2021/2022-ci tədris ilinin payız semestri: ali təhsil mühiti və idarəetmədə yeniliklər
(Əvvəli https://muallim.edu.az/news.php?id=18941)
Ali təhsil mühitinin təkmilləşdirilməsi
Son dövrdə Mingəçevir Dövlət Universitetində (MDU) idarəetmənin və ali təhsil mühitinin yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılmışdır. Universitetdə müasir və səmərəli ali təhsil mühitinin təmin edilməsi məqsədilə çevik və şəffaf idarəetmə, ictimai hesabatlılıq, təhsilverənlərin və təhsilalanların hərtərəfli inkişafı, sənaye ilə işbirliyi, qarşılıqlı faydalı əməkdaşlıq, tələbəyönümlülük, tələbə həyatı, kommunikasiya və cəmiyyətə fəal inteqrasiya məsələlərinə prioritet əhəmiyyət verilir.
Struktur dəyişiklikləri, çevik və şəffaf idarəetmə
Cari tədris ilində universitet idarəçiliyində çevik, onlayn alətlərin və şəffaf mexanizmlərin geniş tətbiqinə mühüm diqqət göstərilmişdir. MDU-da mövcud struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi və onların fəaliyyətinin səmərəliliyinin artırılması, yeni struktur bölmələrin yaradılması, əməkdaşların stimullaşdırılması və sosial rifahının yüksəldilməsi istiqamətində müvafiq addımlar atılmışdır.
Ölkəmizdə ali təhsilə göstərilən yüksək dövlət qayğısı, təhsil işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması prioriteti və MDU-nun mövcud maliyyə imkanları əsas tutularaq Elmi Şuranın müvafiq qərarına əsasən universitetin professor-müəllim və inzibati-texniki heyət üzvlərinin aylıq əməkhaqları orta hesabla 20 faiz artırılmışdır.
Milli ali təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, dünya ali təhsil məkanında baş verən dəyişikliklər, universitetin strateji hədəfləri, qabaqcıl yerli və beynəlxalq təcrübə, müasir və daha səmərəli idarəetmənin təmin edilməsi zəruriliyi nəzərə alınaraq payız semestrində universitetin strukturunun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, hesabat dövründə MDU-da İnformasiya Texnologiyaları fakültəsinin yaradılması, Mühəndislik fakültəsinin yenidən qurulması, Pedaqoji fakültənin Təhsil fakültəsi adlandırılması, Magistratura və Doktorantura Təhsil Mərkəzinin, Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin, Karyera və İnkişaf Mərkəzinin yaradılması haqqında müvafiq qərarlar qəbul olunmuşdur. Eyni zamanda, sözügedən qərarların icrasının təmin edilməsi, eləcə də tədrisin keyfiyyətinin yüksəldilməsi və elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə bir sıra İşçi Qrupları yaradılmışdır.
Tələbələrin universitet idarəçiliyinə daha aktiv qoşulmalarının təmin edilməsi hesabat dövründə də diqqət mərkəzində saxlanılmışdır. MDU-nun Elmi Şurası və fakültə elmi şuralarında, eləcə də imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsi məqsədilə yaradılmış İmtahan Qərargahı və Apellyasiya komissiyalarının tərkibində tələbələr fəal təmsil olunmuşlar. Eyni zamanda, MDU-da “İmtahanlara dəstək qrupu” və “Qaynar xətt”in fəaliyyət göstərməsi imtahan sessiyasında operativliyin təmin edilməsinə, yarana biləcək neqativ halların dərhal aradan qaldırılmasına xidmət etmişdir.
Bununla yanaşı, tələbə, magistrant, əməkdaş və valideynlərin arzu və təşəbbüslərini dinləmək, onları maraqlandıran sualları operativ cavablandırmaq məqsədilə cari payız imtahan sessiyası ərzində çevik onlayn kommunikasiya vasitələrindən biri kimi universitet rektorunun iştirakı ilə hər həftə “Açıq qapı” günləri keçirilmişdir. Habelə, valideynlərin universitetdə təhsil mühiti ilə tanış olmaları, eləcə də imtahan proseslərini izləmələri üçün müvafiq şərait təmin edilmişdir.
Hesabat dövründə Mingəçevir şəhərinin tanınmış və nüfuzlu ziyalılarının təmsil olunduğu MDU-nun İctimai Nəzarət Şurası fəaliyyətini uğurla davam etdirmişdir. Şura tədrisin və imtahan sessiyasının təşkili, tələbə və valideynlərin müraciətlərinə baxılması prosesində, universitetlə şəhər ictimaiyyəti arasında kommunikasiyanın qurulmasında fəal iştirak etmişdir.
