Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı və Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə 2 Fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə təhsil nazirinin müşaviri Elnur Nəsibov, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, millət vəkili Müşfiq Cəfərov və Gəncə şəhər ümumi təhsil müəssisələrində çalışan bir qrup gənc müəllim iştirak edib.
Tədbirə təhsil nazirinin müşaviri Elnur Nəsibov və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov onlayn şəkildə "Zoom" platforması üzərindən qoşulublar.
Tədbirdə çıxış edən qonaqlar gənc müəllimləri təbrik edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər.
Tədbirin davamında Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri və bir neçə məktəb şagirdi musiqi nömrələri ilə çıxış edərək rəqs ediblər.
Görüşdə iştirak edən gənc müəllimlər göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və bundan sonrakı fəaliyyətlərində də daha hərtərəfli gənclərin yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.
Sonda bir qrup gənc müəllim təltif edilib.