Logo

Milli Məclisə tarix və mədəniyyət abidələrinin adından istifadəni məhdudlaşdıran layihə təqdim olunub

26.01.2022 18:32 617 baxış
IMG

Milli Məclisə tarix və mədəniyyət abidələrinin, habelə, mənəvi əhəmiyyətə malik yerlərin adları və rəmzlərdən istifadə qaydalarını və bu qaydaların pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan qanun layihəsi təqdim olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə apa-ya açıqlamasında qanun layihəsinin müəllifi, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib.

Layihəyə əsasən, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna “Tarix və mədəniyyət abidələri, habelə, mənəvi əhəmiyyətə malik yer adları və rəmzlərdən istifadə” adlı 19-1-ci, İnzibati Xətalar Məcəlləsinə isə “Tarix və mədəniyyət abidələrinin, habelə, mənəvi əhəmiyyətə malik yerlərin adları və rəmzlərdən icazəsiz istifadə” adlı 516-2-ci maddənin əlavə edilməsi təklif edilib. Dəyişiklik tarix və mədəniyyət abidələrinin, habelə, mənəvi əhəmiyyətə malik yerlərin adları və rəmzlərdən istifadə qaydalarını və bu qaydaların pozulmasına görə inzibati məsuliyyəti (cərimə və həbs) nəzərdə tutur.

Qeyd edək ki, deputat Soçidə son "Şuşa"-"Buta" olayı və tarixi və mədəni abidələr, o cümlədən yer adlarının istifadəsi ilə ciddi boşluqların olması səbəbindən belə bir layihənin hazırlanmasını vacib sayıb: “Hər hansı abidənin , yaxud, mənəvi əhəmiyyətə malik yurd yerimizin adını istənilən şəxs istənilən obyektə, birliyə, komandaya verə, yaxud layiqsiz formada istifadə edə bilər və bizim də faktiki olaraq bu prosesə birbaşa nəzarət mexanizmimiz yoxdur. Tarixi mədəni abidələrin, o cümlədən uğrunda qan tökülən, can qoyulan hər hansı kənd, qəsəbə və şəhərimizin adından istifadə edilməsi məsələsini tənzimləyə bilərik. Əgər biz İnzibati Xətalar Məcəlləsində hətta əmtəə nişanlarından qanunsuz istifadəyə görə məsuliyyət müəyyən ediriksə, bu məsələdə niyə normativ tənzimləmə tətbiq etməyək? Təbii ki, təqdim etdiyim layihənin qiymətləndirilməsi və qəbul edilib-edilməməsi artıq Milli Məclisin səlahiyyətində olacaq”.

Xəbər lenti