"QMİ ənənəvi dini mərkəz kimi tarixi funksiyasını davam etdirəcək"
"Dini radikalizmə yönəlik cəhdlər hələ də var"
"Dövlət din xadimi təyin etməklə şəriətə, ehkamlara müdaxilə etmir"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun "Report"a müsahibəsi:
- Hazırda Azərbaycanda din sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz? Ötən ili necə başa vurdunuz?
- Hazırda ölkəmizdə dini durum sabitdir. Dini mühitdə müsbət tendensiyalar var və zaman keçdikcə bu tendensiyalar həm sürətlənir, həm də güclənir. Məsələn, cəmiyyətimiz əvvəlki illərlə müqayisədə indi dini məsələlərə daha həssas yanaşır, dini radikalizmin, məzhəbçiliyin, dinin siyasiləşməsinin, dini dözümsüzlüyün nə dərəcədə təhlükəli olduğunu dərk edir. Eyni zamanda, dini maarifçilik işi ilbəil gücləndirilir və cəmiyyətin bütün təbəqələrini əhatə edir. Maarifləndirmə tədbirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin, ilahiyyatçıların və digər mütəxəssislərin iştirakı ilə aparılır. Maarifləndirmə işinə paralel olaraq din sahəsində milli kadrların hazırlanması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu il Azərbaycan İlahiyyat İnstitutu ilk məzunlarını verəcək. İnanırıq ki, məzunlar arasından din xadimi kimi təyinat alanlar olacaq. Din sahəsində problemlərə gəlincə, etiraf edək ki, dinin siyasiləşdirilməsinə, məzhəbçiliyə, dini radikalizmə, milli kimliyimizlə dini kimliyimizin qarşı-qarşıya qoyulmasına yönəlik cəhdlər hələ də var. Bu cəhdlər daha çox kənar təsirlərlə bağlıdır və onların qarşısı qətiyyətlə alınır. Qeyd etdiyim bütün istiqamətlərdə ötən ili uğurlu hesab edirəm. Çünki pandemiya şəraitinə baxmayaraq, bir xeyli uğurlu nəticələr əldə edə bilmişik. Bu nəticələr xüsusilə dini duruma kənar təsirlərin qarşısını almaq baxımından çox önəmlidir.
- İşğaldan azad edilən ərazilərdə dini ibadət yerlərinin bərpası üçün hansı işlər görülür?
- Ermənistanın təcavüzkar siyasətinin qurbanları təkcə insanlarımız yox, həm də tarixi-dini abidələrimizdir. Ermənilər dini abidələrimizə qarşı məqsədyönlü iş aparıblar. Çalışıblar ki, işğal etdikləri ərazilərdən türk-islam izini silsinlər, alban mədəniyyətini isə qriqoryanlaşdırsınlar. Bunun üçün 200-ə yaxın ziyarətgahlarımızı, yüzlərlə qəbiristanlığımızı yerlə yeksan ediblər. 67 məsciddən 65-ni tamamilə dağıdıblar, yalnız ikisi qismən saxlanılıb. Amma qismən saxladıqları o iki məscidlə bağlı məkrli niyyətləri olub. Ağdam Cümə məscidini hərbi məqsədlə istiqamətləndirici nişangah (aryentir) kimi saxlayıblar. Şuşadakı “Yuxarı Gövhər ağa” məscidində isə müəyyən təmir işləri aparmaqla saxtakarlıq və riyakarlıq ediblər. Saxtakarlıqları odur ki, təmirdən sonra “Yuxarı Gövhər ağa” məscidini İran-fars məscidi kimi təqdim etməyə çalışıblar. Guya bu ərazilərdə azərbaycanlılar yaşamayıb. Riyakarlıqları da odur ki, məscidi təmir etməklə guya tolerant olduqlarını, fərqli inanclara hörmətlə yanaşdıqlarını göstərmək istəyiblər. Halbuki, 44 günlük Vətən müharibəsində bütün dünya gördü ki, ermənilər müsəlmanlar üçün müqəddəs olan məsciddə məqsədli şəkildə, dini heysiyyatımıza toxunmaq üçün donuz saxlayıblar. Alban məbədlərinə gəlincə, onların mütləq əksəriyyəti qriqoryanlaşdırılıb, bunun üçün məbədlərin interyeri, kitabələri dəyişdirilib, saxtalaşdırılıb. Hansı məbədləri ki qriqoryanlaşdıra bilməyiblər, onları taleyin ümidinə buraxıblar. Bir sözlə, ermənilərin tarixi-dini abidələrimizə qarşı planlı fəaliyyəti məhv etmək, özününküləşdirmək və özgəninkiləşdirmək istiqamətində həyata keçirilib. İşğaldan azad olunmuş ərazilərimizdəki tarixi-dini abidələrimizin bərpası dövlətimiz və xalqımız üçün olduqca önəmli məsələdir. Şəhər və kəndlərimizin bərpası layihəsi hazırlanarkən bu məsələyə xüsusi önəm verilir. Təsadüfi deyil ki, bərpasına başlanılan ilk tikililər məhz tarixi dini abidələrimizdir. Şuşada “Yuxarı Gövhər ağa”, “Aşağı Gövhər ağa”, “Saatlı” məscidlərinin bərpasına, Zəngilanda şəhər məscidinin yenidən qurulmasına çoxdan başlanılıb. Şuşa, Hadrut və Daşaltıda yeni məscidin əsası qoyulub. Bununla bağlı mərasimlərdə Prezident İlham Əliyev şəxsən iştirak edib. Ümumiyyətlə, bu işlər ölkə Prezidentinin rəhbərliyi altında ardıcıl və həssaslıqla həyata keçirilir. Təbii ki, işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpasında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu fəaliyyətə Ağdam Cümə məscidinin və Ağdam rayonu, Qiyaslı məscidinin əsaslı bərpası da daxildir. Onu da deyim ki, tarixi-dini abidələrin bərpası dedikdə, biz alban məbədlərini də nəzərdə tuturuq. Çünki bu məbədlər də Azərbaycan xalqının zəngin mədəni-mənəvi irsinin tərkib hissəsidir.
