Logo

Yaradıcı təşəbbüslərin bəhrəsi

02.02.2022 15:49 757 baxış
IMG

V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri

Son  illər ölkəmizin təhsil sistemində aparılan keyfiyyət dəyişiklikləri özünü  müəllimlərimizin yaradıcı təşəbbüslərinin bəhrəsi olan inkişaf və innovasiya xarakterli layihələrdə göstərir. Cari tədris ilində beşinci dəfədir ki, reallaşdırılan “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin qalibləri olan  müəllimlərin ideyaları da yeniliyi və aktuallığı ilə seçillir. Qalib layihələrin müəllifləri olan novator müəllimlərimiz  “Azərbaycan müəllimi”nə öz hədəf və axtarışları barədə fikirlərini bölüşüblər.

 “STEAM-Robot klub”

Şuşa rayonu  Malıbəyli kənd 1nömrəli tam orta məktəbin fizika müəllimi Elşad Cəfərov V Qrant müasibəsində  fərdi kateqoriya üzrə “STEAM-Robot klub”  layihəsi ilə  qalib gəlib. E.Cəfərov müasir dövrdə innovativliyi ilə seçilən təhsil yanaşmasına həsr olunmuş layihəsi barədə danışır:

- Layihənin məqsədi Şuşa rayon məktəblərinin müəllim və şagirdlərinin STEAM təhsili praktikasında robot biliklərə yiyələnməsi və məktəbdə təhsil robotları ilə təchiz olunmuş dərs otağının yaradılmasıdır. Layihənin icrasına nail olmaq üçün əlverişli laboratoriya otağı hazırlandı. Ötən il oktyabrın 10-dan 15-dək layihə üçün seçilmiş Şuşa şəhər 1,  2,  3,  5,  Şuşa rayon Malıbəyli kənd 1 nömrəli orta məktəblərin fizika, kimya və informatika ixtisası üzrə 9 müəllim və ümumilikdə, 35 şagird STEAM dərslərin təşkili, "Birplatalı Platforma üzərində kodlaşdırma" (Micro:Bit), "Modelləşmə və Dizayn" (3D CAD) modulları, "Spike Robot Lego Education" üzrə təlimləri müvəffəqiyyətlə bitirdilər. 

Təlimin sonunda şagird və müəllimlər sertifikatla təltif olundular. Həmçinin şagirdlərin 3 aylıq layihə müddətində hazırladıqları əl işləri, öyrəndikləri Robot lego bacarıqları Şuşa rayon 1 nömrəli məktəbdə  nümayiş olundu.

“Qəhrəmanları yaşadan qəhrəmanlardır"

Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Afaq İsmayılova V Qrant müsabiqəsində fərdi kateqoriyada  “Qəhrəmanları yaşadan qəhrəmanlardır" layihəsi ilə iştirak edib və qalib gəlib.

-  Təsviri  incəsənət müəllimi olduğum üçün həmişə yeniliklərə can atıram. İkinci dəfədir ki, layihə qalibiyəm. Ötən il IV Qrant müsabiqəsinə təqdim etdiyim layihəni uğurla icra  etdim. Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə bir-birindən maraqlı layihələr icra olunur. İdeyamın həyata keçirilməsində mənə belə bir fürsət yaratdığı üçün Təhsil Nazirliyinə öz  minnətdarlığımı bildirirəm. Bu layihənin məqsədi şəhid qəhrəmanlarımızı şagirdlərə tanıtmaqdır. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin qarşısında duran və layihənin hədəfində olan məqsədlərdən biridir. 

