Logo

Mədəniyyət naziri Gəncə şəhərində bir sıra mədəniyyət ocaqlarına baxış keçirib - Foto

03.02.2022 20:09 567 baxış
IMG

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov fevralın 3-də Gəncə şəhərinə səfər edib.

Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, səfər çərçivəsində nazir Gəncə şəhər Mərkəzi Kitabxanasında olub. Burada Mərkəzi Kitabxana və filiallarının kitab fondu, dərnəklər, kurslar və göstərilən  xidmətlər haqqında məlumat verilib. Ümumi kitab fondu ilə tanış olan Anar Kərimov fondun zənginləşdirilməsi, xüsusilə latın qrafikalı kitabların alınması barədə tövsiyələrini verib.

Gəncə şəhər Uşaq incəsənət məktəbinə gələn nazir binanın vəziyyəti ilə tanış olub. Məlumat verilib ki, məktəbdə müxtəlif ixtisaslar üzrə 400-dən çox şagird təhsil alır. Sonra mədəniyyət naziri burada xoreoqrafiya dərsinin gedişini izləyib. Xoreoqrafiya sinfi yetirmələrinin uğurları barədə nazirə məlumat verilib. Bildirilib ki, məktəbin yetirmələri Türkiyə, Gürcüstan və Ukraynada festival və müsabiqələrdə iştirak edərək müxtəlif mükafatlara layiq görülüblər.

Anar Kərimov şəhərdəki Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə də maraqlanıb. Məlumat verilib ki, burada ulu öndər Heydər Əliyev zəngin dövlətçilik irsinin qorunması və təbliği həyata keçirilir. Mərkəzdə qorunan ümummilli liderin ölkəmizə rəhbərliyinin hər iki dövrünü əks etdirən materiallar – fotolar, müxtəlif tarixi sənədlər və s. haqqında ziyarətçilərə bilgi verilir. Bundan başqa, mərkəzdə mütəmadi olaraq konfranslar, tədbir və təqdimatlar keçirilir.

Görkəmli ədəbiyyatşünas və yazıçı Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyinə baxış zamanı nazir burada aparılan təmir işlərinin son mərhələləri ilə tapşırıq və tövsiyələrini verib. Anar Kərimov Mir Cəlal Paşayevin zəngin bədii və elmi irsindən söhbət açıb, onun Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələri vurğulayıb.

Səfər çərçivəsində Anar Kərimov Azərbaycan Yazıçılar Birliyinin Gəncə şəhəri üzrə elmi tədqiqat mərkəzinə də gəlib. Nazir bildirib ki, 44 günlük Vətən müharibəsində Zəfər çalmış ölkəmizi mədəniyyət və ədəbiyyat vasitəsilə daha uğurlu təbliğ etmək lazımdır. Milli dəyərlərimiz gənclər arasında daha çox aşılanmalıdır. Bu mənada yazıçı və şairlərin üzərinə böyük məsuliyyət düşür.

Xəbər lenti