Logo

Azərbaycan TALIS beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək

24.01.2022 15:39 478 baxış
IMG

Ölkəmiz müəllimlər və məktəb rəhbərləri üzrə təşkil edilən, təhsilin keyfiyyətinə təsir edən müəllimlərin və məktəb rəhbərlərinin keyfiyyətli təhsilə uyğunluğunu, təhsilə yanaşmalarını dəyərləndirən TALIS beynəlxalq qiymətləndirmə tədqiqatında  iştirak edəcək.

TALIS OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) və IEA (Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya)  tərəfindən idarə edilir, bütün prosedurlar bu iki qurum tərəfindən müəyyənləşdirilir və işin həyata keçirilməsi təşkil olunur. TALIS sorğuda iştirak edən müəllimlərin və məktəb rəhbərlərinin əldə etdikləri professional inkişafları, onların tədrisə dair baxışları və təcrübələri, həmçinin onların işinin qiymətləndirilməsi və müxtəlif idarəetmə, iş yeri problemləri kimi məsələlərə toxunan beynəlxəlq müəllim və məktəb rəhbəri sorğusudur. TALIS qiymətləndirməsində iki sorğu hazırlanır: müəllim sorğusu və məktəb rəhbəri sorğusu.

Qiymətləndirmə pilot mərhələsi, sınaq mərhələsi və əsas mərhələdən ibarətdir. Pilot mərhələsi çoxlu sayda iştirakçı ölkələr arasında keçirilir. Bu mərhələdə fokus qrupa daxil edilmiş müəllim və məktəb rəhbərlərindən sorğular üzrə rəylər əldə edilir. Sınaq mərhələsinin əsas məqsədi sualların bütün ölkələrdə eyni anlayışları ölçüb-ölçmədiyi və düzgün tərcümə edilib-edilmədiyi kimi psixometrik və statistik xüsusiyyətləri barədə məlumatların toplanmasıdır.  TALIS-in ilk sorğusu 2008-ci ildə, periodik olaraq növbəti dövrlər isə 2013 və 2018-ci illərdə təşkil edilib.  Sonrakı dövr 2024-cü ildə təşkil ediləcək. TALIS 2024 tədqiqatının pilot mərhələsi 2022-ci, sınaq mərhələsi 2023-cü, əsas sorğusu isə 2024-cü ilin yazında təşkil ediləcək. 2025-ci ilin qışında məlumatların analizi və hesabat olaraq təqdim edilməsi gözlənilir.

2018-ci ildəki dövrdə TALIS müzakirə predmeti olaraq müəllimlərin təlim təcrübəsi, məktəb idarəedilməsi inkişafı, müəllimin professional təcrübəsi, müəllim təhsili və peşəyə qədərki hazırlıq səviyyəsi, müəllim rəyi və məktəb mühiti, iş məmnunluğu, müəllim resurslarının sayı və digər işçilərlə münasibəti və müəllimin öz bacarıqlarına inamı kimi 9 əsas mövzu müəyyən edib. Müəllimlərlə keçirilən sorğu onların işlədikləri öyrənmə mühitini necə qavradıqları, tətbiq edilən təhsil siyasətlərinin təcrübədə necə gerçəkləşdiyi barədə məlumat verir. Məktəb rəhbərləri ilə keçirilən sorğu isə məktəbin xüsusiyyətləri və rəhbərin iş  təcrübəsi barədə məlumatlar verir.  TALIS-də əsas hədəf qrupu ümumi orta təhsil pilləsində çalışan müəllim və məktəb rəhbərləridir. Təhsil sistemlərinin (iştirakçı ölkə və iqtisadiyyatlar) ibtidai təhsil və ya tam orta təhsil üzrə sorğunu keçirmə imkanları da var.

Azərbaycan cari ildə tədqiqatın pilot  mərhələsində iştirak edəcək. Qeyd edək ki, Azərbaycan sorğuda yalnız ümumi orta təhsil pilləsi üzrə iştirak edəcək.

Xəbər lenti