Elm və tərbiyə bir-biri ilə üzvi surətdə bağlı olan iki mühüm komponentdir. Bu iki anlayışı bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Müqəddəs "Qurani-Kərim" biliyə yiyələnməyin ilk yolunu oxuyub yazmaqda, öyrənməkdə görür. Məhəmməd Peyğəmbər buyururdu ki, elm çöldə dostumuz, tənhalıqda munisimiz, köməksizlikdə yoldaşımız, xoşbəxtlik yolunu göstərənimiz, dostlar arasında zinətimiz, düşmənlər arasında isə silahımızdır.
Elmi biliklərə yiyələnmək Allahın yanında oruc tutmaqdan, namaz qılmaqdan, Həccə getməkdən də üstündür. Başqa bir hədisində Məhəmməd Peyğəmbər alimləri yer üzünün çırağı, nuru adlandırır, biliyi bilməyənlər arasında yaymağı ən böyük sədəqə hesab edir, bilikli adamın üzünə baxmağı, onunla oturub-durmağı ibadət sayır, bilik öyrədən və bilik öyrənən arasında xoş münasibəti vacib hesab edirdi: "Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, ona qarşı mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona qarşı da mehriban olun".
Bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə var: müəllimlik peşəsi. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" demişdir. O da təsadüfi deyil ki, Heydər Əliyev Azərbaycanda ona təklif olunan müxtəlif fəxri adlardan yalnız "Xalq müəllimi" fəxri adını məmnuniyyətlə qəbul etmişdir.
Cəmiyyətin formalaşması müəllim əməyinin nəticəsi olaraq savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişməklə baş verir. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir fenomendir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. İnsanlar məhz müəllimlərdən öyrənə-öyrənə kamilləşmiş, təbiətin sirlərinə yiyələnərək onu özünə ram etməyi bacarmış, yeni-yeni kəşflərlə öz həyatlarını yüngülləşdirə bilmişlər.
Unutmamalıyıq ki, hər birimizin insan olaraq, layiqli vətəndaş olaraq yetişməyimizdə müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Dünya fatehi Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı".
Nüfuz - insanın mənəvi keyfiyyətlərə, təcrübəyə, ləyaqətə söykənərək digərlərinə təsir etmək qüvvəsidir. Bu baxımdan müəllimin nüfuzu onun mənəvi statusudur, çünki müəllimlik ictimai fəaliyyətin elə bir xüsusi sahəsidir ki, burada bilik, bacarıq, peşəkarlıqla yanaşı etik normalara riayət edilməsi nəticəsində formalaşan müəllim nüfuzunun böyük təsir qüvvəsi vardır. Çünki başqa sahə adamlarından fərqli olaraq müəllim canlı, şüurlu, faktlara və hadisələrə öz fərdi münasibəti olan insanlarla işləyir, insan ruhuna bəstəkar kimi musiqi, rəssam kimi boyalar vasitəsilə deyil, birbaşa müraciət edir, həyatına xüsusi təsir göstərir.
ABŞ-ın 16-cı Prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı əxlaq kodeksi mahiyyəti daşıyan bir məktubu var. Linkoln oğlunu məktəbə göndərən zaman onun müəlliminə də məktub ünvanlayır. Məktubda yazır: “Oğluma dürüstlüyü, ədalətli olmağı, cəsur olmağı, özünə inamı öyrədin!...” Prezident ata məktəb həyatının ilk günündən oğlunu müəllimə əmanət edir. Ata istəyir ki, müəllim oğluna dürüstlüyü və ədalətli olmağı öyrətsin. Ona qısqanclığın pis bir mərəz olduğunu anlatsın. Müəllimdən oğluna səssiz gülüşün sirlərini öyrətməyi və həmçinin oğluna kitabları sevməyi, kitabların möcüzəli bir nemət olduğunu aşılamağı istəyir. Avraam Linkoln müəllimdən oğlunun təbiətə vurğun olmasını, sevdirməsini istəyir. İstəyir ki, oğlu təklikdə olan zaman göydəki quşların, arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi bacarsın. Ata müəllimdən oğluna məktəbdə səhv etməyin hiylə işlətməkdən daha şərəfli olduğunu bildirməyi istəyir.
Müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli, çətin və mürəkkəb olmasını da xüsusi qeyd etməliyik. Çünki bu sahədə hər hansı yanlışlıq ağır nəticələrə səbəb ola bilər. Hələ 20-ci əsrin əvvəllərində dahi Üzeyir Hacıbəyov bu barədə belə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili - tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar. Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır. Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim, yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəşhi-ruzi vasitəsi axtarsın". (Ü.Hacıbəyov. Seçilmiş əsərləri, Bakı - 1985. səh.128-129).
Müəllimin öz peşəsinə münasibətində bu fikirlər çox ibrətamizdir. Müasir təhsil valideyn-müəllim-şagird üçbucağının necə qurulmasından çox asılıdır.
Danılmaz faktr ki, bu gün müasir uşaqlarla valideynlər arasında dünyagörüşün təzadları daha kəskindir. Uşaq valideynin arzuladığı kimi olmaq istəmir, valideyn isə onun arzularını olduğu kimi dərk etməkdə çətinlik çəkir. Belə məqamda çətinlik müəllimin üzərinə düşür. Bu kontekstdə, valideynlə bərabər, bəlkə də ondan daha çox uşağın hər cür əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Ona görə də valideynlər də öz məsuliyyətini dərk etməli, evdə övladları ilə maarifləndirici söhbətlər aparmalıdır. Məktəbin və müəllimin uşaqların gələcək həyatının formalaşmasındakı mühüm rolundan ətraflı danışmalıdır. Müəllimə olan istənilən növ münasibətin ailə üzvləri və öz valideynlərinə olan bir münasibət kimi qəbul edildiyini başa salmaq lazımdır. Müəllim adının, peşəsinin bəşəriyyət yaranandan bəri ən uca ad, ən müqəddəs peşə olduğunun səbəblərini uşaqların anlaya biləcəyi dildə anlatmaq lazımdır.
Bəzən sosial şəbəkələrdə özünü təhsil ekspertləri sayan bir çox insanlar müəllimin nüfuzunun qalxması üçün inzibati tədbirlər görməyi tövsiyə edirlər. Yadda saxlamaq lazımdır ki, müəllimlik-vətənpərvərlik peşəsidir. O uşaqları, gəncləri vətənə məhəbbət ruhunda tərbiyə edərək, onları vətənin müdafiəsinə hazırlayır.
Almaniya kansleri O.Bismark Almaniyanın möhtəşəmliyini alman xalq müəllimi ilə bağlayırdı. Fransa-Prussiya müharibəsində Prussiyanın qələbəsini alman müəlliminin qələbəsi hesab edirdi: "Biz qələbə çaldıq ona görə ki, alman müəllimi fransız müəlliminə üstün gəldi." O. Bismarkın təbrincə yanaşsaq, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan müəlliminin necə vətənpərvər gənclər yetişdirməsinin şahidi bütün dünya oldu.
İlham Əliyev: “...gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq.”
Prezidentin fikirlərinə istinad edərək bildirmək istərdim ki, həqiqətən də son 17 ildə ölkəmizdə yetişən gənc nəsil öz savadı, intellektual hazırlığı, dünyagörüşü, cəsarəti, dövlətinə, vətəninə və millətinə bağlılığı ilə seçilib. Gənclərimiz bütün sahələrdə uğurla təmsil olunur. Xaricdə ölkəmizin haqlı mövqeyini uğurla müdafiə edirlər. Bütün bu uğurların əldə olunmasında müəllimin əvəzsiz rolu var. Ona görə də müəllim nüfuzunu hər hansı bir inzibatı vasitə ilə, məsələn, qərarla, əmrlə yüksəltmək qeyri-mümkündür. Bu gün müəllimlik peşəsinin nüfuzunu daha da yüksəklərə qaldırmaq istəyiriksə, cəmiyyətin bütün təbəqələri müəllimə mənəvi dəstək olmağı, onun hörmətini saxlamağı özünə borc bilməlidir. Müəllimlik yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur və bizim gələcəyimizin əsasını təmin edir.
Böyük rus pedaqoqu K.D.Uşinski bu münasibətlə yazırdı: “Əgər biz həkimlərə öz sağlamlığımızı etibar ediriksə, müəllimlərə uşaqlarımızın əxlaqını, ağlını, ruhunu və bütün bunlarla bərabər öz Vətənimizin gələcəyini etibar edirik".
Sadiq QURBANOV,
Millət vəkili