Logo

“Kinoloq” ixtisası üzrə təlimlərə başlanılıb

31.01.2022 13:15 813 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin əməkdaşlığı çərçivəsində “Kinoloq” ixtisası üzrə qısamüddətli təlimə başlanılıb.

Tehsil.biz xəbər verir ki, təlimlərin başlanması ilə əlaqədar olaraq 28 yanvar tarixində Dövlət Gömrük Komitəsinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Kinoloji Mərkəzin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələri və seçilmiş təlim iştirakçılarınin iştirakı ilə açılış tədbiri keçirilib. Tədbir zamanı tərəfdaş müəssisələrin rəhbərləri çıxış edərək tədbir iştirakçıları ilə kinologiya sahəsində kadr hazırlığının gələcək perspektivləri barədə müzakirə aparıblar.

Dörd ay müddətində keçiriləcək təlimlər zamanı iştirakçılar kinologiyanın tarixi, itlərə qulluq, kinologiyanın təşkil olunması, itlərin anatomiyası və fiziologiyası, psixologiyası, xidməti itlərin seçilməsi və çoxtərəfli istiqamətlərdə (mina və silah sursat, partlayıcı maddə, psixotrop vasitələr və s. axtarışı) hazırlanması, tibbi yardım kimi istiqamətlərdə dərin nəzəri-praktiki bilik və bacarıqlara yiyələnəcəklər.

Təlimlərin nəzəri hissəsi Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Kinoloji Mərkəzdə təşkil ediləcək. Təlimlər Kinoloji Mərkəzin xidməti axtarış itlərinin və kinoloqların hazırlanması üzrə təcrübəsi olan, yüksək ixtisaslı mütəxəssisləri tərəfindən keçirilir. Qeyd edək ki, Kinoloji Mərkəz kinoloqların və xidməti axtarış itlərinin hazırlanması üzrə yüksək səviyyəli texniki və avadanlıq təchizatına malikdir.

Xəbər lenti