Yanvarın 24-də təhsil naziri Emin Əmrullayev Sabirabad rayonuna səfər edib.
Tehsil.biz xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Səfər çərçivəsində Sabirabad rayonu Mirhüseyn Məmmədov adına Nizami kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Emin Əmrullayev, millət vəkilləri Kamal Cəfərov, Ramin Məmmədov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev iştirak edib.
Tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. 19 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, 2 informatika, çağırışaqədərki hazırlıq kabineti, məktəbəhazırlıq otağı, 96 yerlik akt zalı, idman zalı, kitabxana və 100 yerlik yeməkxana fəaliyyət göstərəcək.
Daha sonra Sabirabad şəhərindəki Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə yaradılan STEAM Mərkəzinin açılışı olub.
Mərkəzdə yaradılmış şəraitlə tanış olan tədbir iştirakçılarına bildirilib ki, Mərkəz regional xarakter daşıyır. Belə ki, Sabirabad rayonunun kəndlərindən, eləcə də Saatlı və digər qonşu rayonlardan olan məktəblilərin də bu Mərkəzdən faydalanması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda ölkə üzrə 100 mindən çox şagirdi əhatə edən STEAM layihəsinin növbəti tədris ilində genişləndirilməsi planlaşdırılır.