Logo

Yusif surəsində 36 dramatik situasiya

07.02.2022 13:56 449 baxış
IMG

Tehsil.biz Kulis.az-a istinadən Xəyyam Rəfilinin “Ən gözəl qissə” essesini təqdim edir.

Biz sənə qissələrin ən gözəlini danışırıq.

"Yusif" surəsi, 3-cü ayə

İnsan oğlu əlinə qələm alandan ən gözəl cümləni qurmaq, ən gözəl hekayəni yazmaq həvəsindədir. Bunun üçün qaydalar icad eləyib, dilini kamilləşdirib, mətnin konturlarını şərtləndirib və sairə. Lakin acı da olsa qəbul etmək lazımdır ki, insanın özü yaradılış etibarilə kamil varlıq olmadığı üçün, mütləq kamilliyə yetişmə şansı da yoxdur. Bəlkə də insan olmağın ən əyləncəli tərəflərindən biri elə kamil olmamasıdır. Heç vaxt kamilliyə çata bilməyəcəyi üçün axtarışları da sonsuz davam edəcək və hər dəfəsində daha gözəlinə, daha mükəmməlinə nail olduqca, özünü dünyanın əşrəfi sanacaq. Yolun sonuna varmadan insanın özünü ali varlıq hesab eləməsi də işin ən paradoksal yönüdür.

Mətndən danışacaqdım axı... İnsan olmanın verdiyi cahil cəsarəti ilə mən də o mükəmməl mətnin axtarışına çıxdım. Döndüm-dolaşdım, yenə başa qayıtdım. Və deyəsən, sonda tapdım. Amma ən gözəl hekayəni insanların yazdıqları arasından deyil, oxuyub yan keçdiklərinin arasından tapdım. Ədəbiyyatın ancaq nəzmdən və xalq yaradıcılığından ibarət olduğu, nəsrin demək olar ki, olmadığı VII əsrin Ərəbistan yarımadasında insanlara təqdim olunmuş bu mükəmməl hekayə, "Qurani-Kərim"dəki "Yusif" surəsidi.

Müəllifinin kimliyi barədə mübahisə edənlər ola bilər, amma ortada əvvəli və sonu, süjet xətti olan, simvollarla zəngin on dörd əsrlik bir mətn var. "Quran"ın möcüzəsini, bəlağətini, nazil olma səbəbini və məqsədini ilahiyyatçılara buraxıb, Yusifin hekayətinə bir də ədəbiyyat prizmasından baxmağı təklif edirəm.

"Yusif" surəsi "Quran"da hekayə şəklində olub, əvvəli-sonu və süjet xətti olan yeganə surədir. On iki qardaşın hekayəti "Quran"ın sıralamasında 12-ci cüzdə, 12-ci surədir. 14 səhifədə 111 ayə, 1795 söz və 7125 hərf var. Məkkədə, hicrətdən az əvvəl tam şəkildə, birdəfəyə nazil olmuşdur.

Yusifin hekayəti, bir gün gördüyü yuxunu atası Yaquba danışması ilə başlayır. Yusif yuxusunda Ay, günəş və on bir ulduzun ona səcdə etdiyini görür. Hekayənin süjetində mükəmməl bir simmetriya var. Belə ki, Yusifin başına gələn çətinliklər və imtahanlar zəncirvari şəkildə bir-birini əvəz edir. Qardaşları Yusifi quyuya atır, quyunun yanından keçən karvanın adamları orda tapdıqları balaca Yusifi qul kimi satırlar, ağasının evində Züleyxa tərəfindən şərlənir və zindana atılır. Hekayənin tam ortasında, yəni 111 ayənin 56-cı ayəsində Yusifi ömrü boyu təqib edən məşəqqətlər bitir və Yusifin həyatında gözəl günlər başlayır. Beləliklə, Yusifi o yerdə yüksək mövqe sahibi etdik. O, istədiyi yerdə qalırdı (və istədiyi kimi hərəkət edirdi). (56) Bundan sonra Yusifin həyat yolundakı çətinliklərdən hörülən zəncirin halqaları eyni ardıcıllıqla çözülməyə başlayır. Zindandan xilas olmaqla həm də Züleyxanın şərindən təmizə çıxır. (Kral o qadınlara) dedi: "Yusifi yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi?!". Onlar: "Allah eləməsin! Biz onun haqqında pis bir şey bilmirik!" - dedilər. Vəzirin zövcəsi (Züleyxa) dedi: "İndi həqiqət ortaya çıxdı. Mən onu tovlayıb yoldan çıxartmaq istəmişdim. O isə, həqiqətən, doğru danışanlardandır". (51) Daha əvvəl qul olan Yusif Misirin ən hörmətli vəzirlərindən birinə çevrilir. Qul olmazdan əvvəl onu quyuya atan qardaşları ərzaq almaq üçün Yusifin yanına gəlirlər və ən sonda Yusifin atasına danışdığı yuxunun gerçəkləşdiyinin şahidi oluruq. Yusifin atası, anası və on bir qardaşı onun hüzurundadır. (Yaqub və ailəsi Misirə gedib) Yusifin hüzuruna daxil olduqları zaman o, ata-anasını qucaqladı və belə dedi: "Allahın diləməsi ilə əmin-amanlıq içində Misirə daxil olun!" (99)