- “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklər qəbul edilərsə, dini sahədə nə kimi yeniliklər gözlənilir?
- Qanuna təklif edilən dəyişikliklərin təşəbbüskarı Milli Məclisdir. Həmin dəyişikliklər Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Prosedur belədir ki, dəyişikliklər parlamentdə ikinci və üçüncü oxunuşda qəbul edilməli, daha sonra həmin dəyişikliklərin qüvvəyə minməsi barədə ölkə Prezidenti fərman imzalamalıdır. Yalnız bundan sonra qanun icra ediləcək. Təbii ki, təklif edilən dəyişikliklər qəbul ediləcəyi təqdirdə dini sahədə yeniliklər olacaq. Birincisi, müsəlman din xadimlərinin təyinatı dövlət qurumu tərəfindən həyata keçiriləcək. İkincisi, dini icmalar dövlət qeydiyyatından keçmək üçün təsis sənədlərini dini mərkəz və idarələr vasitəsilə deyil, birbaşa dövlət orqanına təqdim edəcəklər. Üçüncüsü, vətəndaşlar həm nağd, həm də elektron, plastik kartlar, internet vasitəsilə ianə (sədəqə) verə biləcəklər. Bütün bunlar təbii ki, dövlət-din münasibətləri sahəsində islahat mahiyyətində dəyişikliklər deməkdir. Qeyd edim ki, bu dəyişikliklər müasir dövrün çağırışları ilə uzlaşır.
- Dəyişikliklər Qafqaz Müsəlmanları İdarəsinin dini sahədəki funksiyasına necə təsir edəcək? Bəzi qüvvələr qəsdən dəyişikliklərlə bağlı layihəni QMİ-nin səlahiyyətlərinin məhdudlaşdırılması kimi qəbul edir. Bunun əsası varmı?
- Məncə, bu cür məsələlərə məkrli niyyətlə yanaşanların olması başa düşüləndir. Amma məkrli qruplara və şəxslərə ən yaxşı cavabı elə Qafqaz Müsəlmanları İdarəsi verdi. İdarənin yaydığı açıqlamada bildirilir ki, bu dəyişikliklər dövlət-din münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik sahəsində aparılan islahatların davamı, tərkib hissəsidir. QMİ həm də dəyişikliklər qəbul ediləcəyi təqdirdə din xadimlərini və dindarları, ümumiyyətlə, hər kəsi ona əməl etməyə çağırdı. Bu açıqlama ilə Qafqaz Müsəlmanları İdarəsi dövlətçiliyimizə və milli maraqlamıza sadiqliyini nümayiş etdirdi. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın ənənəvi dini mərkəzdir, 200-ə yaxın yaşı var. Qanuna dəyişikliklər qəbul ediləcəyi təqdirdə islam icmaları dini məsələlərdə yenə də Qafqaz Müsəlmanları İdarəsinə tabe olacaq. Həmçinin, İslam din xadimlərinin attestasiyasında İdarənin nümayəndələri iştirak edəcəklər. Bir sözlə, Qafqaz Müsəlmanları İdarəsi ənənəvi dini mərkəz kimi tarixi funksiyasını və şəriətlə bağlı faəliyyətini davam etdirəcək.
- Təkliflərdən biri İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyinatı səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə bağlıdır. Bu zaman Dövlət Komitəsi QMİ-yə məlumat verəcək. Konstitusiyaya görə, Azərbaycanda din dövlətdən ayrıdır. İbadət yerinə rəhbər təyinatının Dövlət Komitəsinə verilməsi dövlətin dini işlərə müdaxiləsi kimi qiymətləndirilə bilərmi?
