Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilməsi barədə xəbər vermişdik.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun haqda kim tərəfindən şikayət edildiyi bəlli olub. Elton Məmmmədov barəsində xüsusi ittiham qaydasında şikayət verən şəxs Vəkillər Kollegiyasının üzvü Kamal Əliyevdir.
Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri olmuş Elton Məmmədov haqda Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə cinayət işinin başlanılması istənilir.
Səbail Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Günel Səmədova sədrlik edəcək. Məhkəmənin hazırlıq iclası fevralın 2-nə təyin olunub.