Hekayədə quyu, karvan, yuxu yozmaları, köynək və sairə kimi simvollar var ki, bu cür simvollara nağıl və əfsanələrdə də rast gələ bilərik. Dədə Qorqud dastanındakı Beyrəyin qanlı köynəyi ilə, Məlikməmmədin nağılındakı quyu və qardaşlarının kəndiri kəsib, Məlikməmmədi quyuya atmaları ilə Yusifin hekayəti arasındakı paralellər tapmaq mümkündür.

Yusifin üç köynəyi haqqında ayrıca bir yazı yazmaq olar və bir çox müəlliflər bu haqda təfsilatı ilə məqalələr yazıblar. Atası Yaqubun gözünü "bağlamaq" üçün yalançı qana bulanmış köynək də arxadan çırılması ilə sahibinin günahsız olduğuna işarə edən köynək də, oğul həsrəti ilə gözləri tutulmuş atanın gözlərini açan köynək də Yusifin köynəyi idi. Bir bədəndən çıxıb, üç fərqli nəticə doğuran köynək necə də sirlərlə doludur? (Yaqub) onlardan üz çevirib: "Ah Yusifim!" - dedi. Kədərindən gözlərinə ağ gəlmişdi. Çünki o, qəmini ürəyində saxlayırdı. (84). (Yaqub) dedi: "Mən qəm-qüssəmi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhylə) sizin bilmədiyiniz şeyləri bilirəm. (86) ayələrindən də görürük ki, Yaqub oğlunun sağ olduğunu və bir gün ona qovuşacağını hiss edirdi. Yusifin ölümü ilə barışmadığından bitib-tükənməyən qəm-qüssə axırda gözlərinə ağ salmışdı.

Yusifin hekayəti qısa olsa da ailə dramından dövlət işlərinə qədər, sevgi, qısqanclıq, cinayət, qisas və daha neçə belə dramatik situasiyalarla zəngindir. Bu yerdə yadıma 36 dramatik situasiya düşür və düşünürəm, görəsən, Jorj Poltinin 36 dramatik situasiyasından neçəsi "Yusif" surəsində mövcuddur? Bilirəm, kiçik bir hekayədə dramatik situasiyaların hamısının var olması o hekayənin ən yaxşı hekayə olması demək deyil. Lakin yenə də kiçik hekayədə bu qədər situasiyanın olması diqqət çəkən haldır. Onu da qeyd edim ki, bəzi situasiyalara fərqli bucaqlardan baxmaq və fərqli şəkildə dəyərləndirmək mümkündür. Ona görə də eyni hadisənin bir neçə situasiyaya aid olması normal qarşılanmalıdır.

36 dramatik situasiya

1. Yalvarış

Yusif ərzaq almaq üçün Misirə gələn qardaşlarını tanıdıqda, Bünyaminin yükünün içinə kralın suqabını qoyur və daha sonra onu oğurluq etməklə günahlandırıb, Misirdə qalmasına nail olur. (Misirin qanunlarına görə oğurluq edən şəxs bir il müddətində malını oğurladığı insanın qulu olmalı idi.) Bu hadisədən sonra qardaşları Bünyamini azad etmək üçün Yusifə yalvarırlar.

(Qardaşlar) dedilər: "Ey vəzir! Onun çox qoca bir atası var. Onun yerinə bizdən birini saxla. Çünki sənin yaxşı insanlardan olduğunu görürük". (78)

2. Xilas

Hekayə boyu Yusif bir neçə dəfə xilas olur. Ən başda qardaşları onu öldürmək qərarına gəlirlər, amma böyük qardaş Yusifi quyuya atmalarını məsləhət görür. Bu hadisənin özü də Yusifin ölümdən xilas olması demək idi.

