“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Avropa İttifaqı (Aİ) ilə birgə "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" 2022-2023 texniki yardım layihəsinə başlayıb.
Tehsil.biz xəbər verir ki, layihə aşağıdakı komponentləri ehtiva edir:
1. DİM-in dövlət qulluğuna qəbul, qulluqda yüksəliş və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə imkanlarını gücləndirmək;
2. DİM-in davamlı peşəkar inkişaf və fərdi karyeranın planlaşdırılması üzrə imkanlarını inkişaf etdirmək;
3. Layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması üçün tədbirlər təşkil etmək.
2 il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihəyə Litva, İrlandiya, Bolqarıstan, Albaniya və Ukraynadan olan mütəxəssislər cəlb olunub. Layihə çərçivəsində benefisiar qurum DİM, podratçı isə fəaliyyətin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq üzrə ixtisaslaşmış aparıcı beynəlxalq konsaltinq şirkəti olan və Lüksemburqda yerləşən "PROMAN" şirkətidir.
Layihə çərçivəsində aşağıdakı sahələr üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulur:
- dövlət qulluğuna qəbul, qulluqda yüksəliş və xidməti fəaliyyətin qiymətləndirilməsində səriştəyə əsaslanan yanaşmanın hüquqi və institusional çərçivəsinin gücləndirilməsi;
- dövlət qulluqçularının səriştələrinin qiymətləndirilməsinə cəlb edilən DİM-in və müvafiq dövlət orqanlarının nümayəndələrinin, həmçinin müstəqil ekspertlərin səriştələrin yoxlanılması istiqamətində peşəkarlığının artırılması;
- səriştələrin yoxlanılması, xidməti fəaliyyətin qiymətləndirilməsi və namizədlərə dair hesabatların verilməsi kimi proseslərin rəqəmsallaşdırılmasına kömək edilməsi;
- dövlət qulluqçularının davamlı peşəkar inkişafını və fərdi karyera planlamasını təmin etmək üçün metodologiyanın hazırlanmasında DİM-ə dəstək göstərilməsi;
- maraqlı tərəfləri layihənin məqsədləri barədə məlumatlandırmaq;
- layihənin nəticələrini maraqlı tərəflərə təqdim etmək.
Layihə çərçivəsində komponentlər üzrə təlim və seminarların, dövlət qulluğunda səriştə modelini, həmçinin davamlı peşəkar inkişaf və fərdi karyera planlaması üzrə qabaqcıl üsulları tətbiq edən ölkələrə təlim səfərlərinin təşkili planlaşdırılır.