Logo

USTAD UCALIĞI - Şahanə Müşfiq yazır...

29.01.2022 21:21 659 baxış
IMG

Şahanə MÜŞFİQ

Günlərdən bəri hər kəs professor Cahangir Məmmədlinin 80 illik yubileyi münasibətilə yazılar yazır, sosial şəbəkələrdə ona statuslar həsr edir. Keçmiş tələbələri, indiki tələbələri, həmkarları onunla ən gözəl xatirələrini bölüşürlər. Hamısını tək-tək oxuyuram. İllərdir, tanıdığım, sevdiyim Cahangir Məmmədlidən başqası yoxdur o yazılarda.

Cahangir müəllim mənə dərs deməyib, heç mən də Jurnalistika fakültəsinin məzunu deyiləm. Amma icazə versəydi, ona Ustad deyərdim. Dərs təkcə auditoriyada, parta arxasında olmaz ki.

Mən Cahangir müəllimdən jurnalistikanın deyil, insanlığın sirlərini öyrənmişəm. Öyrənmişəm ki, hansı yaşda, hansı statusda, hansı ucalıqda olmağına baxmayaraq, özündən dəfələrlə kiçik, təcrübəsiz bir gəncin ən xırda işinə belə diqqət göstərmək, onu həvəsləndirmək, onda özünə inam yaratmaq olarmış. Öyrənmişəm ki, sevgi təkcə xoş sözlər deyil, bəzən içdən gələn bir təbəssüm də ola bilirmiş. Öyrənmişəm ki, bəzən ən yaxınından, ən doğmandan görmədiyin diqqəti tamamilə yad insandan da görmək olurmuş.

"525-ci qəzet"də təzə işlədiyim vaxtlar idi. Bir gün redaktorumuz Yusif Rzayev gəlib telefonunu mənə uzatdı ki, Cahangir Məmmədli sənlə danışmaq istəyir. Düzü, çaşıb qaldım. O vaxtacan Cahangir müəllimi canlı görməmiş, kəlmə kəsməmişdim. Çəkinə-çəkinə telefonu qulağıma apardım. Dəstəkdən gələn ilıq, mehriban səs bütün ruhuma rahatlıq bəxş elədi. Mənə müraciətini xatırlayıram: "Nənə". Bilənlər bilir, ağdamlıların əziz bildikləri, qızı kimi gördüklərinə müraciətidir "nənə". Ruhuma doğmalıq bəxş edən o səs qəzetdə yeni çıxan yazılarımdan biri haqda danışırdı. Hələ bunu da dedi ki, mənim yazılarımı mütəmadi izləyir və təqdir edir. Nə yalan deyim, həm sevinmiş, həm də qürurlanmışdım. Ən çox isə təəccüblənmişdim. Axı bizdə var böyüklərin kiçiklərə tərif xəsisliyi, qızırqalanmaqları. O səs isə səmimi, içdən sözləriylə ruhumu isidir, təəccübümdən buza dönmüş hisslərimin donunu açırdı.

Sonra tədbirlərdə tez-tez qarşılaşdıq Cahangir müəllimlə. O şax duruşunun, gülən gözlərinin arxasında həmişə kövrək bir qəlb boylandı ruhuma sarı. Gördüm ki, sən demə, onun bu kövrək istisinə qızınan tək insan mən deyiləm. Cahangir Məmmədli əli yetən, ünü çatan hər kəsə, xüsusən, istedad işığı gördüyü gənc qələm sahiblərinə qarşı bu cürdür.

Nə zaman telefonumun ekranında Cahangir Məmmədlinin adını görsəm, üzüm gülür. Onunla söhbətlər, verdiyi tövsiyələr tək yaradıcılığıma deyil, həyat yoluma da işıq saçır, mayak olur. Söhbətlərimiz isə Cahangir müəllimin təxminən eyni ərkyana tapşırığıyla bitir: "Nənə, bax birdən maddi, mənəvi nəyəsə ehtiyacın olar, mənə deməzsən ha. Vallah inciyərəm. Öz baban kimi bil məni, nə vaxt nə lazım olsa, çəkinmə..."