- Doğrudur, Konstitusiyamıza görə, din dövlətdən ayrıdır və Azərbaycan dünyəvi dövlətdir. Amma din xadiminin dövlət qurumu tərəfindən təyin olunması dövlətin dindən ayrı olması və dünyəvilik prinsiplərinə zidd deyil. İzah edim: bir var din, bir də var din xadimi. Din şəriət qaydaları, ehkamlardır. Dövlət din xadimi təyin etməklə şəriətə, ehkamlara müdaxilə etmir. Məsələn, "namaz belə qılınmalı", "oruc belə tutulmalıdır" deyə dövlətin hansısa bir müdaxiləsi ola bilməz.
Din xadiminə gəlincə, o, din yox, belə demək mümkünsə, dini fəaliyyətin təşkilatçısıdır. Deməli, dövlət dinə - şəriətə müdaxilə etmir, dini fəaliyyətin təşkilatçısını özü müəyyən etməklə, bu fəaliyyətə nəzarət edir. Əgər dəyişiklik qəbul edilsə, din xadimi dövlət qurumu tərəfindən təyin edilən ilk dünyəvi dövlət Azərbaycan olmayacaq. Məsələn, qardaş Türkiyədə Atatürkdən üzü bəri müsəlman din xadimləri Diyanət İşləri Başqanlığı tərəfindən təyin edilir. Məscid imamları Türkiyədə dövlət qulluqçularıdır. Bu cür nümunələr dünyəvilik anlayışının beşiyi sayılan Avropada da var. Məsələn, dünyada liberal və mütərəqqi dəyərləri müdafiə edən ölkələr kimi tanınan Norveç, Danimarka, Finlandiya, İngiltərə və İslandiyada hətta ölkənin qanunlarında onun hansı dinə (bəzən təriqətə) aid olması təsbit edilib. Norveç Konstitusiyasına görə, hökumət üzvlərinin ən azı yarısı kilsənin üzvü olmalıdır. Yaxud İngiltərədə kral Anqilikan kilsəsinin rəhbəri hesab edilir. Həmçinin kral kilsəni faktiki idarə edən şəxsi və əsas din xadimlərini təyin edir. Bu təyinatlara namizədlər isə hökumət tərəfindən verilə bilir. Başqa bir nümunə isə sərt dünyəvilik modelinin bariz nümunəsi olan, dünyəviliyin vətəni sayılan Fransadır. Bu ölkənin Elzas bölgəsində dövlət din xadimlərinə maaş verir, din xadimlərini himayə və təyin edir. Bu cür nümunələr həm Qərbdə, həm də Şərqdə kifayət qədərdir.
- Müzakirə edilən məsələlərdən biri də məscidlərdə və digər ibadət yerlərində ianələrlə bağlıdır. Qanuna təklif edilən dəyişikliklərdən sonra ianələrə nəzarət və həmin vəsaitin xərclənməsi sahəsində nə kimi dəyişikliklər olacaq? Şəffaflıq necə təmin olunacaq?
- Təklif edilən dəyişikliklər ianələrin qəbul edilməsi qaydası ilə bağlıdır. Mahiyyəti budur ki, vətəndaşlar həm nağd, həm də köçürmə yolu ilə ianə edəcə biləcəklər. Burada da əsas məqsəd şəffaflığı təmin etməkdir. O ki qaldı ianə qəbul edilməsi ilə bağlı qaydalara, bu barədə indidən danışmaq tezdir. Qanuna dəyişikliklər qəbul edildikdən sonra bu barədə danışmaq olar.
- Məscidlərdə "nəzir qutuları" ləğv oluna bilərmi?
- Bu cür sualların verilməsini başa düşürəm. Bilirəm ki, insanlar üçün bu məsələlər həm maraqlı, həm də önəmlidir. Amma dəyişikliklər qəbul edilmədən bu mövzuda müzakirələr açmağı doğru hesab etmirəm. Zamanı gələndə bütün məsələlər müzakirə edilə və suallar cavablandırıla bilər.
- Uzun illərdir cəmiyyətdə bir məsələ müzakirə olunur: məscidlərdə toplanan ianələr hara xərclənir? Sizcə, bu sahədə indi şəffaflıq varmı? Gələcəkdə bu ianələr hara xərclənə bilər?
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi indiyədək ianələrlə bağlı məsələlərə hansısa formada müdaxilə etməyib. Ona görə də bu barədə kifayət qədər məlumatım olmadığı üçün nəsə demək istəmirəm. Gələcəkdə ianələrin hara xərclənə biləcəyinə gəlincə, siz, təbii ki, qanuna dəyişiklikləri nəzərdə tutaraq bu sualı verirsiniz. Mən isə bu cür məsələləri yalnız qanun qüvvəyə mindikdən sonra müzakirə etməyin tərəfdarıyam.