Mədəniyyət naziri Anar Kərimov Türkiyənin “Daily Sabah” qəzetinə müsahibə verib.
Tehsil.biz xəbər verir ki, müsahibəsində mədəniyyət sahəsində gerçəkləşdirilən bir sıra mühüm layihə və yeniliklərdən bəhs edən A. Kərimov tarixi ərazimiz Qarabağın işğaldan azad olunmasından sonra tarixi abidələrin bərpa işləri barədə də danışıb.
Prezident İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsinin əhəmiyyətini xüsusi vurğulayan A. Kərimov mədəniyyət nazirliyinin üzərinə düşən şərəfli və vacib öhdəliklərdən danışıb.
Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşanın həmçinin səfalı iqlimi, füsunkar təbiəti ilə də tanındığını qeyd edib. Bu il 270 yaşını qeyd edən qədim və gözəl Şuşanın tarixi keçmişi haqda geniş məlumat verib.
Nazir həmçinin həm 44 günlük Vətən müharibəsi, həm də tarixi Zəfərimizdən sonra qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin önəmindən danışıb. Azərbaycan və Türkiyə dövlət başçılarının Şuşa şəhərində imzaladıqları bəyannamənin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində əvəzsiz tövhə olduğunu bildirib.