Logo

Ustadımın Ustad yaşı

26.01.2022 00:01 1538 baxış
IMG

O, maarif və mədəniyyət məbədinin beşiyində böyüdü. Bu məbədin işığında müqəddəs amalı yolunda canını şamtək əritdi. Məbəd işığı onun varlığı ilə daha da nurlandı. Daxilində təmiz qəlbi, göylərdə saf ruhu bir-birinə dayaq oldu: həyatı və yaradıcılığı qəlb və ruh birliyi şəklində bugünədək mənəvi saflığını, mənəvi ucalığını qoruyub saxladı. İnsanlarla şəfqətlə davranması, həlim xasiyyəti, gözəl əxlaqı, saf qəlbi ona müqəddəs bir yol açdı. Bu, seçilmişlərin yolu idi. Bu yolda: qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, çətinliyə şükürlə, cəzaya bağışlamaqla cavab verdi.

Bu gün Yunus Əmrə kimi qəlbi Çələbin taxtı bilən, Nəsimitək Yaradanın nurunu əməllərində təcəlla etdirən Ustadımızın - BDU-nun Jurnalistika fakültəsinin Professoru Cahangir Məmmədlinin ömür təqviminin yeni ilidir. Bu gün qəlbi nurla nurlanan, ruhu saflıqla saflanan müəllimimizin xeyirxah əməllərilə Yaradana yar - bəndə olduğu gündür.

O günlər Azərbaycanın tarixi talehi ilə bərabər, həm də talehi tarixi - müqəddaratı həll olunurdu. Alman qoşununun Volqaya çıxması nəticəsində Bakı ilə əlaqə kəsilmişdi. Düşmən ordusunun Qafqaza yaxınlaşmasının acı xəbərini isə indi də sözlə ifadə etmək çətindir. İkinci dünya müharibəsinin ən qanlı-qadalı, xalqın sabaha ümidini itirdiyi bir zamanda Novruzlu kəndində öz sabahkı dərdi ilə birlikdə doğuldu Cahangir Məmmədli. 

O, hər an öz dədə-baba yurduna bağlılığı, ruhunun dolaşdığı, qəlbinin xatırladığı və dilindən düşmədiyi elinə-obasına sonsuz sevgisi ilə seçildi. Hətta bu yaxında saytların birində bir daha böyük qürurla dedi: "Mənim dünyada ən əziz yerim Novruzlu kəndidir". Əlavə edərək: "Bu el Xudu Məmmədov, Rafiq Əliyev, Əli Əmirli və digər şəxsiyyətlər yetirib" - söylədi. 

Bu, "mikro Vətən" (C.Məmmədli) həm də Sizi Azərbaycana yetirib, Ustad! Siz bu kəndə çörəyi yetirən torpağı, bu torpağa bərəkət gətirən yağışı, ("Beşinci fəsil" filmində doğma torpaqda Vətən yağışı altında təpədən-dırnağa qədər su içində öz fikirlərini tamaşaçıyla bölüşməyiniz yadımdan çıxmır) həmçinin göyün xoşbəxtlik və kədər damcılarını müqəddəs səmadan bizlərə bəxş edən Yaradanı sevdiniz və gördünüz. Bəli, gördünüz, bəsirət gözü ilə.

Novruzlu kəndinin kimsəsiz bir yerində böyüdünüz. Fəqət, Yaradanın sevgisi və nəzəri ilə. Atasız böyüməyinizə baxmayaraq, böyük məhəbbətlə "Ata Canı" kəlməsini Sizin dilinizdən eşitdik. Valideyn sevgisi görməsəniz belə, ancaq Vətənə, el-obaya, dosta, tələbəyə, doğma Bakı Dövlət Universitetinə olan sevginiz hər birimizə örnək oldu. Maddi-mənəvi dəstəkçiniz, Ağdamın sayılıb-seçilən ziyalılarından olan filosof Zeynal Məmmədli isminə sevginiz hər zaman qəlbinizdə yaşadı, dilinizdən xatırlandı. Heç bir zaman, hətta Ustad məqamınızda belə, bir vaxtlar Sizə dəstək olan müəllimlərin(m)izi: Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Firidun Hüseynov, Ağamusa Axundovu… unutmadınız. Üstəlik, gənc jurnalist nəslinə də tanıtdınız.