(Qardaşları öz aralarında belə dedilər:) "Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız yalnız sizə meyil etsin. Ondan sonra da (tövbə edib) saleh kimsələr olarsınız". (9)

Onlardan biri dedi: "Yusifi öldürməyin! Əgər hökmən nə isə edəcəksinizsə, onu bir quyunun dibinə atın ki, (oradan keçən) karvanlardan biri onu götürsün". (10)

Daha sonra quyuya atılan uşağı bir karvanın adamları xilas edir, lakin onlar da quyudan çıxartdıqları Yusifi qul kimi satırlar.

Bir karvan gəldi və sudaşıyanı (su dalınca) göndərdilər. O qabını (quyuya) saldı. (Yusifi görəndə:) "Müjdə! Bu bir oğlan uşağıdır!" - dedi. (19)

Züleyxa tərəfindən şərlənib zindana düşən Yusif zindandan yuxuyozma bacarığının sayəsində xilas olur. Kralın dəvətini fürsətə çevirib, şərlənməsindən də təmizə çıxır.

Kral dedi: "Onu mənə gətirin!" Elçi (Yusifin) yanına gəldiyi zaman (Yusif) dedi: "Ağanın yanına qayıdıb ondan soruş ki, əllərini kəsən qadınlara nə olmuşdu?! Şübhəsiz ki, mənim Rəbbim onların hiyləsini yaxşı bilir". (50)

(Kral o qadınlara) dedi: "Yusifi yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi?!". Onlar: "Allah eləməsin! Biz onun haqqında pis bir şey bilmirik!" - dedilər. Vəzirin zövcəsi (Züleyxa) dedi: "İndi həqiqət ortaya çıxdı. Mən onu tovlayıb yoldan çıxartmaq istəmişdim. O isə, həqiqətən, doğru danışanlardandır". (51)

3. Cinayət əvəzinə intiqam

Yusifin qardaşlarından intiqam almağa haqqı olduğu halda, onun intiqamı bir peyğəmbərə yaraşan şəkildə olur. Belə ki, Yusif qardaşlarını bağışlayır və onları öz vicdanları ilə üz-üzə qoyur.

(Yusif) dedi: "Bu gün siz töhmətlənməyəcəksiniz. Allah sizi bağışlasın! O, mərhəmətlilərin ən mərhəmətlisidir. (92)

4. Qohumlara görə, həmçinin bir qohumdan digərinə görə intiqam

Yusifin qardaşları ona bəslədikləri həsəd və paxıllıq səbəbindən həm atalarından, həm də kiçik qardaşlarından intiqam almaq qərarına gəlmişdilər.

O zaman (Yusifin qardaşları) belə demişdilər: "Biz çox olduğumuz halda Yusif və qardaşı (Bünyamin) atamıza bizdən daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir. (Yusif və Bünyamin bir ananın uşaqları, digər qardaşları isə başqa bir ananın uşaqlarıydı. Yəni onlar atabir qardaşdılar). (8)

(Qardaşları öz aralarında belə dedilər:) "Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız yalnız sizə meyil etsin. Ondan sonra da (tövbə edib) saleh kimsələr olarsınız". (9)

5. Təqib

Qardaşlarının Yusifi quyuya ataraq cinayət etməsi, Yusifin də bu cinayətə görə qardaşlarını təqib edib həqiqəti ortaya çıxarması bu situasiyaya aiddir.

6. Qəfil bədbəxtlik

Yusifin qardaşları tərəfindən quyuya atılması, atası Yaqub üçün qəfil bədbəxtlik idi. Hətta Yusifin qəhrindən Yaqubun gözləri tutulmuşdu.

7. Özgə qəddarlığının və bədbəxtliyinin qurbanı

Yusif Züleyxanın qəddarlığının və bədbəxtliyinin qurbanı olmuşdur.

8. Qiyam

Qardaşlarının Yusifə etdikləri ataları Yaquba qarşı olan qiyam idi. Atalarının Yusifi onlardan daha çox sevməsini qəbul edə bilməyib, birlikdə ona üsyan etdilər.

9. Cürətli cəhd

Nə qədər əziyyətini Yusif çəkmiş olsa da Züleyxanın Yusifi tovlamaq cəhdi, üstəlik, şəhərin qadınları qarşısında adına xələl gəlsə belə bunu etiraf etməsini cürətli cəhd saya bilərik.

10. Qaçırılma

Qardaşlarının Yusifi quyuya atmaq üçün ataları Yaqubu yalana inandırmaları və istədiklərinə nail olmaları əslində qaçırılma hadisəsidir.

11. Sirr və ya tapmaca

Yusifin hekayəsində sirr və ya tapmaca situasiyasına bir neçə yerdə rast gəlmək olar. Hekayənin ən sonunda çözülən Yusifin quyuya atılma sirri. Həmçinin Yusifin zindana düşməsinə səbəb olan şərləmə hadisəsi Züleyxanın sirri idi ki, bu da kralın tələbi ilə aydınlığa çıxır.

