Logo

Məktəblərarası əməkdaşlıq konfransı keçirilib

04.02.2022 13:00 364 baxış
IMG

Bakı şəhəri 96 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Şuşa, sən azadsan!” adlı məktəblərarası əməkdaşlıq konfransı keçirilib. Üçgünlük konfrans onlayn şəkildə təşkil olunub.

Tehsil.biz xəbər verir ki, konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Abşeron, Quba, Kürdəmir rayon təhsil şöbələrinin müdirləri, Abşeron rayonu  Ənvər İbrahimov adına 2 nömrəli Qobu qəsəbə tam orta məktəbi, Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəb, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəb, Lənkəran rayonu Gərgiran kənd tam orta məktəbi, Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

Konfransın I günündə “Şuşa-Qarabağın döyünən ürəyi!”, II gün “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı”, III gün isə “Yeni Şuşa gənc nəslin təsəvvüründə” mövzusunda müzakirələr aparılıb. 

Tədbirdə çıxış edən 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva qonaqları salamlayaraq konfransın məqsədi, əhəmiyyəti və gözlənilən nəticələr barədə məlumat verib.

BŞTİ-nin sektor müdiri G.Qurbanova məktəbliləri milli vətənpərvərlik ruhunda tərbiyə etməyin davamlı fəaliyyət tələb edən, olduqca məsuliyyətli iş olduğunu bildirib. Bu məqsədlə BŞTİ tərəfindən məktəblilərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində tədris ili ərzində müxtəlif tədbirlərin və layihələrin həyata keçirildiyini deyib.

Daha sonra iştirakçı məktəblərin direktorları və müəllimləri “Şuşa İli”nin təhsilimiz üçün yeniliklərlə əlamətdar il olacağına əminliklərini bildiriblər.

Konfransda şagirdlərin Şuşaya həsr olunmuş rəsm əsərlərinin sərgiləndiyi məktəblərdən təqdimatlar nümayiş etdirilib.

Qeyd olunub ki, paytaxt məktəbləri ilə regionlardakı tədris ocaqları arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən tədbirlər ənənəvi xarakter almalıdır.

Xəbər lenti