Bu həssaslığın ona hardan gəldiyini isə çox sonralar öyrəndim. Müasir jurnalistikanın əfsanələrindən, bütün jurnalistlərin müəllimi olan mərhum Şirməmməd Hüseynovun yubiley tədbirində Cahangir Məmmədli öz müəllimiylə bağlı xatirələrindən bəhs edirdi. Onda danışdığı bir hadisəni heç unutmuram. Uşaq yaşından atasını itirən, yoxsulluq içərisində böyüyən Cahangir müəllimin tələbəliyi də asan keçməyib. Necə deyərlər, bir qarnı ac, bir qarnı tox, əyni nazik, başı açıq ötüşdürüb günlərini. Ruhunu doyuran, qəlbini isidən isə seçdiyi sənət yolu, dərsləri, kitabları olub. Bir də müəllimi Şirməmməd Hüseynovun ucalığı. Gənc tələbəsinin elmə marağını, jurnalistikaya sevgisini görən Şirməmməd müəllim tələbəsini diqqətdən kənar qoymayıb, hər zaman həm elm, həm də həyat yolunda inamla addımlaması üçün dəstəyini əsirgəməyib. Hətta bir dəfə çox soyuq havada tələbəsinin köhnə pencəkdə dərsə gəlib getdiyini görən müəllim özünün paltosunu ona hədiyyə edib. Cahangir müəllim deyir ki, o palto ömrümdə aldığım ən gözəl hədiyyə idi. Sonra özü müəllim olanda ustadının yolunu ən layiqli şəkildə davam etdirəcəyinə söz verir və bu sözünə yarım əsrdən çoxdur, sadiq qalmaqda davam edir.

Bəli, müəllim təkcə dərs öyrədən, tələbə yetişdirən deyil. Müəllim həm də insan yetişdirəndir. Behiştlik Şirməmməd Hüseynov Cahangir Məmmədlini yetişdirməyi bacarmışdı. Bu gün də Cahangir Məmmədli beləcə yüzlərlə, minlərlə jurnalistin insan kimi yetişməsində əvəzsiz rol oynayır.

Ağdamda doğulub Cahangir müəllim. Onun mavi gözlərində Ağdam kədərini görmək heç də çətin deyildi. Doğma yurduyla bağlı söhbətlərinin, xatirələrinin dəfələrlə dinləyicisi olmuşam. Gah duman gəlib gözlərinə, gah da qəhər oturub boğazına. Amma həmişə gülüb üzü. İnamını, ümidini itirməyib, ətrafındakılara da itirməyə qoymayıb. Nəhayət, tale bəlkə də Cahangir müəllimin bu səmimi, uşaqca inamına cavab kimi bəxş elədi Qarabağı bizə. Doğma yurdu Ağdam işğaldan azad edildi. Yaxın günlərdə 80 illik yubileyinə hədiyyə kimi getdi Cahangir müəllim Ağdama. Onun bu səfərindən hazırlanmış filmdə ən çox diqqət etdiyim qocaman ustadımızın həsrət dolu gözləri idi. Maşının pəncərəsindən doğma Ağdamına, tanış küçələrə zillənən baxışlar sanki gecikməsinə görə torpaqdan üzr istəyir, bu qovuşma üçün göylərə təşəkkür edirdi. Göylər dedim, Allah adamıdır Cahangir müəllim. Yaradanına bağlılığı hər birimizə yaxşı məlumdur. İllər sonrakı bu qovuşmanın ilk ünvanı olaraq "Allahın evi"ni - Ağdam Cümə məscidini seçməsi də təsadüfi deyildi. Allahına təşəkkürə, minnətdarlığa, şükrə tələsirdi o. 80 yaşlı el ağsaqqalımıza, qəlbi uşaq kövrəkliyiylə çırpınan böyüyümüzə bu müqəddəs ziyarəti bəxş edən Allaha biz də nə qədər şükür etsək, azdır.

Əziz oxucu, bəlkə də professor, Əməkdar jurnalist, BDU-nun kafedra müdiri Cahangir Məmmədli haqqındakı bu təbrik yazımda fikirlərin, hadisələrin pərakəndəliyi sizi təəccübləndirəcək. Ancaq təəccüblənməyinizi istəməzdim. İnsan çox sevdiyi doğması haqda heç də ölçü-biçili danışa bilmir ki. Axı o sevginin özü ölçüyə sığmır, təsviri necə sığsın?!

Sonda əziz böyüyümüzü, dəyərli ustadımızı 80 illik yubileyi münasibətilə həm öz adımdan, həm də "525-ci qəzet"in əməkdaşları adından təbrik edir, ona möhkəm can- sağlığı, uzun ömür arzulayıram!

Xəbər lenti