Logo

Azərbaycan musiqisi Avropa mədəniyyət paytaxtında

05.02.2022 18:14 464 baxış
IMG

Serbiyada Novi Sad şəhərinin 2022-ci il Avropanın Mədəniyyət Paytaxtı seçilməsi münasibətilə hazırlanan beynəlxalq mədəni layihənin təqdimatı keçirilib. Bununla əlaqədar ölkənin aparıcı musiqi kollektivi olan Novi Sad Dövlət Orkestri - "Voyvodanski" simfonik orkestri ilə nəzərdə tutulan "Best of Novi Sad" layihəsinin ilk konserti oldu.

Bu sırada ilk təqdimat gecəsinə azərbaycanlı dirijor - Akademik Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Kunmin Filarmonik Orkestrinin (Çin) baş dəvətli dirijoru , Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev dəvət olunub. Qeyd etmək lazımdır ki, Azərbaycanın Serbiyadakı səfirliyi tədbirin həyata keçirilməsi üçün dəstək göstərən təşkilatların sırasındadır.

Beynəlxalq əhəmiyyəti olan önəmli mədəni layihənin Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin musiqisi ilə açılması gecəyə xüsusi rəng qatıb. Proqramın açılışında Qara Qarayevin "İldırımlı yollarla" baletindən nümunələrin Serbiyanın simfonik orkestri və azərbaycanlı dirijor tərəfindən ifası yerli dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Qara Qarayevin təqdimatından sonra onun müəllimi dahi bəstəkar Dmitriy Şostakoviçin Violonçel və orkestr üçün 2-ci konsertinin Serbiyanın istedadlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı İrena Yosifoski tərəfindən ifası gecənin ən yaddaqalan hadisələrindən birinə çevrilib. Konsertin ikinci bölümündə tanınmış Avstriya bəstəkarı Tristan Şultsun Marimba və orkestr üçün konsertinin Serbiyada ilk ifası gerçəkləşib. Hans Zimmerlə bərabər layihələri dünyaya səs salmış zərb ifaçısı Aleksandra Şuklar (Sloveniya/Serbiya) əsəri dinləyicilərə böyük şövqlə təqdim edib. Pyotr Çaykovskinin məşhur "1812" Festival Uvertürasının ifası isə gecənin kulminasiyası olub. Ayaqüstü qarşılanan konsertin sonunda dirijor Əyyub Quliyev və Novi Sad orkestri dinləyicilərin marağını nəzərə alaraq uvertüranı yenidən səsləndirib. (Azərtac)

Xəbər lenti