Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları universitetin şəhid məzunları – Aprel şəhidi Elvin Mirzəyev, Vətən müharibəsi şəhidləri Anar Şükürov, Eltun Qasımov, Cavid Bayramov, Elcan Məmmədov və Natiq Baxşəliyevin ailələrini ziyarət edib.
Şəhidlərin ailə üzvləri ilə görüş zamanı onların tələbəlik illərindəki xatirələrindən söhbət açılıb, vətənpərvərlik hisslərinin yüksək olması xüsusi vurğulanıb. Bildirilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsi hər zaman ehtiramla yad edilir və bundan sonra da belə davam edəcək. Şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması üçün universitetdə tələbələr arasında mütəmadi olaraq maarifləndirmə işlərinin aparılması da diqqətə çatdırılıb.
AzTU-nun tələbə və məzunlarının torpaqlarımızın azad olunması uğrunda aparılan bütün döyüşlərdə ön sıralarda xidmət etdiyi xüsusi olaraq vurğulanıb.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 36, Aprel döyüşlərində isə 4 nəfər şəhidlik zirvəsinə ucalıb.