Logo

Anar Kərimov Şəmkir rayonunda mədəniyyət müəssisələrinə baxış keçirib

04.02.2022 21:35 518 baxış
IMG

Mədəniyyət naziri Anar Kərimov ölkəmizin qərb bölgələrinə səfəri çərçivəsində fevralın 4-də Şəmkir rayonuna gəlib.

Tehsil.biz xəbər verir ki, nazir əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Sonra Şəmkir rayon Mədəniyyət Mərkəzinə baş çəkən Anar Kərimov müəssisənin binası və fəaliyyəti ilə tanış olub. Nazir Mədəniyyət Mərkəzi nəzdində xalq kollektivlərinin, teatr qruplarının yaradılmasının vacibliyini vurğulayıb, bununla bağlı göstərişlər verib.

Şəmkir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) gələn nazirə  kitabxananın şöbələri, kitab fondları barədə məlumat verilib. Anar Kərimov MKS-də texniki təchizatın yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyində olan mədəniyyət naziri muzeyin ekspozisiyasına və kitab fonduna baxış keçirib. Muzeydə memar-rəssam Fərman Hüseynov tərəfindən çəkilən "Toy" adlı divar miniatür əsəri barədə məlumat verilib ki, 73 kvadratmetr sahəsi olan əsər bu qəbildən ən böyük əl işlərindən hesab edilir. Muzeydə qorunan 2500 illik sütun daşları haqqında məlumat da nazirə bilgi verilib.

Şəmkir Rayon Uşaq Musiqi Məktəbinə gələn nazir binanın vəziyyəti ilə tanış olub. Məktəbin xor kollektivinin, tar ixtisası üzrə təhsil alan şagirdlərinin ifalarını dinləyib. Bildirilib ki, məktəbdə 665 şagirdin təlim-tərbiyəsi ilə 134 nəfər müəllim məşğul olur. Burada 10 ixtisas – fortepiano, violin, tar, kamança, qarmon, xanəndəlik, nağara, klarnet, xor, nəzəriyyə üzrə tədris həyata keçirilir.

Şəmkir rayonunda səfərdə olan mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə fevralın 4-də rayon Heydər Əliyev Mərkəzində Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran vəzifələrdən bəhs edilib, bu sahədə çalışan işçilərin peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığının artırılmasının ümumi inkişaf üçün əhəmiyyəti vurğulanıb.

Anar Kərimov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mədəniyyət sahəsinə daim diqqət və qayğı göstərilir. Mədəniyyət müəssisələri də fəaliyyətlərini bu diqqət və qayğıya adekvat qurmalıdır.

Görüşdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, bununla bağlı təkliflər dinlənilib. Nazir Anar Kərimov problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonda mədəniyyət işçiləri ilə xatirə şəkli çəkdirilib.

Xəbər lenti