“Qəhrəmanları yaşadan qəhrəmanlardır” layihəsinin məqsədi şagirdlərimizə Kürdəmir rayonundan olan şəhid qəhrəmanlarımızı tanıtmaqla onların xatirəsinin  plastilinlə əbədiləşdirilməsinə nail olmaq və barelyef üzərində işləməyi öyrətməkdir. Bu, həm də şagirdlərdə estetik və vətənpərvərlik hisslərinin inkişafıdır.  Bütün dünyada həkimlər və pediatrlar təsdiq edirlər ki, plastilin boş əyləncə deyil,  həm də onların yaradıcılıq potensialına, ümumiyyətlə  uşaq orqanizminin hərtərəfli inkişafına müsbət təsir edir. Plastilinlə iş uşaqlarda motorika bacarıqlarını inkişaf etdirib əzələlərini gücləndirməyə, barmaq uclarındakı kiçik əzələlərin güclənib inkişaf etməsinə yardımçı olur. Şəhid qəhrəmanlarımızın obrazını barelyeflərdə əbədiləşdirən şagirdlərin əl-göz koordinasiyası formalaşır, qavrama bacarıqları artır, həm də rayonumuzdan olan şəhidlərin keçdiyi həyat yolunu öyrənir, onları yaxından tanıyırlar. Şagirdlərdə şəhidlərimizə, onların ailələrinə, şəhid övladlarına düzgün münasibət, mübarizlik, fəal ictimai mövqe tərbiyə olunur. Layihənin icrasına ötən il sentyabrın 15-dən başlanılıb. Oktyabr ayının ilk həftəsindən  həftədə bir dəfə olmaqla, hər şənbə günü eyni vaxtda Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində həm canlı, həm də onlayn olaraq təlimlər keçirdik. Layihənin eksperti Kürdəmir Rayon Təhsil  Şöbəsindən  Mehman Osmanov, ekspert-heykəltəraş Rəssamlar İttifaqının üzvü Tamerlan Mirzəliyevdir. Layihədə Kürdəmir məktəblərindən 40 şagird iştirak edib. Onlar relyef kompozisiyalarını sərgiləyiblər. Layihənin yekun təqdimatında şəhid valideynləri, müəllim və şagirdlər iştirak ediblər. Şagirdlərin hazırladığı barelyeflər Şəhid qəhrəmanlarımızın analarına təqdim olunub. Layihədə əməkdaşlıq edən müəllimlərə və şagirdlərə sertifikatlar verilib.
Düşünürəm ki, bu layihə Kürdəmir məktəblilərində yeni nailiyyətlərə səbəb olacaq, onların vətənpərvər şəxsiyyətlər kimi yetişməsinə xidmət edəcək.  

Dəmir yumruq əməliyyatı şagirdlərin gözündə rəsm müsabiqəsi”

Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbin ibtidai sinif müəllimi Elməddin İbadovun V Qrant müsabiqəsində qalib gəlmiş layihəsi İkinci Qarabağ müharibəsində əldə olunmuş Böyük Zəfərə həsr edilib. Layihənin müəllifi görülmüş işlər barədə məlumat verib:

-Yanvarın 16-da "Dəmir yumruq əməliyyatı şagirdlərin gözündə rəsm müsabiqəsi” layhəsinin final mərhələsi keçirilib. Müsabiqə Cəlilabad şəhərində, Heydər Əliyev Mərkəzində təşkil olunub. Müsabiqənin qaydalarına görə, final mərhələsinə seçilmiş şagirdlər verilmiş vaxt ərzində seçdikləri mövzuda rəsm çəkiblər. Şagirdlər eyni şəraitdə, eyni şərtlər altında rəqabət aparıblar. Bütün proses münsiflərin müşahidəsi ilə baş verib. Rəsm əsərləri 9 meyara əsasən qiymətləndirilib:

  • • Ordumuzun güc və əzəmətinin təsviri

  • • Azərbaycan əsgərinin cəsurluğunun təsviri

  • • Azərbaycan əsgərinin qəhrəmanlığının təsviri

  • • İşğaldan azad edilmiş ərazilərin gözəlliyinin tərənnümü

  • • Şəhidlərimizin və qazilərimizin qarşısında borcluluq hissinin təsviri

  • • Komponovka

  • • İşıq-kölgə effekti

  • • Rəng və fon seçimi

  • • Orijinallıq.

Layihənin final mərhələsində 6 müxtəlif məktəbdən 38 şagird iştirak edib.  Müsabiqə iştirakçılar tərəfindən maraqla və həyəcanla qarşılanıb.

Müsabiqə 4 nominasiya üzrə aparılıb:

  • 1.Ən yaxşı sulu boya işi

  • 2.Ən yaxşı qrafika işi 

  • 3.Ən yaxşı yağl boya işi

  • 4. Aşağı yaş qrupu üzrə (ibtidai təhsil səviyyəsi üzə) ən yaxşı iş. 