Sizin Yaradan qarşısındakı əməlləriniz, həyatın ağrı-acısını qəlb və ruhunuzla Rəbbin qismət payı kimi qəbul etməyiniz, bizlər üçün örnəkdir. Siz Pərvərdigarın mətbuatımıza qismət etdiyi fikir, tələbələrinizə müəllim, cəmiyyətimizə isə ziyalı payısınız.

Mövlana Cəlaləddin Ruminin: "Aclığa səbr - oruc, ağrıya səbr - mətanət, insanlara səbr - xoşgörüş, istəyə səbr - dua, duyğulara səbr - gözyaşı, darıxmağa səbr - həsrət, sevgiyə səbr - eşq" fəlsəfəsini Ustad Cahangir Məmmədli ömrünün qısa xronologiyası kimi də qeyd etmək olar. Sual yarana bilər: "Nə üçün?" - Bu dəqiqə deyim. Çünki hər çətinliyə qatlaşan insanlar bədənində daşıdığı canı ilə, ərşi-gürşü xəlq edən Sübhanın öz ruhundan bəndəsinə üfürdüyü ruhu ilə, yeri - göyü Yaradana, Yaradanın yaratdığı yaradılışa - bəndəyə heç vaxt çınqır - çınqır qorranan qəlbinin göynəltisini hiss etdirməzlər. Torpaq dərd əlindən qayalaşsa da, ancaq bu böyük insanlar Yaradanın dərdini də dərman bilərlər: bu, səadət dərmanı adlanar.

Professor C.Məmmədli Jurnalistikaya, elmə, bədiiliyin yüksək mərhələsinə, hətta yazılarında boya-başa çatdığı Ağdama - Novruzluya, Vətəninə - Azərbaycana bir sözlə tüm yaradıcılığına, dünəninə və bu gününə, eləcə də sabahına fəaliyyətilə sədaqətli oldu - səadət günəşitək doğdu. 

Məişət xırdalıqlarından, dedi-qodulardan kənar gəzən, yaradıcılığı Vətən – xalq – el-oba idealları ilə mayalanan, məmləkətinin səadəti yolunda öz canını fəda etməkdən çəkinməyən vətəndaş - jurnalist Cahangir Məmmədli haqqında hələ o zaman "Anlamaq dərdini anlamaq səadətinə çevirən adam" başlıqlı yazı yazmışdım. Bilirik ki, Yaradana xitab şeirilə başlayan "Qutadqu Bilik" əsəri "səadət gətirən elm" mənasını verir. Bu əsəri zaman-zaman işıqlı ziyalılarımız Kamil Vəliyev, Ramiz Əsgər və Xəlil Rza Ulutürk tərcümə etmişlər. Xəlil Rza Ulutürk də xalqın səadət şairi idi. Məhz onun yazdığı "Anlamaq səadəti" şeirini də adını yuxarıda çəkdiyim yazıma əlavə edərək, Ustad müəllimimə xitab etmişdim. Sanki bu şeirdə Xəlil Rza Ulutürk Ustad müəllimimiz - Cahangir Məmmədli talehini yaratmışdı:

Mən səni duyuram, bilirəm, ustad,
İdrakın əlindən nələr çəkmisən.
Qələmdən kağıza söz yox, sətir yox,
Beyninə dağ basan odu tökmüsən.

Yaxud:

"Ən böyük dərd imiş anlamaq dərdi!" – 
deyib…
İçin-için gizli yanmısan. 
Dərk edə bilsəydi, dağ əriyərdi, 
Sən dağdan-qayadan mərd dayanmısan.

Həqiqətən də, Ustad müəllimimiz zamanın çətinliklərinə mərdliklə, dəyanətlə sinə gərdi. Qəlbi və ruhu ilə Yaradana bağlandı. İnsanpərvərlik hissilə aşiqi-hürriyyət olmağı bacardı. Mükafatını da insanlığa hizmətdə arayaraq yüzlərlə, minlərlə tələbə sevgisini əbədi qazandı.

