Logo

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüş keçirilib

07.02.2022 17:44 782 baxış
IMG

Fevralın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev “Gateway Baptist Church” kilsələr şəbəkəsinin baş pastoru Brok Mak Donald və Flin Ronald İgne ilə görüşüb.

Dövlət Komitəsindən "Tehsil.biz"ə verilən məlumata görə, qonaqlara Azərbaycandakı dini mühit, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verən Komitə rəsmisi ölkəmizdə hökm sürən yüksək tolerantlıq və birgəyaşayış modelinə diqqət çəkərək bildirib ki, bütün xalqların mehriban və bir-birinin adət-ənənəsinə hörmət ruhunda yaşaması həm tarixən, həm də bu gün malik olduğumuz ən böyük mənəvi dəyərlərdən biridir. Bu dəyər həm də ölkəmizin inkişafının və ictimai-siyasi sabitliyinin mühüm şərtləri sırasında yer alır. S.Nağıyev Azərbaycandakı müxtəlif dini konfessiya nümayəndələri, həmçinin etnik qruplar, onların əsrlərboyu qarşılıqlı anlaşma şəraitində yaşaması, eləcə də, multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə danışıb. Bildirib ki, dövlətin başlıca məqsədi ümumbəşəri dəyərlər üzərində qurulan fərqli dinlərin nümayəndələrinin birlikdə, tolerantlıq mühitində yaşamalarını təmin etməkdir. 

44 günlük Vətən müharibəsində qazandığımız qələbənin əsasında Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti ilə yanaşı, milli-dini həmrəyliyimizin dayandığını vurğulayan sədr müavini bu həmrəyliyin Qələbədən sonrakı dövrdə də - ermənilər tərəfindən vandalizmə məruz qalan tarixi-dini abidələrimizin bərpa edilməsi prosesində davam etdirildiyini bildirib. Qeyd edib ki, işğaldan azad olunan torpaqlarımızda İslam tarixi-dini abidələri ilə yanaşı, qeyri-islam abidələri də yenidən qurulur və bərpa edilir.

Səfərindən məmnunluğunu ifadə edən Brok Mak Donald ölkəmizdə bütün dinlərin nümayəndələrinin bərabərhüquqlu fəaliyyət göstərmələri üçün hər cür şəraitin yaradılmasının əyani şahidi olduğunu vurğulayıb. Bunu tolerantlığın bariz nümunəsi kimi qiymətləndirən qonaq dini icmaya göstərilən dəstəyə və qayğıya görə minnətdarlığını bildirib.

Görüşün sonunda qonaqlara Dövlət Komitəsinin nəşr etdirdiyi Azərbaycandakı tolerantlıq mühitindən bəhs edən kitablar təqdim edilib.

Xəbər lenti