Logo

Mən elə həmən gündəyəm... – Yeni şeirlər

27.01.2022 23:48 848 baxış
IMG

Kulis.az Avdı Qoşqarın yeni şeirlərini təqdim edir.

Önümdə tutqun səhərlərdi...

Qarşımda uçmağa yol var -
uçammıram, a dədəmin yurdu!
Qucmağa o qədər bel var -
yana qanrılıb qollarım -
qucammıram, ay İsə dayımın qızı!..
Dərdin daşa dönüb, çöküb qəlbimə...

Günəş canımı isidəmmir,
isidəmmir, a dağların qarı!
Sinəmi göynədən dəli harayım -
sallanır dərələrə sarı -
ilğıma əlim çatmır, a duman topası.

Önümdə tutqun səhərlərdi,
xeyirliyə açılın, a nur üzlü dan yeri...
Ruhumda kişnəyən kəhərlərdi,
aşıma qatılan zəhərlərdi -
udammıram, ay ölüm şərbətini içənlər!

Meydan şumluqdu - mən atlı,
A sonsuz bozqırlarda at oynadanlar!
Görünmür zülümün əzəli, sonu.
Mənəm - yüz qıfıllı qapı ayrıcı -
bütün qapılar üzümə bağlıdı,
açammıram, a qapı dalındakılar!

Nə dersən...

Şah İsmayıl Xətaiyə...

Göyəmi çəkilim,
yerəmi girim -
yoxsa ilim-ilim itim, nə dersən?
Ay yerin sahibi, göyün soltanı,
"atalı-analı" yetim, nə dersən?

Sinəmi qabağa verib durummu?
qandalı, zənciri vurub qırımmı?
Al üzlü gündüzlər mənim yarımmı?
Qan üzlü səhərdə bitim, nə dersən?

Gedir top yarası, getmir söz dağı,
damır salxım-salxım, damır buz dağı.
Gülün ləçəyində mənəm göz dağı -
Şişliyə çəkilir mətin, nə dersən?

Bir oddan su içir, bu çərxi gərdiş?
həyat boş get-gəldi, yaşamaq vərdiş?
Dəyirman daşıdır, fırlanır, dərdiş! -
Budanır, tökülür ətim, nə dersən?

Ömrüm sənə fəda olsun

Ömrüm sənə fəda olsun -
dərdimin ortağı yarım!
Başım baxtı, evim taxtı!
Məni diri-diri qəbirə qoyma.
qıyma nərə çəksin ruhum gecələr...
qoyma ağrı-acı gətirsin bu dərd.
Toparla cismini, ağrıya dov gəl,
yeddi qat soyuma yetərli bu dərd!
Canda təpər varsa, iradə varsa,
ağrı bütöv canın çuxası deyil,
ruhunu dik saxla, yıxası deyil...
Qılıncdı - qınından çıxası deyil...
qıjqovdu səssizcə axası deyil
"Çoban aldandı" - yağası deyil,
Od tutan Əslinin yaxası deyil
Cəhənnəm odundan betərdi bu dərd!

Bilirsən, hər şeydən bulanan suyam,
gümanım qalmayıb təzə dən əkim!
Payız yeli əsir ömür dağımdan!
bir şair nə gözəl rəsmimi çəkib, -
"Dərd başımdan tutub, qəm ayağımdan".
Nə yaman sərt əsdi payız yelləri,
əzdi çiçəkləri, tökdü gülləri -
Qoyma ayaqlarda payəndaz olum,
qoyma adım gəzsin dildə-ağızda!
Qoyma döngələrdə dirənsin yolum -
həsrətim göyərsin hər gələn yazda...
Onsuz da iynəylə gör qazıram, gor -
yaza bilmədiyim sətirdi bu dərd!
Məni uşaqların əlində qoyma,
içimi suvaran gözüm yaşıdı...
Ana yetimliyi, xatın itkisi -
dünyanın ən ağır əhlət daşıdı...
Qoyma daş ələnsin başıma göydən,
qoyma pambıq ömrüm odlara yansın!
Ürək rahatlıq tapmırsa evdə -
yetimdi - lap başı ərşə dayansın!
Mənim ərşə yetən başım, ağrıma!
Mənim yaz gətirən qışım, ağrıma!
Tale payı kimi bəxtimə düşən, -
ürəyimi əzən daşım, ağrıma!

Necə daşıyaram bu yükü sənsiz,

bu varlıq çiynimdə duz yükü sənsiz.
duz yüküm, söz yüküm,
başa sal görüm,
necə ömür sürüm, sənsiz ürəklə?
necə çay yuxarı üzüm tərsinə?
tək necə çarpışım sözlə, çörəklə,
Məxluq çay aşağı dolanıb gedir,
içim bu dünyaya calanıb gedir.
Gedir, cismim, canım talanıb gedir,
sən idin bu yolda önümü kəsən,
sən idin üstümdə yel kimi əsən.
Əsənim, kəsənim, canım, ağrıma,
ürəyim tutuşur, yanır, ağlama!
Baxıb üşüyürəm gücsüzlüyümə,
insana yenilməz güc verən haqdır,
Gözünkü qırıldı ağrı önündə -
cismin yavaş-yavaş oturacaqdı -
Gedib dirənəcək ölümə qədər,
bunları söyləmək bəlkə günahdır...
Şeytanamı uyduq, şərəmi döndük,
qəzaya-qədərə yetirdi bu dərd.
Bu yaşda dərd-bəla gətirdi bu dərd,
Səni karvanlara qoşub apardı -
məni öz içində itirdi bu dərd.

Adın heç yadda qalmır

Bir oxucu məktubundan
Adım ada qalsın, adlara qalsın,
adım bir addı ki, yadında qala.
Nə çağırmaq olur,
nə dilə yatır -
nə də ki ürəyin çatında qalır,
Ad nə desən olar,
əməl qalandı,
çox əməl sahibi - ölüb talandı...
Ad deyil - gülləyə uçan ilandı -
Qıvrılıb qatarın altında qalır.
özümə oxşayıb - kələkötürdü -
çölünü içinə ötür-ötürdü,
Şərqi deyə-deyə duza gedirdi -
aşkara oxumaz - batində qalır.
İçinə basılı qalıb çiyini -
Nimdaş görkəmdəydi -
üstü-əyini,
Nə açar bir kəsə -
qəlb istəyini -
nə umar bir kəsin yadında qala!
Adam görkəminə baxıb söyünər,
dərəyə daş atar, dağa öyünər,
Əyninə torpaqdan paltar geyinər -
Torpağın yeddinci qatında qalar.

Getdin, alovlara qaladın bizi

Getdin, alovlara qaladın bizi,
suvandı odamız həsrətlə, qəmlə...
bir az nizama sal -
gor evimizi, -
gəlirəm bir yaxşı ot çayı dəmlə!

Ruhun tanrılara daha yaxındı,
öyrən nə deyirlər gedib-qalannan?!
Sanırdım bu bizdən kənar axındı -
canım səksəkədə sən gedən annan!

Əcəl qapımızı döydü qış kimi,
hamıdan tez verdin əcələ yaxa!
Gördüm gözlərində həyat eşqini, -
Qoymurdun ruhunu bədənnən çıxa.

İlk dəfə anladım gücsüzlüyümü,
İlk dəfə gördüm ki, "mağmın bəndəyəm".
O ki çırpınırdın ölüm qabağı
Mən elə indi də həmən gündəyəm!

Gün nədi, ay nədi, ilim beləcə, -
oynayır şimşəklə, oynayır odla.
Gəlim qabağında ölüm beləcə -
Ölüyə nə var ki, dirini ağla...

Nə ölü, nə diri öz yerindədi,
dəyişib günəşlə ulduzun yeri.
Ayrılıq quyusu çox dərindədi,
uçdusa qayıtmaz bir daha geri.

...Üstünə qoyulan sinə daşıdı,
pərdə tək çəkilib sanki torpağa.
Səni bəşər bilib, sevib yaşadım,
bir müsəlman kimi qoydum torpağa.

Uddu qara torpaq tale ilkimi,
Allaha, fələyə kəsildim asi!
Sona çatan ömür tanrı yazandı,
mənim əlimdədi -
bundan sonrası.

Saralıb budaqdan ayrılır yarpaq
sən erkən qopardın ömür tağını.
Sənə qucaq açdı anamız torpaq,
çətin mənimkidi - haranı seçim?
hansı xarabanın künc-bucağını...

15-20 oktyabr 2021

Xəbər lenti