Bütün bunların - müəllim-tələbə sevgisinin mayasında saf ruh və təmiz qəlb vəhdəti dayanır. Qəlb - mənəvi varlığın ifadəsi, ruh - müqəddəs ucalığın təzahürüdür. Bu iki cövhər Ustad Cahangir Məmmədlinin həyat kredosunu təşkil edir.

"Qəlb" və "Ruh" xeyirxahlığın, nəcibliyin... nüvəsidir. Sözlərin birliyi - ikilik, mənəvi birliyi - əkizlik yaradır. 

Əziz oxucu, ürəkdən axan söz nəhrinin, fikir bəhrinin önünə sədd çəkmək istəməzdim, ancaq bu məqamda kiçik bir haşiyə çıxmağı özümə borc bildim, bunu mövzudan kənara çıxmaq kimi qəbul etməyin. Bu kiçik fikirlər oxucu və müəllif qəlbinə uzanan işığı zəiflətməyəcək, əksinə, daha da gurlaşdıracaq, çünki mövzumuza təkan verir. Təki anımız - təkanımız qəlb və ruh bağlılığı ilə keçsin. 

Kolumbiya Universitetinin professoru Kelli Hardinq qeyd edirdi ki, iş yerində, məktəbdə və evdə şəfqətli olmaq insanın özünü və başqalarının xeyirxahlıq duyğusunu inkişaf etdirir. Beləcə, ali hissin toxumları ətrafa yayılaraq insanlara "yoluxur": İnsan daxilində var olan, ancaq varlığı bilinməyən insanlıq duyğusunu "oyadır". 

Təbəddülatlı dünyada bəzi məqamlar birmənalı qarşılanmasa da, ancaq böyük bir dövlətə uzun illər başçılıq etmiş B.Obamanın sözləri yarımçıq insanlara, yarı yolda olanlara, yarım qalan fikirlərə tamlıq bütövlük gətirir: "Yaxşılığın, mərhəmətin, xeyirxahlığın zəifliklə heç bir əlaqəsi yoxdur".

Rus qələm adamlarından biri cəmiyyətin mənəvi və fiziki qeydinə qalan böyük (sözün hər mənasında) Anton Çexov haqqında yazırdı: "Xalqımızın ən gözəl oğulları təvəzökar olublar. Onlar özünü tərifləməklə, özgəyə gülməklə, özlərini başqa adamlara misal çəkməklə məşğul olmurdular". 

Çexovun əsərləri, hekayə və yazıları ilə Cahangir Məmmədli yaradıcılığı arasında kəsişən bir xətt var. Bu kəsişmə: İnsan qəlbindəkiləri hiss etmək, ruhun ağrı-acılarını duymaq, yüksək alicənablıq, cəmiyyətdə barışdırıcı mövqe, bir sözlə mənəvi dərinliyə varmaq və bu dərinlikdə var olmaqdan irəli gəlir. 

Çexov bir həkim kimi, bir yazıçı kimi, Cahangir Məmmədli də bir vətəndaş kimi, bir jurnalist kimi bilirdi: Cəmiyyət daxilində mütləq barışıq olmalıdır. Hər iki insanın qələmi qarışıqlıqdan uzaq, qar işığı qədər parlaq idi. 

Cahangir Məmmədli haqqında xoş sözlər çox eşitmişdim. Ancaq dahilərin bir sözü var ki, səmimiyyəti hiss etmək üçün mən öz gözlərimə inanıram, nəyinki eşitdiklərimə. Həqiqətən də Cahangir Məmmədlini tanımaq və onun nəcibliyinə, səmimiyyətinə bürünmək insanı bir ömür boyu xoşbəxt edir.