Təhsilverənlərin və təhsilalanların hərtərəfli inkişafı
MDU-da akademik və inzibati heyət üzvlərinin, təhsilalanların hərtərəfli inkişafının təmin edilməsi məqsədilə onların əlavə bilik və bacarıqlar qazanmasına imkan verən təlimlərin keçirilməsinə xüsusi diqqət yetirilmişdir.
Şəxsi inkişaf və karyera təlimləri
2021-ci ilin avqustunda universitetin təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən tələbələr və mingəçevirli könüllülər üçün “Komanda ilə işləmə bacarıqları”, “Karyera və şəxsi inkişaf”, “Effektiv ünsiyyət”, “MDU-da təhsil almağın üstünlükləri”, “Əmək bazarı”, “Təqdimat bacarıqları” və “Bədən dili” mövzularında təlimlər keçirilmişdir.
2021-ci ilin noyabrın 19-da Türkiyədən olan beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan MDU-da gənc əməkdaşları və tələbələr üçün “İnnovativ idarəetmə bacarıqları” və “XXI əsrdə karyera inkişafı üçün peşəkar bacarıqlar” mövzularında praktiki seminarlar keçirmişlər.
Bundan əlavə, hesabat dövründə MDU-da “Nə üçün işarə dilini bilməliyik?”, “Səlis danışığınla fərqlənməyi bacar”, “Peşəkar CV hazırlamağın qaydaları”, “Müsahibəyə hazırlıq”, “Xaricdə təhsil proqramları” və digər mövzularda təlimlər təşkil edilmişdir.
Sahibkarlıq bacarıqlarının inkişafı
2021-ci ilin 5-10 avqust tarixlərində MDU-nun “Seed” Tələbə Startap Mərkəzinin təşkilatçılığı ilə “Sahibkarlıq bacarıqlarının inkişafı” mövzusunda tələbə və magistrantlar üçün beşgünlük onlayn təlimlər keçirilmişdir. Təcrübəli mütəxəssislər tərəfindən keçirilən təlimlər tələbə və magistrantlarda innovativ sahibkarlıq fürsətlərini dəyərləndirmək, müştəri ehtiyaclarını və dəyər təklifini müəyyənləşdirmək, uğurlu biznes modeli və startap yaratmaq istiqamətində bilik və bacarıqların formalaşdırılması məqsədini daşımışdır.
2021-ci ilin noyabrında tərəfdaşlarla birlikdə “Öz biznesinə başla”, “Biznesdə satış”, “Biznesmen psixologiyası”, “Layihələrin təşkili və idarə olunması”, “Təhsil və biznes” mövzularında təlimlər keçirilmişdir.
Xarici dil üzrə bilik və bacarıqların artırılması
Hesabat dövründə MDU-da ABŞ-ın Azərbaycandakı Səfirliyi və “Resource Hub” ilə tərəfdaşlıq çərçivəsində “Bu gün hərəkət et, sabah dəyiş” adlı ingilis dilinin tədrisi ilə bağlı layihə həyata keçirilmişdir. Dörd aylıq layihədə MDU-nun 20 müəllimi və 30 tələbəsi iştirak etmişdir. Layihə ingilis dili müəllimlərinin yenilikçi tədris yanaşmasının təmin edilməsinə, tələbələrin dil bilikləri və bacarıqlarının artırılmasına hədəflənmişdir.
Bundan əlavə, tələbə və magistrantlar, eləcə də gənc əməkdaşlar üçün “Xarici dil öyrənmə sənəti” mövzusunda onlayn təlimlər keçirilmişdir.
Dekabrda beynəlxalq təlimçi Harry Park tərəfindən “English with Harry” adlı ingilis dili təlimləri keçirilmişdir. Onlayn formatda təşkil edilən təlimlərin başlıca məqsədi tələbələrin ingilis dili bacarıqlarının yeni metodlarla inkişaf etdirilməsi olmuşdur.
Rəqəmsal bacarıqların artırılması
2021-ci ilin oktyabr ayında MDU-nun tələbə və magistrantları üçün “Microsoft Teams proqramından istifadə qaydaları” mövzusunda onlayn təlimlər təşkil edilmişdir. İnformasiya texnologiyaları kafedrasının müəllimləri tərəfindən keçirilən təlimlərdə “Microsoft Teams” proqramının strukturu, imkanları, funksiyaları və davamlı yenilənən alətləri haqqında maarifləndirici məlumatlar verilmişdir.
Bundan əlavə, hesabat dövründə universitetin akademik və inzibati heyət üzvlərinin, tələbələrin və magistrantların İKT üzrə bilik və bacarıqlarının artırılması məqsədilə onlayn və ənənəvi formatlarda müntəzəm olaraq təlimlər keçirilmişdir.
