Logo

Müəllim səbr etməyi BACARMIRSA, İŞLƏMƏSİN: Təhsil müəssisələrinin ilk vəzifəsi cəmiyyətə sağlam atıla bilməyən övladlarımıza dəstək olmaqdır

03.02.2022 17:56 2850 baxış
IMG

Son günlər məktəblərdə baş verən hadisələr demək olar ki, gündəmdən düşmür. Hər gün yeni bir neqativ hadisənin şahidi oluruq. Maraqlıdır, baş verənlərin arxasında duran səbəblər nələrdir?

Editor.az mövzu ilə bağlı əməkdar jurnalist, tanınmış teleaparıcı Mətanət Ağamirli ilə həmsöhbət olub.

-Mətanət xanım, məktəblərdə baş verən hadisələrlə bağlı hər şeydən əvvəl  bir valideyn  kimi nə düşünürsüz? Günah sizcə övladına düzgün tərbiyə verə bilməyən valideyndədirmi yoxsa məktəbdə uşaqları ələ ala bilməyən müəllimdə?

-Məktəblərin neqativ hallarla gündəmə gəlməsi çox üzücüdür. Çünki biz həmişə deyirik ki, hər bir ailənin güzgüsü övladdır. Elə məktəblər də şagirdlərin güzgüsüdür. Məsələyə bu konteksdən yanaşmaq lazımdır. Gələcək nəsilləri tərbiyə edən, formalaşdıran müqəddəs peşənin sahibləri olan müəllimlər bu məsuliyyəti dərk etməlidirlər. Əsla müəllimlərə qarşı aqressiv deyiləm. Sadəcə hər bir uşaq bir ailədən gəlir və ailədə olan problemlərdən dolayı onların davranışında, etikasında, savadımda biliyində hər hansı bir problem ola bilər. Amma bu o demək deyil ki, həmin uşaqlara məktəblərdə istədikləri kimi davrana bilərlər. Burada ən böyük məsuliyyət müəllimin üzərinə düşür. Əgər ailədə yaranan hər hansı  bir problemlərin nəticəsi olaraq cəmiyyət üçün uyğun hesab edilməyən bir fərd yetişibsə, məktəb zəhmət çəkib onun üzərində işləməlidir. Onsuz da məktəbin cəmiyyətə verdiyi ən böyük töhfə də bu ola bilər. Savadlı, bilikli, övladı ilə daim məşğul valideynin uşağını yetişdirməyə nə varki? Yaxud normal yaşayış təminatı olan ailədən müəyyən məbləğ alıb onların uşaqlarını hazırlaşdırmağa nə var ki? Müəllimin işi sadəcə budurmu? Cəmiyyətdə bu məsələyə yanaşma yanlışdır. Müəllimlər üzərilərinə düşən böyük məsuliyyəti dərk etməlidir. Təhsil Nazirliyi, nazirliklə mütəmadi işləyən QHT-lər , nazirliyin qurumları bu məsələ üzərində ciddi işləməlidirlər. Bu yaxınlarda məktəblər bağçalarla bağlı gündəmi, sosial medianı elə informasiyalar bürüyür ki, biz özümüz sosial media, saytlar vasitəsilə reaksiya bildirə bilsək də bunun üzə çıxmayan tərəfləri var. Bir neçə gün öncə İsmayıllıda bağçaların birində baş verən hadisə çox kiçik reaksiya ilə bağlandı.  Valideyn etiraz etmədi, şikayət etmədi və bununla da mövzu bağlandı. Həmin tərbiyəçiləri cəzalandırmaq yetərli deyil, bu cür insanların mənəvi haqqı yoxdur ki, bundan sonra haradasa çalışsın. O həmin gün bir uşağa deyil, hər birimizin övladına şiddət göstərdi. Eyni zamanda, valideynlərin də üzərində böyük məsuliyyət var. Hər bir valideyn məktəbə, bağçaya göndərdiyi uşağın məsuliyyətini daşıyır. Amma bizdə valideynlərin hər biri bu şərtlərə cavab vermir axı..Bunun üçün biz çox savadlı, kamil, dünyagörüşlü cəmiyyətdə yaşamalıyıq.. Etiraf etmək lazımdır ki, bizim cəmiyyət belə deyil.

– Digər tərəfdən cəmiyyətdə insanların əksəriyyəti hesab edir ki, ölkəmizdə müəllimlərə layiqincə qiymət verilmir. Məktəbdə neqativ bir hadisə olur və ilk töhmət müəllimə verilir. Bu isə cəmiyyətdə aqressiya yaradır. Sizcə bu həqiqətənmi belədir?

