Logo

LDU-da 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib

02.02.2022 13:35 611 baxış
IMG

Lənkəran Dövlət Universitetində (LDU) 2 fevral Gənclər Günü münasibətilə keçirilən tədbiri universitetin Sosial məsələlər üzrə prorektoru Kamran Kazımov açaraq iştirakçıları və LDU-da təhsil alan, çalışan bütün gəncləri rektor, professor Natiq İbrahimovun adından təbrik edib.

Kamran Kazımov çıxışında bildirib ki, məhz  H.Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə dövlət və cəmiyyətin sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında gənclərin iştirakının vacib məsələ olduğunu diqqət mərkəzinə çəkib. 1994-cü ildə  Ümummilli Liderimizin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirilməsi,  1997-ci ildən etibarən 2 fevral tarixinin "Azərbaycan gəncləri günü" elan edilməsi, 1999-cu ildə Ulu Öndərin "Dövlət Gənclər Siyasəti"nin həyata keçirilməsi ilə bağlı Fərmanı, 1999-cu ildə "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi" Proqramı gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlar kimi qiymətləndirilməlidir.

2001-ci il sentyabrın 3-də Ümummilli Lider Heydər Əliyev elmə verdiyi yüksək qiyməti və gənclərə göstərdiyi qayğını bir daha əməllərində sübut edərək  "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Fərman imzalayıb. Bu Fərman ali məktəblərdə təhsil alan gənclərə öz elmi fəaliyyətlərində daha böyük uğurlar əldə etmək üçün böyük bir stimul və maddi dəstək olub.

K.Kazımov bildirib ki,  dövlət idarəçiliyi sistemində gənclərin iştirakını təmin etmək, onların potensialından düzgün istifadə etmək məqsədilə Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq edib, "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" qəbul olunub. Hazırda Azərbaycan gəncləri onlara göstərilən etimadı, bu etimaddan irəli gələn məsuliyyəti başa düşür və öz dövləti və lideri ətrafında sıx birləşməklə bu etimadı doğruldur.

LDU Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyev çıxışında istedadlı və fəal tələbələrin maddi və mənəvi cəhətdən stimullaşdırılması istiqamətində universitetdə görülən işlərdən, gələcək istiqamətlərdən söz açıb.

Gənclərlə iş üzrə mütəxəssis Aytac Tacibzadə, tyutor, II Qarabağ  müharibəsi iştirakçısı, qazi  Əli Zamanzadə, tələbələr Tünzalə Hüseynova, Şəbnəm Abdullayeva  tədbirdə çıxış edərək müasir gəncliyin qarşısında duran vəzifələrdən söz açıblar.

Xəbər lenti