Tələbələrə media bacarıqlarının ötürülməsi
İqtisadi və Sosial İnkişaf Mərkəzi və digər tərəfdaşların birgə təşkil etdiyi “Tələbə Mediası” layihəsi çərçivəsində MDU-nun tələbələri düzgün mövzu seçimi, onlayn və oflayn araşdırma, sorğu və müsahibə aparma, keyfiyyətli məqalə, fotoreportaj, video və infoqrafik hazırlama, sosial media menecmenti və digər mövzularda təlimlərdə iştirak etmişlər.
Pedaqoji kadrların peşəkar inkişafı
Hesabat dövründə “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birlikdə “Pedaqoji kadrların peşəkar inkişafı” layihəsi reallaşdırılmışdır. Layihə çərçivəsində “Dərsin Planlaşdırılması” və “Müasir Təlim Strategiyaları” mövzularında təlimlər keçirilmişdir.
Tədqiqat bacarıqlarının inkişafı
2021-ci ilin dekabrın 7-də MDU və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin gücləndirilməsi yolları” mövzusunda elmi-praktik seminar keçirilmişdir. ADA Universitetinin təcrübəli əməkdaşları “Elmi-tədqiqat işi üçün məlumatların toplanması və təhlili” və “Universitetlər arasında birgə elmi-tədqiqat işlərinin təşkili” mövzularında təqdimatlarla çıxış etmişlər. Seminarda ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi və ADA Universitetinin reallaşdırdığı “Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilmiş “Tədqiqat metodları” və “Akademik yazı” kurslarını uğurla başa vurmuş MDU-nun akademik heyət üzvləri və magistrantlarına sertifikatlar təqdim edilmişdir.
Sənaye ilə işbirliyinin gücləndirilməsi
Regional ekosistemin mühüm aktorlarından birinə çevrilməyi hədəfləyən MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və tədqiqatların nəticəyönümlüyünün artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.
“Universitet-peşə məktəbi-sənaye” üçtərəfli əməkdaşlıq formatı
MDU, Mingəçevir Peşə Məktəbi (MPM) və “Azmade Group” MMC şirkəti arasında “universitet-peşə məktəbi-sənaye” formatında üçtərəfli əməkdaşlıq hesabat dövründə uğurla davam etdirilmişdir. Avqust ayında Şəmkir şəhərində yerləşən və “Azmade Group” MMC-yə daxil olan Zəyəm Texnologiyalar Parkında (ZTP) “Yay Təcrübə Proqramı” reallaşdırılmışdır. Təcrübə proqramında MDU-nun 5 və MPM-in 2 tələbəsi iştirak etmişdir. Bir aylıq təcrübə müddətində tələbələr ZTP tərəfindən bütün lazımi şəraitlə təmin olunmuş və onlara müvafiq qaydada əməkhaqqı ödənilmişdir.
“Azərbaycan İES” MMC ilə əməkdaşlıq
MDU və “Azərbaycan İES” MMC ilə əməkdaşlıq çərçivəsində ekskursiya, “dəyirmi masa” və elmi-praktik konfrans keçirilmişdir. Bununla yanaşı, 2021-ci ilin noyabrın 22-dən dekabrın 6-dək MDU tələbələri üçün “Azərbaycan İES”-də iki həftəlik təlim-təcrübə proqramı təşkil edilmişdir. Universitetin Mühəndislik fakültəsinin 16 tələbəsi təlimlərdə iştirak etmiş, istehsalatla yaxından tanış olmuş, səriştəli kadrların bilik və təcrübələrindən faydalanmışlar.
“Atəşgah” Sığorta Şirkəti ilə əməkdaşlıq
Hesabat dövründə “Atəşgah” Sığorta Şirkəti ilə MDU arasında əməkdaşlıq əlaqələri yaradılmışdır. Hər iki qurumun rəhbər və əməkdaşları arasında keçirilən görüşlərdə əməkdaşlıqdan başlıca gözləntilər, sığorta və maliyyə sahəsində karyera quracaq tələbələrin əmək bazarının tələblərinə uyğun praktiki bilik və bacarıqlarının artırılması imkanları, məqsədyönlü təlim-təcrübə proqramları və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə birgə reallaşdırıla bilən fəaliyyətlər müzakirə edilmişdir. Əməkdaşlıq çərçivəsində noyabr ayında iki həftəlik təlim-təcrübə proqramı reallaşdırılmış və MDU-nun 10 tələbəsi sığorta şirkətində biznesin və risklərin idarə edilməsi, sığorta fəaliyyətinin əsasları, təqdimat və kommunikasiya bacarıqları ilə bağlı təcrübi təlimlərə qoşulmuşdur.