-Bu fakt əksər sahələrdə müşahidə edilir. Məktəbdə bir hadisə baş verdikdə ilk olaraq müəllimə töhmət verilməsi cəmiyyətdə aqressiya yaradır və yaratmalıdır. Hər bir şagirdə dəyən psixoloji, mənəvi sarsıntının məsuliyyəti sadəcə bir müəllimdə deyil, bütöv bir məktəbin, təhsil nazirliyinin, təhsil sisteminin üzərinə düşür. Çıxış yolu müəllimə töhmət vermək deyil. Birmənalı şəkildə məktəblərdən sosial mediaya, KİV-ə sızan, ictimailəşən, gündəmi zəbt edən xəbərlərə rəvac verən hadisələrin məsuliyyəti cəmiyyətin bütün üzvlərinin üzərindədir. Əgər hansısa ailə cəmiyyətə uğurlu övlad verə bilmirsə bu o demək deyil ki, biz hər zaman məktəblərdə, bağçalarda neqativ hallarla rastlaşacağıq. Məktəblərin, bağçaların, təhsil müəssisələrinin ilk vəzifəsi elə cəmiyyətə sağlam atıla bilməyən övladlarımızı tərbiyə etmək, onları sağlam yetişdirməkdir. Bu baxımdan Təhsil Nazirliyi də daxil olmaqla hər bir təhsil işçinin üzərinə böyük yük düşür. İsmayıllıda bağçada baş verən xoşagəlməz hadisəyə QHT sektorunda böyük nüfuz sahibi olanların çoxu qəti etiraz edib bu cür hadisələrin ictimailləşdirilməsinin doğru olmadığını söylədilər. Amma mən bu fikrə qatılmıram. Məktəblər bağçalar cəmiyyətə o qədər açıq olmalıdır ki, orada baş verən ən xırda hadisə belə ictimailləşməlidir. Yeni düzən bunu tələb edir. Məktəblərdə, bağçalarda kadr seçimi çox önəmlidir, bu gün uğurlu olmayan minlərlə müəllim var. Mən iki il öncə 6 saylı şəhər məktəblərinin birində uşağın heç bir günahı olmadan müəllimlərin birinin emosiyalara qatılıb müəllim adına yaraşmayan anormal davranışının şahidi oldum. Bu da nüfuzlu şəhər məktəbidir. Sonradan o müəllim üzrxahlıq etsə də bu onun etdiyi əməlin üzərini örtmür. Uşağa vurulan psixoloji zərbənin əvəzi  bəs necə ödəniləcək? Bir valideyn kimi bu məni çox məyus etdi. Biz uşaqları ona görə məktəbə göndəririk ki, təhsillə bərabər, lazım gəldikdə onlara psixoloji dəstək də verilsin, axı məktəbdə pedaqoqlarımız çalışır. Bir pedaqoq necə şagirdə əl qaldıra bilər? Artıq müasir dünya inkişaf edir,  30-40 il əvvəlki vəziyyət yoxdur. Belə hallarda məktəblərdəki  psixoloqlar hara baxır və onlar nə üçündür? Niyə psixoloji durumu yerində olmayan çətin tərbiyə olunan uşaqlarla məşğul olmurlar?

– Məktəblərdə baş verən hadisələrin lentə alınıb sosial şəbəkələrdə paylaşılmasına münasibətiniz necədir? Əvvəlki illərə nisbətən son illər belə videoların daha çox şahidi oluruq. Sizcə əvvəllər belə hadisələr olmurdumu, yoxsa  sosial şəbəkələrin cəmiyyətə, hadisələrin ictimailəşməsinə təsiri  bu qədər deyildi?

-Son dövrlərdə məktəb və bağçalarda baş verən halların videoya çəkilərək sosial mediada paylaşılması bəzən qınanılır. Hesab edirəm ki,  ilk növbədə qınamaq üçün hadisəni törədilməsinə rəvac verən insanlar var. Bir hadisə baş verməsə onu necə çəkib paylaşmaq olar? Etməyin, çəkməsinlər. İndiki dövrdə bütün dünya bir telefonun içərisindədir, hansı məntiqlə belə xoşagəlməz neqativ halların videoya çəkilməsinə etiraz edirlər? Bu yanlış düşüncədir. İndiki gündə bütün siyasi ictimai simalar bütün gününü, danışıqlarını, görüşlərini sosial media hesablarında çəkib paylaşa bilər, amma problemlər işıqlandırıla bilməz?   Hesab edirəm  ki, cəmiyyətin təhsilinin, sağlamlığının formalaşdığı hər yer elə cəmiyyətə açıq olmalıdır ki, ictimai nəzarət dediyimiz funksiya işləsin. Biz hüquqi bir dövlətdə yaşayırıq, bütün məsələlər qanunla tənzimlənir. Amma eyni zamanda deyildiyi kimi yazılmayan qanunlar da var. Bu qanunlar odur ki, cəmiyyətin hər bir fərdi formalaşdığı cəmiyyətə nəzarət etməlidir və bununla da biz dövlətin qanunlarının daha yaxşı işləməsinə dəstək olarıq. Qanunun aliliyi ilə bərabər, insanlar da ali olmalıdır. Bizim həyatımız yalnız öz ailəmizdən ibarət deyil. Biz cəmiyyətin fərdləri olaraq bir-birimizə qarşı edilən haqsızlıqlara göz yummamalıyıq, əksinə bir-birimizin övladına, müəlliminə dəstək olmalıyıq, lazım gələrsə, düzgün tənqid etməyi bacarmalıyıq. Hədislərimizdə də deyildiyi kimi haqsızlıq qarşısında susanlar dilsiz şeytanlardır. Əlbəttə ki, bəzən mənafeyimiz, ümummili maraqlarımız baxımından bəzi məsələlərə reaksiya verməyə bilərik, amma bu o demək deyil ki, gələcəyimizi formalaşdıran təhsildə baş verənlərə də göz yuma bilərik. Söhbət gələcəyimizin inkişafından, övladlarımızın sabahından gedirsə o yerdə susmaq doğru deyil.

Gülnarə Abasova, Editor.az

Xəbər lenti