Logo

MDU əməkdaşı ali təhsilin beynəlmiləlləşdirilməsi ilə bağlı seminarda təmsil olunub

05.02.2022 12:20 448 baxış
IMG

2022-ci ilin 25 yanvar tarixində Bakı şəhərində Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (ABTMA), Midlberi Beynəlxalq Araşdırmalar İnstitutu və ABŞ-ın Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə “Peşəkar Assosiasiya və Bilik Mübadiləsi vasitəsilə Azərbaycanda Ali Təhsilin Beynəlmiləlləşdirilməsinin Genişləndirilməsi” adlı seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda ABŞ-ın Azərbaycandakı Səfirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin, Azərbaycandakı Milli Erasmus+ Ofisinin, British Council Azərbaycan təşkilatının, ABŞ-ın Midlberi Beynəlxalq Araşdırmalar İnstitutunun və 25 ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr şöbələrinin rəhbər nümayəndələri iştirak ediblər. Mingəçevir Dövlət Universitetini Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Emil Həsənov təmsil edib.

Altı sessiyadan ibarət olan seminarda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası və gələcək planlar”, “Beynəlxalq təhsil üçün mövcud reallıqlar və gələcək İstiqamətlər”, “Azərbaycanda beynəlxalq təhsil modelləri (tərəfdaşlıqlar, proqramlar və fəaliyyətlər)”, “Dövlət və beynəlxalq təşkilatların təqaüd proqramları vasitəsilə tələbə/müəllim mobilliyi və ya mübadilə”, “Azərbaycanda əcnəbi tələbə və tədqiqatçı dəyişimi (mübadiləsi) proqramlarının perspektivləri və tələbə xidmətləri”, “Azərbaycanda və regionda beynəlxalq təhsil əməkdaşlığı üçün növbəti addımlar” və digər mövzularda məruzələr edilib.

Fərdi müzakirələrlə davam edən seminar iştirakçılar və qonaqlar tərəfindən müsbət qarşılanıb. Sonda xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, ABTMA 2019-cu ilin noyabr ayında bir təşəbbüs qrupu kimi təsis edilmiş və könüllülük prinsipi əsasında bir neçə yerli ali təhsil müəssisələrinin əməkdaşları tərəfindən fəaliyyətə başlayıb. ABTMA-nın missiyası təşviq, vəkillik, şəbəkələşmə və peşəkar resurs mübadiləsi vasitəsilə fərdləri və qurumları dəstəkləməklə Azərbaycanda ali və peşə təhsilinin effektiv beynəlmiləlləşdirilməsinə töhfə verməkdir.

Xəbər lenti