“Kapital Bank” ASC ilə əməkdaşlıq
Hesabat dövründə “Kapital Bank” ASC Mingəçevir filialı ilə əməkdaşlıq çərçivəsində tələbələrə təcrübə keçmələri üçün lazımi şərait təmin, smart tələbə kartları təqdim edilmiş, eləcə də birgə nəzəri-praktiki seminarlar təşkil olunmuşdur.
Çoxşaxəli tələbə fəaliyyətləri
MDU-da tələbəyönümlü məzmunun yaradılmasına, tələbə gənclərin hərtərəfli inkişafına, onların universitet idarəçiliyində fəal təmsil olunmasına, çoxşaxəli könüllülük fəaliyyətinə cəlb edilməsinə və tələbə təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.
“Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında
2021-ci ilin noyabrın 12-də Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında MDU-nun tələbələrdən ibarət komandası 11-ci yerdə qərarlaşmışdır. Yarışda ölkənin 48 ali təhsil müəssisəsi təmsil olunmuşdur.
Bakı Qida Hakatonununda birincilik
MDU-nun “Agrinova” komandası Bakı Qida Hakatonunun qalibi olmuş və 5000 avro məbləğində pul mükafatı qazanmışdır. 2021-ci ilin 27-28 noyabr tarixlərində keçirilən hakaton Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və digər tərəfdaşların birgə təşkilatçılığı ilə baş tutmuşdur.
MDU-nun startap komandasının uğuru
MDU-nun “Crisis Heroes” startap komandası “Artificial Irrigation” (süni suvarma) süni intellekt əsaslı startap ilə müvafiq dövlət qurumları tərəfindən birgə təşkil edilən “from Start to Smart” layihəsinin inkubasiya mərhələsində fəal iştirak etmişdir.
Mini-futbol üzrə şəhər turnirlərində qalibiyyət
MDU tələbələrindən ibarət komanda Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 30-cu və Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş mini-futbol üzrə ali və orta ixtisas məktəb tələbələri arasında keçirilmiş hər iki turniri birinciliklə başa vurmuşdur.
Tarixi Qarabağ Zəfəri
2021/2022-ci tədris ilinin payız semestri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü ilə əlaqədar olaraq bir çox əlamətdar hadisələrlə yadda qalmışdır. Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə MDU-da silsilə konfranslar, birgə tədbirlər və mühazirələr təşkil edilmişdir. Tərəfdaş Türkiyə universitetləri ilə birlikdə tarixi Zəfərə həsr olunan 3 elmi konfrans, Qarabağ və Şərqi Zəngəzur rayonlarını təmsil edən deputatların iştirakı ilə “Vətən müharibəsi: qalibiyyətin təntənəsi və doğma Qarabağın dirçəlişi” mövzusunda konfrans, “Zəfər Günü: işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişaf tarixinin yeni başlanğıcı” mövzusunda tələbə elmi konfransı, “Taleyimizə nur saçan Müzəffər Lider” mövzusunda elmi konfrans böyük maraqla qarşılanmışdır. Bununla yanaşı, “Zəfərin mübarək, ey Vətən!” və “44 günlük Vətən müharibəsinin canlı əfsanələri” adlı ədəbi-bədii tədbirlər keçirilmişdir. MDU müəllimləri tərəfindən Mingəçevir şəhərinin altı orta məktəbində 44 günlük Vətən müharibəsi və Zəfər Gününə həsr olunan mühazirələr oxunmuşdur.
Vətənpərvərlik tərbiyəsi
Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan MDU-da təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. MDU-da Vətən müharibəsinə və əldə edilən tarixi Zəfərə həsr olunan, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclərə ötürülməsinə xidmət edən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.
Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər keçirilmiş, Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilmiş, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir. Bununla yanaşı, MDU-nun şəhid məzunlarının tanıdılması məqsədilə “Azərbaycan müəllimi” qəzetinin “Şəhid məzunlar” rubrikasında yazılar dərc olunmuşdur. Bu fəaliyyətlərdə MDU-da yaradılan Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi xüsusi rol oynamışdır.
COVID-19 pandemiyasına qarşı mübarizə
COVID-19 pandemiyasının davam etdiyi bir şəraitdə MDU-da kollektiv üzvlərinin sağlamlıqlarına, xüsusi karantin rejiminin tələblərinə riayət edilməsinə, tələbə və müəllim kollektivinin müvafiq dozalar üzrə vaksinasiya prosesində fəal iştirakına, müntəzəm olaraq tibbi-profilaktik və dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilmişdir.
(ardı var)
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru