Ucar rayonunda 13 yaşlı məktəbli qızın intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.
Hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, artıq məsələ nəzarətə götürülüb və faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Məsələ ilə bağlı şagirdin atası N. Ə. bir neçə gün əvvəl mətbuata şikayətlə müraciət edib. Məktəblinin valideyni iddia edib ki, 8-ci sinif şagirdi olan qızına qarşı sinif yoldaşı tərəfindən özbaşınalıq halları olub. Belə ki, valideyn sinif yoldaşının hər gün onun qızını vurub, təhqir etdiyini, geyimini və çantasını cırdığını deyib: "Qızım edilən zorakılağa dözə bilməyərək intihar etməyə cəhd göstərib. O, öz qolunu kəsərək intihar etmək istəyib. Qızımın səhhəti pisdir, hər an özünü öldürə bilər. Hazırda övladımın həyat və sağlamlığı ciddi təhlükə altındadır".
Ata eyni zamanda məktəbin direktoru Səkinə Səfərəliyeva və kitabxanaçısına qarşı da ittihamlar irəli sürüb.
Təhsil Nazirliyindən bildirilib ki, məsələ araşdırlır, əlavə məlumat təqdim olunacaq.