Azərbaycan Dillər Universitetinin Azərbaycanşünaslıq Elmi Mərkəzinin elmi işçisi Suğra Ələkbərlinin “Şuşa ədəbi mühitinin ədəbiyyatımıza təsiri” yazısını təqdim edirik.
Prezident, Ali Baş Komandan İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi Azərbaycan mədəniyyətinə saysız mövzular verməklə yanaşı Şuşanın tarixi, ədəbiyyatı, incəsənəti və b. sahələri üzrə gerçəkliklərə işıq salmağa, bu mövzuda yeni elmi, bədii əsərlərin ərsəyə gəlməsinə şərait yaradacaq. 28 illik işğaldan azad edilmiş Şuşaya həsr olunmuş “Şuşa İli” qələbəmizin zirvəsi hesab edilməlidir.
Azərbaycanın mədəniyyət mərkəzi Şuşa
XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 11 nüsxəbənd, 4 astronom, 18 memar, 16 həkim, 42 müəllimin olması faktı, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə müstəsna xidmətləri olmuş onlarla böyük ziyalılar Şuşanın Azərbaycanın mədəniyyət mərkəzi olduğu fikrini sübut edir.
XIX əsrdə Şuşa Qafqazın mədəniyyət mərkəzinə çevrilməklə Qarabağ ədəbiyyatı “qızıl dövrünə” qədəm qoydu. Qarabağ-Şuşa ədəbi mühiti Azərbaycan mədəniyyətində və ədəbiyyatında hər zaman aparıcı yer tutmuş, ədəbiyyatda yeni istiqamətlərin yaranmasında özül rolunu oynamışdır. XVIII-XIX əsr Şuşa ədəbi mühiti ən yeni ideya-estetik xətti, ədəbi-üslubi meylləri və zənginliyi ilə təkcə Azərbaycanda deyil, bütün türk dünyasında, Şərq ədəbiyyatında qabaqcıl yerlərdən birini tutur.
Azərbaycanımızın qədim mədəniyyət məkanlarından biri kimi tanınan Qarabağda xanlıqlar dövründən sonra ədəbiyyat və sənət daha da çiçəklənib inkişaf etdi. Təsadüfi deyil ki, Qasım bəy Zakir, Baba bəy Şakir, Məhəmməd bəy Aşiq, Natəvan, Nəvvab, Fatma xanım Kəminə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu kimi yazıçı və mütəfəkkirlərimiz Şuşada yetişib yaradıcılığa başlayıblar.
Yer üzünün canlı muzeyi - Şuşa
Musiqi, poeziya beşiyi adlanan bu sehirli şəhərdə demək olar ki, Azərbaycanın bir çox məşhur mədəniyyət xadimləri yaşayıb yaratmışdır. Bir çox ilklərə imza atan bu şəhər milli operamızın beşiyi olmaqla yanaşı, ilk professional orkestrin, həm böyüklər, həm də uşaqlar üçün ilk baletin yarandığı yer olmuşdur.
XVIII əsrdə Vaqif kimi şeir tacidarının yaradıcılığı Şuşa şəhərində çiçəklənmişdir. Burada yaşayıb yaratmış Qasım bəy Zakir, Baba bəy Şakir Azərbaycan ədəbiyyatında realist-ictimai satirik poeziyanın əsas yaradıcılarından olmuşlar. Xan qızı, şairə, rəssam Xurşidbanu Natəvanın, türk dünyasında musiqi nəzəriyyəçisi, rəssam, şair Mir Möhsün Nəvvabın şeir məclisləri dillər əzbəri olmuşdur.
Parisdə ilk dəfə "Qarabağ folkloru" kitabını fransızca və orijinal mətnlərlə çap etdirən yazıçı, publisist diplomat, folkorşünas Ceyhun bəy Hacıbəyli, erməni terrorizminə qarşı döyüşən ilk türk “Difai” milli təşkilatının yaradıcısı, yazıçı, publicist, alim Əhməd bəy Ağayev bu torpaqların yetişdirdiyi ziyalılardır.
Şuşa ədəbi mühitinin ədəbiyyatımıza qazandırdığı simalar, gətirdiyi yeniliklər
Pənahabad şəhərinin - Şuşanın XVIII əsrdə əsası qoyulduqdan sonra Şuşa ədəbi mühiti Azərbaycan ədəbi-mədəni mühitinin ən qaynar mərkəzinə çevrildi. Şuşa ədəbi mühiti dedikdə xəyalımızda ilk növbədə Vaqifin, Zakirin, Natəvanın şeirləri canlanır. Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Fərhad Ağazadə, Zülfüqar Hacıbəyli, Firudin bəy Köçərli və s. şəxsiyyətlər bu torpağın onlara verdiyi güc sayəsində xalqı, milləti üçün zülmətdə yanan işıq olmuşlar.
Adlarını sadaladığımız Şuşa torpağının yetirmələri olan, milli duyğularla yaşayan fədakar şəxsiyyətlər istər bədii, istər publisistik əsərləri, istərsə də pedaqoji fəaliyyətləri ilə könlü əbədi olaraq vətənlə çırpınmış, əsərlərində cəhaləti, avamlığı tənqid edərək insanları maarifə, mədəni tərəqqiyə, azad fikrə səsləmiş, bütün yaradıcılıqları ilə ədəbi prosesin inkişafına xidmət etmişlər.