12. Bir şeyin əldə olunması və ya məqsədə çatma

Hekayənin sonunda Yusif bütün istədiklərini əldə edir və məqsədlərinə çatır.

13. Yaxınlara nifrət

Ataları Yaqubun Yusifi onlardan daha çox sevdiyini düşünən qardaşlar Yusifə nifrət edirdilər. Bu nifrətin nəticəsində onlar, hətta balaca Yusifi öldürməkdən belə çəkinmədilər.

14. Yaxınların rəqabəti

Qardaşların rəqabəti.

15. Qətlə aparıb çıxaran vəfasızlıq

Züleyxanın öz ərinə vəfasız olduğunun üstü açılanda, Yusifi qətl etdirə bilməsə də onu şərləyib, zindana atdırmağı bacarmışdır.

16. Ağılsızlıq, dəlilik

Ağılsızlığı nəticəsində Züleyxanın özünü rüsvay edib, Yusifin zindana düşməsinə səbəb olması.

17. Nəhs ehtiyatsızlıq və ya bədbəxt tale yazısı

Yusifin Zülyexa ilə tək otağa girməsi nəhs ehtiyatsızlıq idi və nəticəsində bədbəxtlik qaçılmaz oldu.

Yusifin qaldığı evdəki qadın (Züleyxa) onu tovlamaq istədi və qapıları bağlayıb: "Haydı gəl!" - dedi. (23)

18. Eşq və biixtiyar cinayət

Züleyxanın Yusifə qarşı olan hisslərinin eşq, yaxud ehtiras olduğunu dəqiq bilməsək də, nəticədə bir cinayətin baş verdiyini görürük.

19. Zorən yaxın adamın qatilinə çevrilmək

Bu situasiyaya aid hekayədə dəlil tapa bilmədim.

20. İdeal naminə özünü qurban, fədailik

Yusifin Züleyxanın yaxınlıq təklifini rədd etməsi həm Allahdan qorxduğu üçün, həm də ağasına xəyanət etmək istəməməsi səbəbindən idi. Yusif öz inancına sadiq qalıb, özünü fəda etməyə hazır olduğunu nümayiş etdirir.

Yusifin qaldığı evdəki qadın (Züleyxa) onu tovlamaq istədi və qapıları bağlayıb: "Haydı gəl!" - dedi. Yusif isə: "Mən Allaha sığınıram! O (sənin ərin) mənim ağamdır. O mənə yaxşı davranır. Şübhəsiz ki, zülm edənlər (zinakarlar) nicat tapmazlar!" - dedi. (23)

21. Yaxınlarına görə özünü qurban vermək

Bu situasiyaya aid hekayədə dəlil tapa bilmədim.

22. Ehtiras üçün hər şeyi qurban vermək

Züleyxa Yusifə olan ehtiras və istəyi uğrunda hər şeyini qurban verməyə hazır idi. Bunun üçün şəhərin qadınlarını toplayıb onların yanında öz istəkləri uğrunda adına xələl gələcəyindən belə çəkinmir.

23. Qaçılmazlıq və vacibat üzündən yaxın adamın qurban verilməsi

Yusifin qardaşı Bünyaminin yükünə kralın suqabını qoyaraq, onu pis vəziyyətdə qoyması və həbs etdirib Misirdə saxlaması öz məqsədinə çatmaq üçün atılan qaçılmaz bir addım idi.

24. Bərabər olmayanların rəqabəti

On bir böyük qardaşla Yusifin rəqabəti bərabər olmayan bir rəqabət idi. Sonra isə Misirin vəzirinin arvadı ilə qul bir gəncin rəqabəti də bərabər deyildi.

25. Vəfasızlıq, xəyanət

Züleyxanın etdikləri ərinə qarşı vəfasızlıq və xəyanətdir.

26. Məhəbbət cinayətləri

Yuxarıda qeyd etdiyim kimi Züleyxanın Yusifə olan meylinin məhəbbət ya ehtiras olduğunu dəqiq bilmirik. Yalnız, (Həqiqətən, (Züleyxa) ona meyil salmışdı. (24)) ayəsindən Züleyxanın Yusifə meyli olduğunu bilirik.

27. Doğma və ya sevimli insanın şərəfsizliyindən xəbər tutmaq

Yaqubun oğullarının Yusifə etdiklərindən xəbər tutması.

