə belə bir status yazıb:   “Sovet dönəmində ixtisaslar sovet planlarına uyğun olaraq mərkəzləşdirilmiş qaydada müəyyən edilirdi. Həm də hər bir universitet ancaq planla nəzərdə tutulmuş ixtisaslar üzrə mütəxəssis hazırlamalı idi. Artıq sovet planlarının ləğv edildiyinə və bu istiqamətdə hər şeyin köklü dəyişdiyinə baxmayaraq ixtisaslar hələ də mərkəzləşdirilmiş qaydada  müəyyən edilir. Nəticədə real sektorun tələbləri universitetlər tərəfindən qarşılana bilmir.” 

Universitetlərlə əlaqəli qaldırılmış bu problemlər silsiləsi çox ciddidir və bir daha göstərir ki, müstəqillik illərində ali təhsil sistemi sahibsiz qalmış, xaos yaranmışdır. 

TN bu sahədə öz əsasnaməsində qeyd edilən məsələləri həll etməmişdir. Bu məsələlər Feysbukda və saytlarda yox, ən azından ali təhsilə dair elmi metodik jurnallarda dərc edilməli və müzakirə edilməlidir. Təəssüf ki, belə jurnalımız yoxdur. Müstəqilliyin 20-ci ilində (2012-də) nəhayət ki, belə bir jurnalın nəşri başlandı-“Ali təhsil və cəmiyyət” adlı. Maraqlı jurnal idi, yaxşı məqalələr dərc edilirdi. 2013-də bu jurnalın nəşri dayandı. Belə bir  lazımlı jurnalın hansı məntiqlə bağlandığı anlanılmır. Dəfələrlə məqalələrimizdə və TN verdiyimiz  təkliflərdə qeyd etmişik ki, ali təhsilin problemlərinin tədqiqinə dair elmi tədqiqat institutunun yaradılmasına ehtiyac var, ali təhsil islahatları burada layihələnməli, icrası monitoruinq edilməlidir. Heç bir reaksiya olmadı.  3,5 milyard büdcəsi olan qurum bir tədqiqat institutu aça bilmirmi? Elmə əsaslanmayan təhsil islahatı nə səmərə verə bilər?  TN-də  ali təhsilə dair 1-2 səriştəli mütəxəssis tapılmır ki, bu məsələlərlə məşğul olsun,  problemləri   ekspertlərlə müzakirə etsin, Təhsil  ümummilli məsələdir, milli təhlükəsizliyin mühüm  amilidir, bu  heç kimin özəl şirkəti deyil ki, istədiyi kimi qərar versinlər. Elm və Təhsil Xalqın milli sərvətidir.  

“UNİVERSİTETLƏRDƏ SOVET MİRASI – TƏHSİL”  seriyalı   qeydləri  oxuyanda “Təhsildə itirilmiş fürsətlər”  seriyasından  15 il əvvəl olmuş bir hadisə (daha doğrusu təşəbbüs)  yadıma düşdü. 

2007-ci ildə mənim təhsil sahəsində konsaltinq şirkətim vardı.  O vaxt  TN-ə Ədalət müəllimin qeyd etdiyi problemlə əlaqəli belə bir layihə təqdim etmişdim.     "Ölkədə Əmək bazarının inkişafının proqnozlaşdırılması əsasında universitetlərdə ixtisasların və qəbul planlarının müəyyənləşdirilməsi". Təklif edilən  bu “monitorinq- araşdırma-proqnozlaşdırma”  tipli layihə  davamlı olaraq hər il,  ixtisas qrupları üzrə aparılmalı idi.   Bu çox ağır, çətin və kompleks problem idi.  Amma  bu problemin həlli zəruri idi. Düzü o vaxt layihəyə nazirliyin ali təhsil şöbəsində maraq yarandı (o vaxt ali təhsil şöbəsində  az da olsa, bu  spesifik işi başa düşən, dəyər verən  mütəxəssislər var idi).  Şöbədə layihənin  ilkin  müzakirəsi  oldu,  layihə ilə əlaqəli  müsbət qərar qəbul olundu. Amma həmişəki kimi layihənin maliyyələşməsi mümkün olmadığı üçün prosesi saxladıq. Bu kiçik bir  bir detaldır. Belə boşluqlar və  həll edilməyən  problemlər ali təhsil sistemində yüzlərlədir. Hansılar ki, 20 il, 10 il əvvəldən həll edilməli idi.  

Təəssüf ki, belə təşəbbüslərin heç biri dəstəklənmədi, maliyyələşmədi, reallaşmadı. İndi həmən problemlər qalaq qalaq yığılıb. Onların həllinə hardan başlanmalı, necə, nə vaxt, kim tərəfindən həll etməlidir?   Bu məsələlər  cavabını gözləyir. Bu cavablar tapılmasa ali təhsilin  normal  inkişafı mümkün deyil. 

Təəssüf ki,  bu  tip  problemləri TN hələ də görmür, hiss etmir, müzakirəyə çıxartmır. Bu vəziyyətdə ali təhsilin hansı strateji inkişafından danışmaq olar? Belə şəraitdə universitetlərin fəaliyyəti və strateji inkişafı qaranlıq otaqda pişik axtarmağa bənzəyir. TN 25 ildir qaranlıq otaqda axtarışdadır... 

Ciddi layihələri  maliyyələşdirməyə  imkanı olmayan təhsil sistemi nə vaxta qədər pulları daşa-divara xərcləyəcək?  Belə tikinti- təmit işlərinin universitetlərin inkişafına heç bir əhəmiyyəti yoxdur.  Eyni zamanda bu problemlər ayrı ayrı universitetlərin təşəbbüsü ilə də lokal olaraq həll edilə bilməz.  Bu təhsil nazirliyinin səviyyəsində,  yüksək elmi  potensuialla həll edilməlidir. 

Dosent İLHAM ƏHMƏDOV

Xəbər lenti