Bu məqamdaca gəlin C.Məmmədlinin "Universitet yolumun ilk çırağı: professor Firidun Hüseynov" başlıqlı yazısından bir hissəyə nəzər salaq: "İnsan taleyinin qəribə anları olur. Bəzən bir anın, bir dəqiqənin hansısa hökmü bütöv bir ömrün, bütöv bir həyat yolunun dönüş nöqtəsi olur və bu nöqtə səni zamanın sınaqlarından çıxarıb, sonunda təmiz dünyaya qovuşdurur". Biz də Cahangir Məmmədlini tanımaqla, təmiz dünyanın xoşbəxt sakininə çevrildik. Bu xoşbəxtlik isə bir an deyil, bir ömür boyu bizimlədir. 

Bu xoşbəxtliyə gedən yol 1 Avqust 2019 -cu ildə baş tutan qabiliyyət imtahanı ilə başladı. Düzü, məndə Cahangir Məmmədlinin "Jurnalistikanın müasir inkişaf meylləri" kitabı vardı. İmtahan zamanı "İnformasiyanın həyatımızda rolu" mövzusunu seçdim. Bundan iki gün öncə isə adın qeyd etdiyim kitabdan "İnformasiya janrları" haqqında oxumuşdum. Əlqərəz. Beləcə, bir neçə gündən sonra qabiliyyət imtahanının ən yüksək balla qalibiyyət sevincini yaşadım.  Elə buradaca qara üzlüklü kitabımızın ağ səhifələrinə təşəkkür edirəm. C.Məmmədli demişkən: “Hər nə varsa kitabdan başlayır” – müəllimimin icazəsilə fikirlərinə əlavə edərək deyərdim: “Elə kitabla da davam edir”. 

Elm adamlarından biri deyirdi ki, müəllim dərsə və ya auditoriyaya daxil olanda tərləyib çıxmalıdır. Bu fikir Cahangir Məmmədlinin dərs zamanı auditoriyada yorulmaq bilmədən ayaq üstə mühazirə deməsində, hər tələbə ilə fərdi işləməsində və dərsdən sonra da tələbələrə can yandırıb onlara zaman ayırmasında öz təsdiqini əyani şəkildə tapır.

Ustad müəllimim dərsdən sonra yazılarımı oxuyur və düzəlişlərini edirdi. Hər dəfə mütləq mənə qəzet və kitab hədiyyə edirdi. İndi də o qəzetlərdən, kitablardan yararlanıram. Cahangir müəllimlə istər imtahan öncəsi, istərsə də hansısa bir yazı haqqında saatlarla telefonla danışırıq. Bir də heç zaman mənim sosial şəbəkədə yazdığım statusları - yazıları cavabsız qoymur. 

Cahangir müəllim fikir adamıdır, həm də bu fikirlərini tanıdıqları ilə bölüşəcək qədər mərd adamdır. "Ən nadir mərdlik, fikir mərdliyidir." (Anatol Frans) Çalışır ki, tələbə öyrənsin. O, bu gün bütün canı və qanı ilə tələbələrə yorulmadan, usanmadan təhsil xəzinəsinin qapılarını elm açarı ilə açmağı öyrədir. Qəlbinin isti qanı ilə, ruhunun istiqanlığı ilə hər məsələyə doğma valideyn kimi, əziz dost kimi münasibətin bildirir. Yazı əsnasında dəfələrlə qeyd etdiyim kimi: Bütün bunlar ruh və qəlb işidir. 

Verilişlərin birində sevimli şairimiz Nəriman Həsənzadə görkəmli yazıçı, alim, müəllim Mir Cəlal Paşayev haqqında belə bir fikir söylədi. Sitat: "Cəlal müəllim mənim kiçik bir şeirimə, mətbuatda çıxan yazıma elə qiymət, elə dəyərli fikirlər söyləyirdi ki, bu qiymət məni ruhlandırırdı". Bütün bu məziyyətləri Cahangir müəllimdə də görürük. O da eynilə böyük ədibin sevimli şairə göstərdiyi səmimiyyəti biz tələbələrinə göstərir. Səmimiyyət heç vaxt saxtalığı, riyakarlığı, bəsitliyi, natamamlığı, qəbul etmir. Səmimiyyət üzdən, gözdən göründüyü kimi əməldə də daim təzə libas kimidir.