Qarabağda XVIII əsrdən Azərbaycan ədəbiyyatında realist şeirin əsası Molla Pənah Vaqif tərəfindən qoyuldu və Qasım bəy Zakir tərəfindən inkişaf etdirildi. Bununla da, bu dövürdə yaranan bədii əsərlərin dili canlı həyata, xalq danışıq dilinə yaxınlaşaraq, özündən sonrakı ədəbiyyatın inkişaf istiqamətlərini müəyyənləşdirdi və XIX əsrdə realizm ədəbi metodunun yaranmasına və inkişaf etməsinə səbəb oldu.
Azərbaycan folklorunun mühüm janrlarından olan bayatı janrının vətəni də Qarabağ elləri olmuşdur. Türk dünyasında ilk bayatı məhz burada yaranmışdır.
Azərbaycanda ilk ədəbi məclislərin beşiyi də Şuşadır. XIX əsr Şuşa ədəbi məclisləri özünün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə verdiyi töhfələrlə fərqlənir. Mənbələrdə ən çox adı çəkilən Şuşa məclisləri “Məclisi-üns” (“Dostluq məclisi”) və “Məclisi-fəramuşan”dır (“Unudulmuşlar məclisi”).
1864-cü ildə əsası şuşalı şair Mirzə Rəhim Fəna tərəfindən qoyulan “Məclisi-üns”ə sonralar Xan qızı Xurşidbanu Natəvan ömrünün sonuna kimi - düz 25 il rəhbərlik etdi. Otuzdan çox üzvü olan məclisin istedadlı üzvləri arasında Mirzə Rəhim Fəna, Hacı Abbas Agah, İsmayıl bəy Dəruqi, Məşədi Nəsir Lövhi, Məmo bəy Məmai, Mirzə Ələsgər Növrəs və başqaları olub.
1872-ci ildə Mirzə Möhsün Nəvvabın başçılıq etdiyi "Məclisi-fəramuşan"ın ətrafında toplaşan Şuşa şairləri - Abdulla bəy Asi, Fatma xanım Kəminə, Mirzə Əbdül Şahin, Molla Saleh Bülbül, Bəhram bəy Fədai və başqaları o dövrün tanınmış simaları idi.
Öz dövrünün çox mühüm ədəbi birliyi olan “Məclisi-üns” və “Məclisi-fəramuşan” həm də bir məktəb missiyasını ləyaqətlə yerinə yetirdi. Bu ədəbi məclislər ilk növbədə şeir-sənət məktəbi idi. Burada şeirlər, məsnəvilər yazılır, ədəbi müzakirələr aparılır, şeir normaları öyrədilir, nəzirələrlə ənənələr möhkəmləndirilir və gələcək nəsillərə ötürülürdü. Ədəbi məclis təmsilçilərinin xalq şeiri tərzində yazmasına əhəmiyyət verən Həsən bəy Zərdabi onlara bu tip şeirləri aşıqlara verməyi, xalq şənliklərində oxutmağı, xalqı maarifləndirməyi tövsiyə etmişdi. Bu isə xalq ilə ziyalı ünsiyyətini artırır, cəmiyyətdə maariflənmənin təşkilinə yol açırdı. Məclis yığıncaqlarında yazılan şeirlərin müzakirəsi, forma-məzmun xüsusiyyətlərinin dəyərləndirilməsi ədəbi tənqid və ədəbi prosesin inkişafına öz təsirini göstərməkdə idi. Şeir, sənət məktəbi kimi şeirşünaslıq elminin qayda və normalarının öyrədilməsi, qorunması ədəbi məclislərin bəlağət və poetika məktəbi kimi də əhəmiyyətini müəyyənləşdirirdi.
Şuşada ədəbi məclislər dövrün ziyalılarını bir araya gətirən, mühüm hadisələrin müzakirə olunmasına xidmət edən mərkəz funksiyasını da yerinə yetirirdi. Ədəbi məclislər həm də musiqi məclisi idi. Tarzən Sadıq (Mirzə Əsəd oğlu Sadıq - Sadıqcan), Hacı Hüsü, Məşədi kişi, Kaştazlı Haşım, Molla Abbasqulu, Molla Vəli, Məmməd Qaryağdı, Məşədi Dadaş və başqa xanəndələr ədəbi məclislərdə fəal iştirak edirdilər. İncəsənətin fərqli növlərini əlaqəli formada təqdim edən Şuşa ədəbi məclisləri həm də rəssamlıq, xəttatlıq fəaliyyətini də mərkəzləşdirən mədəniyyət ocaqları idi. Bütövlükdə Şuşanın necə bir mədəniyyət mərkəzi olmasını, mədəniyyətimizin inkişafına verdiyi töhfələri elə Şuşa ədəbi məclislərinin fəaliyyəti nümunəsində görə bilirik.
Ruhumuzun məskəni – müqəddəs şəhər
Anarın təbirincə desək Şuşa bütün azərbaycanlıların ruhunun vətənidir. Azərbaycan mənəviyyatının, mədəniyyətinin paytaxtıdır. Milli qeyrət, milli birlik, vətənpərvərlik hissini daxilində yaşadan hər kəsin ürəyi Şuşa ilə döyünür. Millətimizin köklərindən gələn və artıq ənənə halına çevrilən xarakterik xüsusiyyətlərimiz olan sədaqətimizlə, şücaətimizlə, vətənpərvərliklə, bizim olana sahib çıxmaq və onun yolunda yorulmadan mübarizə aparmaq gücümüzlə, Şuşaya əbədi bağlılığımızla düşmənə kimliyimizi bir daha göstərərək sübut etdik ki, Şuşa azaddır! Qarabağ Azərbaycandır!