Logo

Bu günümüzü sabaha çatdıracaq abidə - FOTOLAR

26.01.2022 09:26 482 baxış
IMG

Ziyadxan Əliyev: "Heykəlin kürsüsüz olmasının özünəməxsus səbəbi var. Böyük sərvət və hörmət sahibi olan Hacı Zeynalabdin Tağıyev xalqına, Vətəninə, torpağına bağlı adam idi. Məhz buna görə də, onun heykəli kürsüsüz qoyulub, xarakterini, şəxsiyyətini, səmimiyyətini nümayiş etdirib”.

Azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev hərtərəfli fəaliyyəti, xüsusən də xeyriyyəçilik əməlləri ilə xalqımızın tarixində və yaddaşında böyük izlər qoyub. O, zamanının çətinliklərinə baxmayaraq, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı olub. Bununla müsəlman qızların şəriət məktəblərindən başqa, müasir məktəblərdə təhsil ala bilməsinə nail olub.

Təhsil müəssisələrinin himayəçisi

Xalqının gələcəyi, rifahı, maariflənməsi yolunda böyük xidmətlər göstərib. Neft, toxuculuq, balıqçılıq, enerji sənayelərinə, nəqliyyat sahəsinə böyük sərmayələr yatıraraq yeni iş yerlərinin açılmasına, insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına öz töhfəsini verib. Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması üçün Xaçmaz rayonunun Şollar kəndindən paytaxta qədər bulaq suyunun çəkilməsi də Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Məhz onun maliyyəsi, fədakarlığı sayəsində Bakı sakinlərinin o dövrdə suya olan tələbatı ödənib, Şollar suyu paytaxta yeni həyat bəxş edib. Uğurlu biznes fəaliyyətindən əldə etdiyi gəlirlər hesabına yeni məktəblər açıb, bir çox təhsil müəssisələrinin himayəçisinə çevrilib, yüzdən artıq gəncin Rusiya, Fransa, Türkiyə və Almaniyada yüksək təhsil almasına maddi yardım göstərib. Xeyriyyə məqsədilə fəaliyyət göstərən cəmiyyətlər ya H.Z.Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb. Bu gün Bakıya xüsusi gözəllik verən, paytaxtın memarlığını zənginləşdirən bir çox binalar da məhz onun təşəbbüsü ilə inşa edilib. Bundan əlavə, onun vəsaiti hesabına 1885-ci ildə Bakının əsas mətbu orqanı olan "Kaspi” qəzeti dərc olunub. Vaxtilə milyonçu və xeyriyyəçi H.Z.Tağıyevin vəsaiti ilə nəşr olunan "Kaspi” qəzeti müasir dövrdə də varlığını qoruyaraq öz ənənəsinə sadiq qalır, maarifçilik missiyasını uğurla davam etdirir.

Maarifpərvər və ictimai xadim

Azərbaycan tarixində və xalqımızın yaddaşında silinməz izlər qoyan H.Z.Tağıyevin xatirəsi hər zaman hörmətlə anılıb. 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirərkən əməkdar artist Bəhram Bağırzadə milyonçu və xeyriyyəçinin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirib. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə 26 əsər təqdim edilib. Onlar arasında heykəltəraş, Xalq rəssamı Xanlar Əhmədovun işi qalib olub. 11 mart 2020-ci il tarixdə Prezident İlham Əliyev "Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərinin mərkəzində onun abidəsi ucaldılıb.

Xeyriyyəçilik ənənələrinin davamı

Bir neçə gün bundan öncə abidənin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev əlamətdar hadisə münasibəti ilə xalqımızı təbrik edib. Qeyd edib ki, H.Z.Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə, Azərbaycanın inkişafına böyük töhfələr verib: "Çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. …Onun haqqında çox danışmaq olar. O, böyük şəxsiyyət idi, xalqa bağlı olan, xalqı qəlbən sevən, xalqın gələcəyini düşünən bir insan idi. Onu da bildirməliyəm ki, XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur. Bu ənənələr sovet dövründə, təbii ki, davam etmədi. …Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra sovet hakimiyyəti onu bütün imkanlardan məhrum etmişdi, bütün əmlakları əlindən alınmışdı, tək bir bağ qalmışdı, orada da o, ömrünün sonuna qədər yaşadı. O, uzun ömür yaşadı, dolğun ömür yaşadı. Ancaq əfsuslar olsun ki, ömrünün sonunda bu cür ədalətsizliklə üz-üzə qaldı və həyatdan çox narahat getdi. Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır. …Bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur”.

Keçmişimizə hörmət nümunəsi

Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Ziyadxan Əliyev Bakı şəhərinin mərkəzində məşhur azərbaycanlı milyonçu və xeyriyyəçi H.Z.Tağıyevin abidəsinin ucaldılmasını ölkəmizin mədəni-tarixi həyatında əlamətdar hadisə kimi qiymətləndirib. Bildirib ki, Tağıyev yaşadığı dövrdə göstərdiyi xeyriyyəçiliyə, maarifpərvərliyinə görə "millət atası” kimi tanınıb. Onun sözlərinə görə, mesenat ən çətin günlərdə belə, xalqının yanında olmağı bacarıb: "Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərində - İçərişəhərin tarixi qala divarlarının yaxınlığında abidəsinin ucaldılması azərbaycanlı milyonçunun həm şəxsiyyətinə, həm də keçmişimizə böyük hörmətdir. Bu, Tağıyevin adının gələcək nəsillərə daşınmasıdır. Belə abidələrlə bu günümüzü sabaha çatdırırıq. Heykəltəraş, Xalq rəssamı Xanlar Əhmədovun yaradıcılıq əsəri olan abidə gözəl bir sənət nümunəsidir. Heykəlin kürsüsüz olmasının da özünəməxsus səbəbi var. Böyük sərvət və hörmət sahibi olan Hacı Zeynalabdin Tağıyev xalqına, Vətəninə, torpağına bağlı adam idi. Məhz buna görə də onun heykəli kürsüsüz qoyulub, xarakterini, şəxsiyyətini, səmimiyyətini nümayiş etdirib. Bu heykəl keçmişimizə, dünənimizə, milli-mənəvi dəyərlərimizə hörmətin nümunəsidir”. (Kaspi qəzeti)

Xəbər lenti