Cahangir Məmmədli öz daxilində həmişə mənəvi ucalığı, ülfəti, saflığı hifz edib, qoruyub saxladı. Ani bir xoşbəxtliyi ruhunu və qəlbini uca tutan əzabdan üstün bilmədi. Belə olan halda insanın ruhu da, qəlbi də saflığa köklənir: Qəlbin sarı simi, ruhun ağ simi kökdən düşmür, həmahəngliyini… itirmir.

Əbdürrəhim bəy Haqverdiyevin məşhur hekayələrinin birində şeyda bülbül tardan çıxan səsdən ehtizasa gəlib özünü alətə çırpır. Bunlar hamısı ruhla, qəlblə bağlı məsələdir. İstənilən alimin, sənət adamının və ən sadə insanın belə qəlbi, mənəvi aləmi zəngin deyilsə, o heç vaxt istər yaradıcılıq əsərlərində, istərsə də özünü ifadə tərzində mənəvi ucalığa yüksələ bilmir. Hətta hürufiliyə görə kamil insanın bütün müsbət keyfiyyətlərini daşıyan Nəyimi də Həzrəti Adəmin ruhunun daşıyıcısıdır. Nəsiminin özü də böyük Ustadı Fəzlullah Nəyiminin saf mənəviyyatının daşıyıcısı idi. Nəsimi öz şeirlərilə əsrarəngiz böyük bir fəlsəfi, poetik, qeyri-adi səslənən fikirləri yaradıcılığına gətirdiyi kimi doğruluq, dürüstlük, saflıq kimi ruhi- mənəvi keyfiyyətlər ruhun daşıyıcısı olaraq müəllimdən tələbələrinə keçir, ötürülür. Əbəs yerə deyildi ki, Nəsimi müəllimi Fəzlullah Nəyimi haqqında deyirdi ki, o, "haqqın məzhəridir" – əlbəttə, özündə də ondan mütləq bir zərrə daşıyır.

Bir neçə il bundan öncə Şəkidə ənənəvi  “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirildi. Açıq havada, güllü-çiçəkli məkanda dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının “Yuxarı Karvansaray”da nümayişi zamanı yerli, həbelə əcnəbi qonaqların diqqətini çəkən və hər kəsin böyük marağına səbəb olan nadir hadisə baş verdi. Leylinin ifası zamanı ağ göyərçin səhnənin yaxınlığında dayanaraq dahi Nizami sözünün qüdrətinə, Üzeyir bəyin musiqisinin ruhuna sanki səcdə qılaraq ecazkar musiqini dinlədi və ifa tamam olandan sonra ağ göyərçin pərvaz edib açıq səmaya qalxdı. Bu az təsadüf olunan hadisə hamının diqqətinə, marağına və heyrətinə səbəb oldu. Baxın, bütün bunlar dəfələrlə qeyd etdiyimiz kimi, gözlə görünməyən ruhun daşıyıcısıdır.

Ədəbiyyatımızın söz mülkünün sultanı - Nizami, qiymətli gövhəri - Nəsimi, qəlb və ruh şairi isə Füzulidir.

Yazının sonuna yaxın qəlb şairi Füzulinin adını heç də təsadüfi çəkmədik. Çünki dahi şairimizin yaradıcılığının qayəsi olan: pak hisslər, qəlblərə münəvvərlik, saf məhəbbət, yüksək mənəvi zövq, insani ləyaqət, etibarlılıq və ən əsası güclü əxlaq özünü məhz Cahangir Məmmədli həyatında və yaradıcılığında sözün tam mənası ilə təcəlli etdirir.

Qəlbi nurla nurlanan, ruhu saflıqla saflanan Ustadım - Cahangir Məmmədli: Ustad yaşınız mübarək olsun. Bu yaşın 8 rəqəmi həm də sonsuzluğa işarədir. Bu, tələbənin müəlliminə olan sonsuz sevgisinin rəqəm təzahürüdür. Ustad, Sizə sonsuz xoşbəxtlik, sonsuz sağlıq və ömrünüzə sonsuz bərəkət arzu edirəm. 

Yaxşı ki varımızsınız! Varlığınız mübarək!

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti