Logo

Mingəçevir Dövlət Universitetində respublika elmi konfransı keçirilib

12.12.2020 18:34 552 baxış
IMG

2020-ci ilin 11 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2020-ci ildə keçirilməli olan beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlar çərçivəsində təşkil olunub.


“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımızda sonsuz fəxarət və sevinc hissləri yaradan möhtəşəm zəfərin qazanılmasında, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

 

Konfrans üçün seçilmiş mövzunun aktuallığından bəhs edən Ş.Bayramov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni keyfiyyət mərhələsəində inkişaf etdirilən hərtərəfli inkişaf konspesiyasının məzmununda innovasiyaların yaradılmasına və innovativ yanaşmanın tətbiqinə xüsusi əhəmiyyət verildiyini bildirib. Üç bölmə və 12 istiqaməti əhatə edən konfransın ölkəmizin təhsil və elmi ictimaiyyətinin böyük marağına səbəb olduğunu vurğulayan rektor bu elmi tədbirə respublikamızın 22 ali təhsil müəssisəsini, AMEA-nın 8 sahə elmi-tədqiqat institutunu və digər 6 təşkilatı təmsil edən 270 nəfər müəllifdən ümumilikdə 230 məqalə və tezisin təqdim olunduğunu diqqətə çatdırıb.

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev “Regional inkişafda elm, təhsil və innovasiyaların artan roluna müasir baxış” mövzusunda çıxış edib. Tarixi qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edən B.Əliyev işğaldan azad edilmiş bölgələrimizin dirçəldilməsi və inkişafına başlanıldığı bir dövrdə belə bir mövzuda konfransın keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Dördüncü sənaye inqilabının əsas çağırışlarından bəhs edən B.Əliyev innovativ inkişafı təmin edə bilən ali təhsil proqramlarının hazırlanması, onların çevik yenilənməsi, ali təhsil müəssisələrində startapların tədris prosesinə inteqrasiyası, dövlət, sənaye və universitet əməkdaşlığının gücləndirilməsi, elmi fəaliyyət nəticələrinin kommersiyalaşdırılması, sahibkarlarlıq subyektləri ilə elm və ali təhsil müəssisələrinin birgə fəaliyyətinin önəmi və digər məsələlər barədə fikirlərini bölüşüb. İnnovasiya siyasəti barədə beynəlxalq təcrübədən və regionların inkişafı sahəsində universitetlərin davamlı artan rolundan danışan B.Əliyev sözügedən məsələlərin hazırlanmaqda olan “Ali təhsil haqqında” Azərbaycan Respublikasının qanunu layihəsinin müvafiq müddəalarında əks olunacağını bildirib.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli “Yüksək texnologiya parkları və startapları regional ekosistemin inkişafının hərəkətverici amilləri kimi” mövzusunda çıxış edib. Yüksək texnologiyaların həyatımızda mühüm rol oynadığını, rəqabətqabiliyyətliliyin yüksəldilməsinə əhəmiyyətli təsir göstərdiyini qeyd edən T.Kərimli ekosistemin modernləşdirilməsinin mühüm amili kimi texnoparkların yaradılması və onların fəaliyyətinin dəstəklənməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşüb. O, neft-qaz ixrac edən ölkədən yüksək texnoloji məhsullar ixrac edən ölkəyə transformasiya prosesinin hərəkətverici qüvvəsi kimi innovasiya infrastrukturlarının əhəmiyyətini diqqətə çatdırıb.

 

MDU-nun rektoru Ş.Bayramov “İnnovativ inkişaf müasir dövrün əsas çağırışı və davamlı artımın zəruri şərtidir” mövzusunda çıxış edib. İnnovativ inkişafın davamlı iqtisadi artımın təmin edilməsindəki mühüm rolundan bəhs edən Ş.Bayramov ölkəmizdə innovasiya əsaslı iqtisadi inkişaf modelinə keçid istiqamətində həyata keçirilən kompleks tədbirlərin əhəmiyyətindən danışıb. Son dövrdə Azərbaycanın özünəməxsus innovativ idarəetmə modelinin formalaşdığını vurğulayan Ş.Bayramov yaradılan yeni institusional mexanizmlərin ölkəmizdə iqtisadi artımın dayanıqlığının gücləndirilməsinə xidmət etdiyini bildirib. Ölkəmizdə innovasiya ekosisteminin inkişafında ali təhsil müəssisələrinin rolunu vurğulayan rektor universitetlərin “təhsil–tədqiqat–innovasiya” formatında inkişafının təşviq edilməsi məsələlərinə toxunub və qeyd olunan istiqamətlər üzrə MDU-da görülən işlərdən danışıb.

“Azərbaycan İstilik Elektrik Stansiyası (İES)” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, dosent Təhmasib Hüseynov “Cənubi Qafqazın ən böyük elektrik enerjisi müəssisəsi: əsaslı yenidənqurulma, müasir texnologiya, artan potensial” mövzusunda çıxış edib. Cənubi Qafqazın ən böyük elektrik enerjisi istehsalı müəssisəsi olan “Azərbaycan İES”-in innovativ əsaslarla yenidən qurulduğunu diqqətə çatdıran T.Hüseynov elektrik enerjisi istehsalının artmasında və texnoloji prosesin təkmilləşdirilməsində innovasiyaların rolundan bəhs edib.

Plenar iclasın sonunda Azərbaycan Texniki Universitetinin, Lənkəran Dövlət Universitetinin və digər qurumların təmsilçiləri konfransın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Sonra, konfransın bölmə iclasları (Təbiət və texnika; İqtisadiyyat və idarəetmə; Təhsil və humanitar) keçirilib. Konfrans öz işini 12 dekabr tarixində davam etdirəcək.

Qeyd edək ki, MDU-nun evsahibliyi ilə keçirilən elmi konfransın əsas məqsədi iştirakçılara seçilmiş mövzu üzrə həyata keçirdikləri tədqiqatların nəticələrini təqdim etmək, müvafiq mövzular ətrafında elmi diskussiyalar aparmaq və gələcək elmi fəaliyyətlərin konturlarını müəyyən etmək imkanı yaradılmasından ibarət olub.

Xəbər lenti