Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” MMC supermarketlər şəbəkəsinin “Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar ixtisası üzrə təhsil alan tələbələrin təlimi davam edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə verilən məlumata görə, ötən ilin noyabrından başlanan, Gəncə və Bərdə şəhərlərində yerləşən peşə təhsil müəssisələrini əhatə edən 6 aylıq diplom proqramı nəzəri və praktiki dərslərdən ibarət olmaqla aparılır.
Tələbələr həftədə iki gün “Bazarstore” supermarketlər şəbəkəsinin Bərdə və Gəncə şəhərlərində yerləşən mağazalarında praktiki bacarıqlara, həftənin üç günü isə peşə təhsil müəssisəsində nəzəri biliklərə yiyələnirlər. Təlim müddətində bütün tələbələr fərdi qəza sığortası və uniforma ilə təmin olunublar. Təlim proqramına Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyindən ümumilikdə 24 tələbə qatılıb.
İşə əsaslanan təlim proqramının aprel ayında tamamlanması və uğurlu tələbələrə ilk peşə diplomun təqdim olunması gözlənilir, eyni zamanda, təcrübə müddətini uğurla tamamlamış tələbələr “Bazarstore” MMC-nin mağazalarında işlə təmin olunmaq şansı əldə edəcəklər.
Proqramın məqsədi peşə təhsil müəssisələrinin tələbələri və işsiz gənclərin təlimini praktiki formada təşkil etmək, peşə təhsilinin əhatəliliyini və proqram məzunlarının işəgötürülmə imkanlarını artırmaqdan ibarətdir.