"8-ci sinif şagirdi olan qızım Əzizova Zəhra ona qarşı edilən özbaşınalığa görə intihara cəhd edib, hazırda onun həyat və sağlamlığı ciddi təhlükə altındadır. Buna isə Ucar rayon Qaradağlı kənd tam orta məktəbin direktoru Səkinə Səfərəliyeva şərait yaradıb göz yumur".
Bu barədə "Tehsil.biz" redaksiyasına adıçəkilən şagirdin valideyni, Ucar rayonu Qaradağlı kənd sakini Əzizov Nicat Fərhad oğlu tərəfindən şikayət məktubu ünvanlanıb.
Şikayətçi bildirib ki, 2008-ci ildə anadan olmuş qızı Əzizova Zəhra Ucar rayonunun Qaradağlı kənd tam orta məktəbində 8-ci sinifdə oxuyur.
F.Əzizovun sözlərinə görə, dərslərini əla qiymətlə oxuduğu üçün 5 ildir, sinif nümayəndəsi olan Zəhraya qısqanclıqla yanaşan məktəb kitabxanasının əməkdaşı öz övladını öyrədərək mənim Zəhranı təhdid edir, ona qarşı zor işlədirlər: "Kitabxana əməkdaşının qızı heç bir əsas və səbəb olmadan qızım Nəzrinlə hər gün dalaşır, onu vurur, təhqir edir, geyimini, çantasını cırıb şagirdlər arasında alçaldır. O, bu zorakı tərbiyəsiz hərəkətlərini anasına güvənərək edir. Mən bu barədə məktəbin direktoru Səkinə Səfərəliyevaya və Təhsil Şöbəsinin müdiri Rauf Məmmədova şifahi məlumat verərək araşdırılıb tədbir görülməsini xahiş etmişəm. Ancaq qızıma qarşı zor tətbiq edib, onunla qərəzçilik aparanlar barədə heç bir tədbir görülməyib. Buna səbəb qeyd etdiyim kimi, övladıma zor tətbiq edən şagirdin anası həmin məktəbdə kitabxanaçı vəzifəsində işləyir və direktorla yaxın münasibəti var. Bu səbəbdən onun tərbiyəsizlik edən qızı barədə heç bir tədbir görülmür.Hətta cəzasızlıqdan daha da həvəslənən şəxs digər şagirdləri də öyrədib mənim qızım Zəhraya qarşı çıxarmışdır".
Şikayətçi bildirib ki, onun övladı edilən zorakılığa dözə bilməyərək intihar etməyə cəhd göstərib: "Qızım öz qolunu kəsərək intihar etmək istəyib. Onun səhhəti pisdir, hər an özünü öldürə bilər. Hazırda övladımın həyat və sağlamlığı ciddi təhlükə altındadır. Buna görə qanuni tədbirlər görülməli, məktəb direktoru ciddi cəzalanmalı, qızım Zəhraya qarşı zorakılıq göstərənlər başqa məktəbə və ya başqa sinfə köçürülməlidir. Mən bu barədə şikayət ərizəsi ilə təhsil nazirinə və Ombudsmana müraciət etmişəm. Mətbuat vasitəsi ilə də təhsil naziri Emin Əmrullayevdən və Ombudsman Səbinə xanım Əliyevadan xahiş edirəm, komissiya yaradıb Ucar rayonu Qaradağlı kənd tam orta məktəbə göndərib qanuni və ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz".
Məsələ ilə bağlı Qaradağlı kənd tam orta məktəb və Ucar rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamaq cəhdlərmiz hələlik boşa çıxsa da, araşdırmalarımız davam edir.
Fəqan Əzimli