Logo

Qalib ölkənin qalib gəncliyi - Ramin Səmədov

02.02.2022 17:58 575 baxış
IMG

Təqvimimizdə 2 fevral əlamətdar tarixi günlərdən biridir. 

Azərbaycan Gəncləri Günü yeni nəslə daim böyük diqqət və qayğı ilə yanaşmış, dövlətin gənclər siyasətinin təməlini qoymuş və bu siyasəti Azərbaycanın hərətərəfli inkişafının mühüm istiqamətlərindən biri kimi dəyərləndirmiş Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

25 il bundan öncə Ulu Öndərin imzaladığı Fərmanla fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilən Gənclər Günü kimi təqvimdə yer alıb. Bütün dünyaya nümunə olan bu addımdan xeyli sonra BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə Beynəlxalq Gənclər Günü (12 avqust) elan edilmiş oldu.

Məhz Ümummilli liderin müdrikliyi və uzaqgörənliyi sayəsində dövlətimizin gənclər siyasətinin zəruri qanunvericilik bazasının yaradılması təmin edilmiş, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlar, qanunlar və dövlət proqramları gənc nəslin cəmiyyətdə mütəşəkkil qüvvəyə çevrilməsində, ictimai fəallığının yüksəldilməsində, dövlət idarəçiliyinə cəlb edilməsində və faydalı məşğulluğunun təmin olunmasında mühüm rol oynamışdır.

Bu gün dövlətimizin gənclər siyasəti yeni mərhələyə qədəm qoyub və biz ölkə Prezidenti cənab İlham Əliyevin Ulu Öndər tərəfindən təməli qoyulmuş bu müdrik siyasətə sadiqliyinin, Azərbaycan gəncliyinə yüksək diqqət və qayğısının şahidiyik. Yetişməkdə olan nəslin təhsili və mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, dövlətə və xalqa sadiqlik ruhunda formalaşması, hərtərəfli sosial müdafiəsi istiqamətində atılan addımlar buna bariz nümunədir.

Gənclər hər bir dövlətdə insan kapitalının mühüm və ayrılmaz tərkib hissəidir. Onların savadlı, bilikli və bacarıqlı ölkə vətəndaşları kimi formalaşmasında hər bir tərəqqipərvər dövlət maraqlıdır. Bu gün ölkəmizdə bakalavr və magistr hazırlığını həyata keçirən 40 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 26 elmi təşkilatda 200 minə yaxın, 60-dan çox orta ixtisas təhsil müəssisəsində 60 mindən çox tələbə təhsil alır. Dövlət başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında elmi biliklərə yiyələnirlər. Hazırda xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 1000 nəfərə yaxındır. Müxtəlif elm sahələrində elmi araşdırmalar aparan, uğurlu nəticələr əldə edib elmi dərəcə və elmi ad alan gənclərimizin də sayı durmadan artmaqdadır.

Dövlətimizin gənclər siyasətində sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və kütləviliyinin təmin edilməsi xüsusi yer tutur. Dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmiş və son illərdə nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi edən Azərbaycanın gənc idmançıları Olimpiya və dünya çempionatlarında uğurla çıxış edir, yüksək mükafatlara layiq görülürlər. Gənclərimizin ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarında, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında, şahmat üzrə Avropa çempionatlarında və Dünya Kuboku uğrunda yarışlarda əldə etdikləri nailiyyətlər Azərbaycanın idman tarixinin ən parlaq səhifələridir. 

Elmi texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə gənclərin intellektual və mənəvi inkişafının, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə hazırlanmış, dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş və davamlı olaraq həyata keçirilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda gənclərin təhsil almalarına və məşğulluğuna, cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaradılması, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək bacarığına yiyələnməsi, gənclər arasında könüllülük hərəkatının inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi önəm verilir.

Müstəqil Azərbaycanın gənc nəsli Vətənə və xalqa sevgisi, dövlətə sadiqliyi, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı ilə seçilən nəsildir.

Düşmənin 30 ilə yaxın işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsi Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri oldu. Ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etmiş böyük Qələbə məhz şanlı Ordumuzun sıralarında mətanətlə vuruşan, Vətən uğrunda canından keçməyə hazır olan, adları xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazılan gənclərimizin rəşadəti sayəsində əldə edildi.

Xalqımızı otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşduranlar məhz müzəffər Ali Baş Komandanın müdrik və qətiyyətli rəhbərliyi altında döyüşən gənclərimiz oldu.

Azərbaycan gəncləri müharibə dövründə arxa cəbhədə də yüksək fəallıq nümayiş etdirib ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Bu gün gənclərimiz işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə cəlb olunaraq əzəl torpaqlarımızın dinc həyata qovuşmasında öz bilik və bacarıqlarını əsirgəmirlər.

Yeni nəsil nümayəndələrinin dövlət idarəçiliyinə cəlb olunması, gənc kadrların irəli çəkilməsi ölkə başçısının uğurla həyata keçirdiyi gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. Gənclərə daim yüksək diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Yüksəliş” müsabiqəsi intellekti və idarəçilik qabiliyyəti ilə fərqlənən gənclərin rəhbər şəxs qismində müəyyən edilməsində, onların dövlət qurumlarında idarəçiliyə cəlb olunmasında və ölkədə hərtərəfli inkişafı təmin edə biləcək kadr ehtiyatı bankının yaradılmasında mühüm rol oynamışdır. Gənclər siyasətinin bu istiqamətdə uğurla həyata keşirilməsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yaradılan nümayəndəlikləri fəal iştirak edirlər. Bölgə gənclərinin hərtərəfli inkişafında, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasında, azərbaycançılıq məfkurəsi zəminində layiqli vətəndaş kimi formalaşmasında bu qurumların rolu danılmazdır. 

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun istedadlı gənclərin aşkarlanması istiqamətində həyata keçirdiyi layihələr, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkə daxilində və xaricdə təşkil edilən tədbirlər gənclərimizin ictimai fəallığının artırılmasında mühüm rol oynamaqla onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

Dövlət gənclərimizə böyük etimad göstərir. Azərbaycan Prezidentinin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri həm bu etimadın, həm də gənclərin dövlətə sadiqliyinin, ölkə rəhbərinə dəstəyinin parlaq göstəricisidir.

Bu gün gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak edir, cəmiyyətdə yaşanan proseslərdə mühüm rol oynayırlar. Dövlətin koronavirus pandemiyasına qarşı mübarizəsinə gənclər də fəal şəkildə qoşularaq əhalinin maarifləndirilməsi, aztəminatlı ailələrə yardım göstərilməsi ilə bağlı tədbirlərdə iştirak edirlər.

Xalqımız və dövlətimiz yeni reallıqda sabaha inamla addımlayan və Azərbaycanı nurlu gələcəyə aparan yolda səylə çalışan, fədakarlığı, rəşadəti və sədaqəti ilə etimad qazanan, vətənpərvərliyi ilə örnək olan gənclərimizlə fəxr edir. 

Vətənin varlığı naminə canından keçməyə hazır olan, xalqına və dövlətinə ləyaqətlə xidmət edən övladlarımız bizə hədsiz qürur hissi yaşadır və gələcək Azərbaycanın etibarlı əllərdə olacağına əminlik yaradırlar.

Azərbaycan gəncliyinə eşq olsun!
 
Ramin Səmədov,
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri

Xəbər lenti