Hər nominasiya üzrə birinici, ikinci, üçüncü yerlər və həvəsləndirmə mükafatları təsis olunub. Qaliblər rəssamlıq avadanlıqları və diplomlarla təltif olunublar. 6 nəfər şagird həvəsləndirmə yerlərinə layiq görülüb. Bütün layihə iştirakçıları sertifikatla təltif olunublar. Tədbirdə müəllimlər, valideynlər, qazilər, Cəlilabad Rayon Təhsil Şöbəsinin nümayəndələri, Cəlilabad Rayon Mədəniyyət Mərkəzinin,  Cəlilabad rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. .
Layihə çərçivəsində 44 günlük müharibə zamanı ordumuzun qəhrəmanlıq dolu Zəfər yolu şagirdlərin gözündə canlandırılıb.

“Rəngli dünyamız”

Astara rayon Şiyəkəran kənd O.Yəhyayev adına 2 saylı tam orta məktəbin təsviri incəsənət müəllimi Aytən Həsənovanın V Qrant müsabiqəsində qalib olduğu “Rəngli dünyamız” layihəsi şagirdlərdə rəssamlıq bacarıqlarının inkişaf etdirilməsini nəzərdə tutur. A.Həsənova layihənin mahiyyəti və görülmüş işlər barədə danışır:

- Layihənin məqsədi kənd şagirdləri üçün onlayn təlimlərin və müsabiqələrin keçirilməsi yolu ilə onların rəssamlıq bacarıqlarının inkişafına nail olmaqdır. Layihənin onlayn açılışından sonra layihədə iştirak etmək üçün Astara rayonu Şiyəkəran kəndindən olan istedadlı şagirdlər seçilib. Bu sahəyə marağı və rəsm bacarığı olan ən azı 20 şagird  müəyyən edilib. Əlavə olaraq daha 6 şagird konüllü olaraq layihənin icrasında iştirak edib. Onlar 5-9-cu sinif şagirdlərinin arasından seçilib. Sonra hər bir şagirdə rəssamlıq üçün tam ləvazimat dəstləri (akvarel kağızı, rəsm dəsti, qələmlər, sulu boya, yağ pastel, rəngli qələm, boya fırçası və s.) hədiyyə olunub. Bunların hər biri rəssamlar üçün vacib olduğundan şagirdlərə təqdim edilməsi vacibdir. Şagirdlər bu hədiyyələrdən  həvəslənərək işlərini daha keyfiyyətli şəkildə təqdim ediblər. Şagirdlərin rəsmçəkmə texnikasını  təkmilləşdirmək üçün etüdlər təşkil olunub. Onlar kənddə yaşadıqları üçün müxtəlif təbiət mənzərələrini, ev heyvanlarını və digər bir çox obyektin rəsmini çəkiblər. Onlara təlim keçməsi və tövsiyələr verməsi üçün rəssam-mütəxəssis tərəfindən onlayn şəkildə təlimlər təşkil edilib. Bu da şagirdlərin rəssamlıq üzrə həm biliklərinin, həm də bacarıqlarının artırılmasında daha geniş rol oynayıb. Sonra layihədaxili rəsm müsabiqəsi təşkil edilib. Bununla yanaşı, şagirdlərin əl işləri digər müxtəlif sərgi müsabiqələrinə göndərilib. Bu çərçivədə Astara rayon Rəsm Qalereyası ilə əməkdaşlıq da baş tutub. Şagirdlərin əl işləri qiymətləndirilib. Onların əl işlərinin ictimaiyyətə təqdim olunması məqsədi ilə www.wixsite.com platformasında “www.renglidunyamiz.wixsite.com” bloqu yaradılıb. Bu, həm də şagirdlərin motivasiyasına  səbəb olub. Bloqda, həmçinin layihə haqqında ətraflı məlumatlar da yerləşdirilib. Son olaraq layihənin Astara Dövlət Rəsm Qalereyasında hesabat sərgisi olub, şagirdlər təltif edilib.

Oruc MUSTAFAYEV

Xəbər lenti