Logo

Tarix belə insanları heç zaman unutmur...

24.01.2022 08:41 585 baxış
IMG

Azərbaycan tarixində özünəməxsus yeri olan tarixi şəxsiyyətlərdən biri də Hacı Zeynalabdin Tağıyevdir. O Azərbaycan xalqının yaddaşında həm də böyük xeyriyyəçi insan kimi qalıb. Həmin dövrdə imkanlı insanlar az deyildi. Ancaq onlar arasında xalqın yaddaşında məhz Zeynalabdin Tağıyev qaldı. 

Onun Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Bakıya suyun, tramvay xəttinin çəkilməsi, Qızlar məktəbinin açılması, Qurani-Kərimin nəşri, məscidlərin tikilməsi kimi bir çox xeyriyyə işləri sırf onun adı ilə bağlıdır. 

Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətində xüsusi önəm verdiyi sahələrdən biri təhsildir. O qazandığı pulun bir hissəsini davamlı olaraq Azərbaycan xalqının savadlanmasına, maariflənməsinə həsr edib. Onun ən böyük xidmətlərindən biri də çoxlu sayda gəncləri təhsil almaq üçün xaricə göndərməsi olub. Sonradan həmin şəxslər Azərbaycan tarixində, ictimai fikrində mühüm rol oynadılar. 

Prezident İlham Əliyev onun heykəlinin açılışındakı çıxışında bir mühüm məqama toxundu. Qeyd etdi ki, Əziz Əliyevin təhsilində Zeynalabdin Tağıyevin böyük rolu olub. Azərbaycanın tanınmış ictimai siyasi xadimi Əziz Əliyev Zeynalabdin Tağıyevin təhsilinə dəstək olduğu yüzlərlə azərbaycanlılardan biridir. 

Tağıyevin Azərbaycan təhsil tarixində böyük xidmətlərindən biri Bakıda Qızlar məktəbinin açılmasıdır. O vaxt həmin məktəbin açılması çox ciddi etirazla qarşılanmışdı. Bəzi mövhumat və xurafat tərəfdarları çox ciddi etiraz edirdilər. Buna baxmayaraq Hacı Zeynalabdin Tağıyev həmin məktəbin yaranmasına öz töhfəsini verdi və o dövrdən başlayaraq Azərbaycan qızları aktiv təhsil prosesinə qoşuldular. 

Bu gün Hacı Zeynalabdin Tağıyevin xatirələrdə qalmasının əsas səbəblərindən biri ölkə başçısının qeyd etdiyi kimi onun xeyriyyəçilik fəaliyyətidir. Onun fəaliyyətinin böyük hissəsi bizə məlumdur. Ancaq onun xeyriyyəçilik fəaliyyəti bununla məhdudlaşmır. Onun atdığı hər bir addım Azərbaycanın mədəni inkişafına, milli ənənələrinin möhkəmlənməsinə, xalqın maariflənməsinə ciddi töhfələr verib. 

İnanıram ki, bu gün Azərbaycanın imkanlı insanları Hacı Zeynalabdin Tağıyevin əsasını qoyduğu xeyriyyəçilik ənənələrini daha da inkişaf etdirəcəklər. Hazırda bu işləri Heydər Əliyev Fondu, az sayda iş adamları davam etdirir. Ancaq xeyriyyəçilik fəaliyyətinin dairəsinin daha da genişlənməsinə ciddi ehtiyac var. 

İnanıram ki, Prezidentin bu çıxışından sonra imkanlı insanlarımız öz fəaliyyətlərində xeyriyyəçilik fəaliyyətlərinə daha geniş yer verəcəklər. Təhsilimizin və elmimizin inkişafına töhfələrini əsirgəməyəcklər. Tarixdə, xalqın yaddaşında hər zaman belə insanlar qalır. 

Ceyhun Məmmədov,

Milli Məclisin deputatı

Xəbər lenti