7 fevral 2022-ci il tarixindən 11 dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, elana çıxarılan vəzifələrin 48-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 16-sı B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Hesablama Palatasında Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin müdiri və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifələridir.
Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 27, Mədəniyyət Nazirliyində 8, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 6, Maliyyə Nazirliyində 6, Kənd Təsərrüfatı Nazirliyində 5, Qida Təhlükəsizliyi Agentliyində 4, Energetika Nazirliyində 4, Hesablama Palatasında 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 1, Milli Televiziya və Radio Şurasında 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılmışdır.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:
Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən və daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 7 fevral 2022-ci il tarixindən 28 fevral 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.