28. Sevgi əngəlləri

Həqiqətən, (Züleyxa) ona meyil salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyil salacaqdı. (24) Ayədən də göründüyü kimi Yusif də Züleyxaya meyil sala bilərdi. Amma bu meylə əngəl olan şeylər vardı. Qadağan olunmuş nikah (ağasının arvadı ilə yaxınlıq edə bilməzdi), həm Allaha, həm də ağasına olan sədaqəti.

29. Düşmənə sevgi

Qardaşlarının Yusifə düşmənçilik etmələrinə baxmayaraq Yusif sonda onları bağışlayır.

(Yusif) dedi: "Bu gün siz töhmətlənməyəcəksiniz. Allah sizi bağışlasın! O, mərhəmətlilərin ən mərhəmətlisidir. (92)

30. Şöhrətpərəstlik və hakimiyyət sevgisi

Yusif dedi: "Məni bu yerin (Misirin) xəzinələrinə (rəhbər) təyin et! Həqiqətən, mən yaxşı qoruyanam, (bu işi) yaxşı bilənəm". (55)

Qardaşlarının Yusifə olan düşmənçiliyini şöhrətpərəstlik kimi anlamaq olar.

O zaman (Yusifin qardaşları) belə demişdilər: "Biz çox olduğumuz halda Yusif və qardaşı (Bünyamin) atamıza bizdən daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir. (8)

31. Yaradana üsyan

Yusifin hekayətində Yaradana birbaşa üsyan etmək halına rast gəlmirik, lakin surənin sonlarında bu haqda xatırlatmalar var.

Sən nə qədər istəsən də, insanların çoxu iman gətirəsi deyil. (103)

Göylərdə və yerdə (Allahın varlığını və birliyini göstərən) neçə-neçə dəlillər vardır ki, (insanlar) onların yanından üz çevirib keçərlər. (105)

32. Yanlış qısqanclıq, həsəd

Qardaşlarının Yusifi qısqanmaqları yanlış idi. Çünki Yaqub Yusifi hamıdan balaca olduğu üçün çox əzizləyirdi. Bir peyğəmbər və ata olaraq digər oğlanlarını sevməməsi ehtimalı yox idi. Hətta Yusifə etdiklərini unudaraq övladları üçün Allahdan bağışlanma da diləyir.

(Yaqub) dedi: "Rəbbimdən, sizin üçün əfv diləyəcəyəm. Şübhəsiz ki, O, bağışlayandır, rəhmlidir" (98)

33. Məhkəmə səhvi

Baxmayaraq ki, Yusif günahsız idi və onun günahsız olduğunu sübut edən arxadan cırılan köynəyi vardı, məhkəmə Misirin vəzirinin istəyi ilə yanlış hökm çıxararaq Yusifi zindana atır.

Yusif dedi: "O məni tovlayıb yoldan çıxartmaq istədi!" (Züleyxanın) qohumlarından biri belə şahidlik etdi: "Əgər Yusifin köynəyi qabaqdan cırılmışsa, deməli, (Züleyxa) doğru deyir, o isə yalançılardandır. (26)

34. Vicdan əzabı

Qardaşları ən sonda etdikləri səhvi başa düşüb, vicdan əzabı çəkirlər.

Onlar: "Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə, əlbəttə, xəta etmişik!" - dedilər. (91)

35. İtirilən və tapılan

Yaqubun itirdiyi oğlunu ömrü boyu axtarması və sonda onu tapması.

Karvan (Misirdən) ayrılarkən (Kənan diyarındakı) ataları (yanındakılara) dedi: "Əgər məni səfeh hesab etmirsinizsə, (bilin ki,) mən Yusifin qoxusunu alıram". (Yanındakılar:) "Allaha and olsun ki, sən yenə (Yusifi həddindən artıq sevməklə) köhnə xətanı təkrar edirsən!" - dedilər. Müjdəçi gəldiyi zaman onu (köynəyi Yaqubun) üzünə qoydu və onun gözləri dərhal açıldı. (Yaqub) dedi: "Mən sizə demədimmi ki, Allahdan (gələn vəhylə) sizin bilmədiklərinizi bilirəm". (94, 95, 96)

36. Yaxınların itkisi

(Yaqub) onlardan üz çevirib: "Ah Yusifim!" - dedi. Kədərindən gözlərinə ağ gəlmişdi. Çünki o, qəmini ürəyində saxlayırdı. (Oğulları:) "Allaha and olsun ki, hələ də Yusifi xatırlayırsan. Axırda ya xəstə düşəcək, ya da öləcəksən", - dedilər. (Yaqub) dedi: "Mən qəm-qüssəmi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhylə) sizin bilmədiyiniz şeyləri bilirəm. (84, 85, 86).

Xəbər lenti