Logo

"Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli" mövzusunda konfrans keçirilb

02.02.2022 16:07 796 baxış
IMG

Fevralın 1-də YAP Gənclər Birliyinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunmuş "Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli" mövzusunda konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Gənclər Gününə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanda dövlət gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda açılış nitqi ilə çıxış edən YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan gəncliyi həm ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirib, həm də respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyət və şərəflə gəlib. Tahir Budaqov qeyd edib ki, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirib. 

Konfransda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov ilk olaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında keçirilmiş Azərbaycan Gənclərinin I Forumu barədə xatirələrini bölüşüb. Firudin Qurbanov bu gün təhsilimizin davamlı inkişafının Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. 

Ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün ardıcıl işlər görüldüyünü diqqətə çatdıran nazir müavini bu gün Azərbaycan dövlətinin gənclərin yüksək təhsil alması üçün bütün lazımi addımları atdığını qeyd edib. Firudin Qurbanov əlavə edib ki, xüsusilə təhsilimizin maddi-texniki bazasının gücləndirilməsi, dünya təhsilinə inteqrasiyası istiqamətində sistemli tədbirlər həyata keçirilir. Gənc nəslin yüksək biliklərə sahib olması, vətənpərvər ruhda yetişdirilməsi, istedadlı gənclərin üzə çıxarılması, dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi və s. addımlar bu qəbildəndir. Gəncliyin inkişafı istiqamətində müxtəlif dövlət proqramları da icra olunub. Bu proqramların məqsədi Azərbaycan gəncliyinin müasir biliklərə sahib olmasıdır.

Nazir müavini çıxışının sonunda gənclərə öz tövsiyələrini verib.

Konfransda çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev qeyd edib ki, bu gün Azərbaycanın gənclər siyasəti dünyanın bir çox ölkələri üçün qabaqcıl nümunədir və artıq bu nümunə öyrənilir. Dövlətimiz gənclər üçün bütün imkanları yaradıb. Gənclərimiz bu imkanlardan yararlanmalıdırlar. 

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki,  Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücünün məhz gənclər olması sirr deyil.  Ülvi Mehdiyev könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyətinin olduğunu deyib.

Konfransda çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev bildirib ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Məhz onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. 

Konfransda yekun nitq söyləyən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov  2 fevral - Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək gənclərimizə müstəqil ölkəmizin inkişafı naminə fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

Konfransda Yeni Azərbaycan Partiyasının üzvü olan fəal gənclər müxtəlif nominasiyalar üzrə YAP tərəfindən diplom və müvafiq qurumlar tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

Sonra “Azərbaycan gəncliyi üçün yeni çağırışlar: Əsas prioritetlər” mövzusunda panel iclası keçirilib.

Xəbər lenti